Ömür də bir tarixdir
Sosial həyat

Ömür də bir tarixdir

...Biz özümüzü onun yetirmələri sayırıq. Çünki redaktorumuz olub, qəzetçilikdə ilk addımlarımızı atarkən nədən və necə yazmaq barədə tapşırıq və tövsiyələri ondan almışıq. Yazdıqlarımızı bəzən bəyənib, bir sözünü belə dəyişmədən çapa göndərib, bəzən də hər cümləsinə, hər abzasına əl gəzdirib, qırmızı qələmi ilə "şumladıqdan" sonra dərcinə qərar verib. Amma bütün hallarda öz insanlıq və redaktorluq xüsusiyyətinə sadiq qalıb: bizi daha yaxşı yazmağa, püxtələşməyə həvəsləndirib, jurnalistikada peşəkarlıq meyarlarına əməl etməyi öyrədib...

Bizim əziz müəllimimizin - Azərbaycanın Əməkdar jurnalisti, "Qızıl qələm" mükafatı laureatı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Bəbir Qüdrət oğlu Hüseynovun 90 yaşı tamam olur. Ömrün növbəti onilliyinə zəngin və ibrətamiz həyat hekayəsi ilə qədəm qoyan mətbuat veteranının yaşamı və yaradıcılığı taleyini jurnalistikaya bağlayan gənclər üçün, zənnimizcə, yaxşı bir örnəkdir.

Bəbir Hüseynov 26 dekabr 1932-ci ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olub, bu kənddə böyüyüb, orta təhsil alıb. Əvvəlcə Ağdam Pedaqoji Məktəbini, sonra Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Müəllim işlədiyi dövrdə intizamlı, məsuliyyətli pedaqoq kimi tanınıb, həmkarlarının da, şagirdlərinin də hörmət və ehtiramını qazanıb. İctimai-siyasi işlərdə fəallığı, təşkilatçılıq bacarığı, səlis və məntiqli nitqi ilə seçilib. Keçmiş sovetlər birliyinin hakimiyyət təmsilçiləri müxtəlif kütləvi tədbirlərdə, toplantılarda belə fəal kadrları görür, gələcəkdə onları idarəetmədə işləməyə namizəd kimi qeydə alır, yadda saxlayırdılar. Bəbir müəllim də məhz bu zəmində yerli siyasi hakimiyyət orqanında - rayon partiya komitəsində işə dəvət edilib, burada sıravi təlimatçı vəsifəsindən təbliğat-təşviqat şöbəsinin müdirliyinədək yüksəlib. Qeyd edək ki, rayon qəzetinin və radiosunun fəaliyyətinə nəzarət də onun vəzifə səlahiyyətlərinə aid idi. Özünün dediyinə görə, heç vaxt qəzet redaktoru olmaq, jurnalist fəaliyyətinə başlamaq istəyində olmamışdı. Buna görə də rayon rəhbərliyinin bu barədə təklifini əvvəlcə qəbul etməsə də, az sonra "Lenin yolu" qəzetinin redaktoru olmağa razılaşmışdı. Bu, otuz üç il bundan əvvəl, 1979-cu ilin dekabrında baş vermişdi...

Biz hər ikimiz həmin vaxt universitetin jurnalistika fakültəsinin qiyabi təhsil alan tələbəsi idik. Təşkilati baxımdan redaksiyadan asılılığı olmayan rayon mətbəəsində çalışırdıq və işimiz qəzetin çapı ilə birbaşa bağlı idi. Yəni oradakı kollektivi yaxından tanıyırdıq. Bir neçəsi universitetin jurnalistika fakültəsinin məzunu idi, aralarında müxtəlif rayonlarda qəzet redaktoru olanlar, vaxtilə respublika mətbuatında işləyənlər vardı. Necə deyərlər, xasiyyətləri də, yaradıcılıqları da artıq formalaşmış insanlarıydı və kimisə, nəyisə dəyişməyin mümkün olmadığı bir şəraitdə Bəbir müəllim, sözün həqiqi mənasında, inqilab etməliydi... Bunun üçün, ilk növbədə, kollektivin əsl lideri olduğunu - yəni həm redaksiya işinin təşkilində, həm də elə yaradıcılıq məsələlərində hamıdan üstün olduğunu təsdiqləməli idi.

