Olmadığı kimi görünən Fransa
Digər xəbərlər

Olmadığı kimi görünən Fransa

Keçmiş məcburi köçkün, adi vətəndaş və jurnalist kimi uzun illər məni bir sual düşündürüb. Səfalət və kasıblıq içində boğulan, dövlətçilik ənənəsi olmayan, başqasının torpaqlarında məskunlaşan və sonradan həmin yerləri işğal edən, terrorçuluğu və hərbi cinayətləri dövlət siyasəti səviyyəsinə qaldıran, Azərbaycan türklərinə qarşı soyqırımı törədən Ermənistanla Fransanı yaxınlaşdıran, ona "bacılıq" edən, ermənidən çox ermənilik etməyə sövq edən nədir? Sualın cavabı tarixin səhifələrində və zamanın gərdişində daha aydın görünür.

Ermənistan və Fransa imperiya xislətinə, işğalçılıq siyasətinə, başqa xalqlara qarşı irqi ayrı-seçkiliyə, insan hüquqlarını tapdalamağa görə mənşəcə bir-birinə daha yaxın və daha çox bağlıdırlar. Xeyli müddətdir ki, Fransada pensiya islahatlarına etiraz edən xalqın Parisin küçələrində keçirdikləri aksiyalar polis tərəfindən qəddarlıqla dağıdılır, insanların üzərinə qaz bombaları atılır, su şırnağı ilə təzyiqlər göstərilir, polis dəyənəyi altında qalan etirazçıları küçə boyu yerdə sürüyür və təpikləyirlər. Bütün bu rüsvayçılığın qarşısında Avropanın mərkəzində başda prezident Makron olmaqla dövlət rəsmiləri çəkinmədən və utanmadan Fransada demokratiyadan, insan haqlarından, başqa dəyərlərdən danışırlar. Bu, onu göstərir ki, Fransa iqtidarı riyakarlığa, eqoizmə, yalan və böhtana adətkar olub. Halbuki, bu ağızdolusu danışdıqları heç bir demokratiyaya və əxlaqa sığmır. Öz gözündə tiri görməyən Fransa hökuməti başqalarının gözündə tük axtarır, özlərini deyil, özgələri günahlandırmağa cəhdlər edir. Nəzərə alaq ki, fransalı siyasətçilər Azərbaycana qarşı həmişə qərəzli mövqedən çıxış ediblər, otuz ilə yaxın Qarabağda münaqişənin həllini üzərinə götürən ATƏT-in keçmiş Minsk qrupunun fransalı həmsədri daha çox ermənipərəst mövqe nümayiş etdirib. Yəni Fransanın bir çox siyasilərinin Azərbaycana qarşı qərəzi və kini onların çürük mənəviyyatının göstəricisidir. Həm də olmadığı kimi görünən Fransa öz problemlərini həll etmək yerinə ermənilərin vəkili rolunda çıxış etməklə daha çox məşğul olur. Görəsən, bu haqqı onlara kim verib, Fransa Ermənistanı qoltuğunun altına almaqda hansı məqsədi güdür?

Fransanın Over Ron-Alp regional şurasının sədri Loran Vokiye mart ayının son günlərində Ermənistana səfər edib. O, martın 29-da Laçın yolunun Ermənistana birləşən hissəsinə gedərək Azərbaycan və Türkiyəyə yönəlmiş siyasi mesajlar verib. 2027-ci il prezident seçkilərində namizəd olmağa hazırlaşan Loran Vokiye Qarabağa gedərək oradakı ermənilərə humanitar yardım aparmaq istədiyini bildirib. Görünür, Loran da erməni lobbisinin pul kisəsindən asılı vəziyyətə düşüb, onların diqtəsi ilə danışır. Əslində, rüşvət və korrupsiya Avropadan, xüsusilə Fransadan epidemiya kimi bütün dünyaya yayılıb. Dövlətimizin icazəsi olmadan torpaqlarımıza keçən Loran öz fransız əxlaqına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik göstərib. Qaldı ki, onun Xankəndi və ətraf ərazilərdə yaşayan ermənilərə yardım aparmasına, həddini bilməyən həmin fransalıya xatırladaq ki, Rusiya sülhməramlılarına, həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edirlər. Dinc ekoloji aksiyanın davam etdiyi günlər ərzində Rusiya sülhməramlıları və BQXK-yə məxsus 5600-dən çox avtomobil Laçın-Xankəndi yolundan maneəsiz keçib. Qeyd edək ki, martın 30-da Xankəndidən Laçına və əks istiqamətdə Rusiya sülhməramlılarına məxsus 100-dən çox təminat-təchizat və minik avtomobili maneəsiz gedib-gəlib. Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir əngəl törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər isə qarşı tərəfin növbəti dezinformasiyasıdır. Göründüyü kimi, Qarabağda yaşayan ermənilərin həm Rusiya sülhməramlıları, həm də Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən bütün tələbatları ödənilir. İstənilən mallar, humanitar yardımlar çatdırılır. Onların heç bir şeyə ehtiyacları yoxdur. Loran kimilərinin məqsədi burada vəziyyəti gərginləşdirmək və fransızsayağı labirint qurmaqdır. Erməni rüşvətindən cürət alan və həddini aşan Loran Vokiyenin Azərbaycanın keçmiş işğal altında olan ərazilərində yaradılmış qondarma separatçı rejimin "nümayəndəsi" ilə görüşü qanunsuz rejimin təbliğatına hesablanıb və Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı fəaliyyət kimi qiymətləndirilir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən Fransanın Overn-Rona-Alplar bölgəsinin regional şurasının sədrinin açıqlamasına münasibət bildirilib və qeyd edilib ki, Fransanın rəsmi qurumları bu kimi təhrikçi və təxribatçı fəaliyyətlərə son qoymalıdır. Azərbaycan Respublikasının qanunvericiliyi, eləcə də beynəlxalq tanınmış qaydalara və normalara uyğun olaraq Azərbaycanın suveren ərazilərində hər hansı bir humanitar fəaliyyət Azərbaycan hökuməti ilə razılaşdırılmalı və əlaqələndirilməlidir.