Bir məsələni xüsusi qeyd etmək istərdik. Qarabağda erməni separatizmi baş qaldıranda, xalqımızın gələcəkdə üzləşəcəyi faciələrin ilk rüşeymləri boy verəndə Ağdamda ideoloji işin yükünü çəkənlərdən biri də Bəbir müəllim oldu. O, qəzet vasitəsilə vətənpərvərlik təbliğatının aparılmasına, xəyanətkar ermənilərin bədxahlıqları barədə məlumatların ictimaiyyətə çatdırılmasına, rayon fəallarının Qarabağ uğrunda mübarizəyə səfərbər olunmasına böyük əmək sərf etdi. Həmin dövrdə biz də artıq redaksiyada ştatlı əməkdaşlar kimi çalışırdıq və qəzetin ətrafda baş verən hadisələrə doğru-dürüst reaksiyasının təmin olunması üçün redaktorumuzun tapşırıqlarını yerinə yetirirdik.

Bəbir müəllim Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra "Ağdam" adı ilə çıxan rayon qəzetində redaktorluq fəaliyyətini davam etdirib, məcburi köçkünlüyün mərhumiyyətlərini yerli camaatla birlikdə yaşayıb, qəzeti onların yurd həsrətinin, arzu, istək və müraciətlərinin tribunasına çevirib. Redaktorluqdan 1998-ci ildə ayrılsa da, jurnalistikadan, yaradıcılıqdan bir an belə uzaq düşməyib. Müxtəlif mətbu nəşrlərdə müntəzəm öz yazılarını dərc etdirib. "Ömürdən qalan izlər", "Həyat illərin aynasında", "Qarabağ tarixindən səhifələr" adlı 3 sanballı kitabın müəllifidir. Üstəlik, cavanlıq vaxtlarında olduğu kimi, ömrünün ahıl çağında da ictimai-siyasi fəal kimi öndədir, xüsusən mətbuatla, yaradıcı insanlarla bağlı tədbirlərdə onu tez-tez görürük. Sakini olduğu Bakı şəhərinin Nərimanov rayonunda isə Bəbir müəllim Ağsaqqllar Şurası İdarə Heyətinin üzvüdür. Həm Şuranın, həm də Yeni Azərbaycan Partiyası rayon təşkilatının keçirdiyi yığıncaq və tədbirlərdə iştirak edir. Azərbaycan tarixi, milli-mənəvi dəyərlərimiz, ulu öndər Heydər Əliyevin ictimai-siyasi irsi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ zəfəri, doğma yurda qayıdış kimi mövzulara dərindən bələdçiliyi veteran jurnalist-tarixçiyə istənilən auditoriya üçün maraqlı həmsöhbət olmaq imkanı verir. Bəbir müəllim ulu öndər Heydər Əliyevin Ağdam rayonuna səfərlərinin iştirakçısı, dahi şəxsiyyətin tövsiyə və tapşırıqlarının şahidi olub.

Təhsil və karyerada uğurlar, dövlət işində təqdirəlayiq fəaliyyət, mətbuata 40 ildən artlq bağlılıq öz yerində, Bəbir müəllimin ömür gündəliyinin ən dəyərli səhifəsi onun ailəsidir. Üç il əvvəl haqqın dərgahına qovuşan rəhmətlik həyat yoldaşı Şükufə xanım uzun müddət Ağdam doğum evinun baş həkimi vəzifəsində işləyib. Onların ailəsində iki oğul, iki qız dünyaya gəlib. Hazırda Bəbir müəllim çox böyük sərvət sahibidir, 10 nəvəsi, 8 nəticəsi var. Allah hamısının üstündə yar olsun!

Özümüzə ustad saydığımız dəyərli ziyalının, elimizin-obamızın nüfuzlu ağsaqqalının 90 illik yubileyi barədə qeydləri xoş duyğularla qələmə alırıq. Bəbir müəllim də ömrünün bu ahıl çağında torpaqlarımızın, doğma Ağdamın, Novruzlunun işğaldan azad edilməsinə hədsiz dərəcədə sevinir. Və inanır ki, qüdrətli Azərbaycan dövləti, onun müdrik rəhbəri İlham Əliyev ata-baba ocağımızın da tezliklə abadlaşdırılmasına nail olacaq. Biz də ümidvarıq ki, növbəti yubileyləri yenidən qurulan Ağdam şəhərində qeyd edəcəyik. Yüz yaşayın, Bəbir müəllim!

Elşən ƏLİYEV.

Salman BABAYEV.