Əslində, Fransadan və bəzi siyasilərdən, Fransa senatından ədalət gözləmək absurddur, işğalçının kirli və qara xisləti onların bəd niyyətindən xəbər verir. Dünya tarixinin silinməz səhifələrinə Fransa öz adını müstəmləkəçi, işğalçı, ərəblərə qarşı soyqırımı törədən dövlət kimi yazıb. Təkcə işğal etdiyi Əlcəzairdə 1,5 milyon insanı qətlə yetirən Fransa öz keçmişini unudaraq indi haqqdan, ədalətdən, demokratiyadan, insan haqlarından dəm vurur, imperiya xislətindən əl çəkmək istəmir. Afrika ölkələrinin böyük əksəriyyətini işğal altında saxlayan Fransa həmin ərazilərdə hərbi bazalar yerləşdirib və Fransanın müstəmləkəçilik siyasətinə qarşı həmin ölkələrdə baş verən etirazlara biganə qalır.

Fransanın törətdiyi ən qəddar cinayətlərin bəzilərinə nəzər salanda insanı dəhşət bürüyür. Belə ki, 1832-ci ildə Fransanın müstəmləkəsində olan El-Uffia qəbiləsi gecə yatdığı yerdə fransız əsgərləri tərəfindən qılıncdan keçirilib, qadınlar və uşaqlar da daxil olmaqla, 12 min nəfər öldürülüb. 1945-ci ildə Setif şəhərində 45 min əlcəzairli öldürülüb, 5 minə yaxın insan həbs olunub, 99 nəfər edam, 64 nəfər ömürlük katorqa cəzalarına məhkum edilib. 1961-ci il oktyabrın 17-də on minlərlə əlcəzairli Fransa işğalını pisləmək üçün Parisdə nümayişə çıxıb. Fransa polisinin açdığı atəş və etirazçıların Sena çayına atılması nəticəsində 1500-ə qədər əlcəzairli qətlə yetirilib, mindən çox şəxs həbs edilib. Bu hadisə tarixə "Sena qətliamı" kimi daxil olub. XVI əsrdən müstəmləkəçilik siyasəti yürüdən Fransanın II Dünya müharibəsindən əvvəl işğal etdiyi ərazilər 13,5 milyon kvadratkilometr olub. Öz ərazisindən 20 dəfə böyük bir coğrafiyada talançılıq və qətllər törədən Fransanın oxşar çirkin əməlləri və hərbi cinayəti törədən Ermənistanı müdafiə etməsi eyni xislətin nəticəsidir.

Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun martın 2-də Bakıda keçirilən Zirvə görüşündəki çıxışında Fransanın müstəmləkəçilik siyasətini sərt tənqid etməsi açıq səmada şimşək effekti yaratdı və Fransanın müstəmləkəçilik siyasətini davam etdirməsinə sərt etirazını bildirdi. Dünya gündəmini zəbt edən həmin çıxışda Qarabağın otuzillik işğalı dövründə Ermənistanı açıq şəkildə dəstəkləyən Fransaya çağırış edildi və Qoşulmama Hərəkatının təməl sənədlərində əks olunduğu kimi, Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırdı. "Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır", - deyən dövlətimizin başçısı Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə dəvət etdi.

Fransanın ikili siyasəti və tərəfkeşliyi, ermənipərəstliyi, ermənilərin pul kisəsindən asılılığı məcbur edir ki, həmin dövlət hər vasitə ilə Azərbaycanın daxili işlərinə müdaxilə etsin. Yanılırlar, Azərbaycan müstəqil siyasət aparan, güclü və demokratik bir dövlət olduğunu dəfələrlə sübut edib. Sadəcə onu görmək və anlamaq lazımdır. Ermənistana, onun havadarlarına, "bacılıq" etdiyi dövlətlərə dövlətimizin başçısı İlham Əliyev növbəti dəfə xəbərdarlıq edərək bildirib ki, Ermənistan bu gün bilmir hansı qanadın altında özünə yeni himayədar tapsın. Bütün dünyaya öz satqınlığını, nankorluğunu bir daha göstərir. İndi özü üçün yeni ağa axtarışındadır. Bilmir kimin ayağının altına yıxılsın. Bunun heç bir xeyri olmayacaq. Ermənistanın 29 min kvadratkilometr ərazidə rahat yaşaması üçün bir şərt var - bizim şərtlərimizi qəbul etməli, rəsmən Qarabağı Azərbaycan ərazisi kimi tanımalı, bizimlə sülh müqaviləsi imzalamalı, bizim şərtlərə əsasən, delimitasiya işlərini aparmalıdır. Ancaq bu təqdirdə ermənilər 29 min kvadratkilometr ərazidə, hansı ki, indi onlar ancaq bunu istəyirlər, rahat yaşaya bilərlər.

Salman ALIOĞLU,

"Respublika".