Azərbaycanın yüksələn nüfuzu düşmənlərimizin qısqanclığını artırır
Digər xəbərlər

Azərbaycanın yüksələn nüfuzu düşmənlərimizin qısqanclığını artırır

Keçmiş zamanlardan dövlətlər arasında dəyişilməz olan bir qanun hökm sürür: elçi sifətində olan nümayəndə toxunulmazdır. Belə bir deyim də var: elçiyə zaval yoxdur. Lakin "dövlətçilik" anlayışı olmayan bir sıra ölkələr bu qaydanı görməzdən gəlir. Heç bir qeyri-qanuni hərəkətlərə yol verməyən Azərbaycan səfirlikləri isə nədənsə, həmişə gözə batır. İlkin olaraq başlayaq elə "yaxın dostumuz" olan ölkələrdən. Təəssüf ki, ötən il də anti-Azərbaycan qüvvələri, Fransa və elə erməni-fars qardaşları dinc dayanmadılar. "Əlbir olub bir ayı bir şir ilə" prinsipinə əsaslanıb nəsə etməyə qərar verdilər.

Ötən il iyunun 16-da Azərbaycanın Fransadakı səfirliyində "ERE TV" telekanalında hazırlanan və yayımlanan "Qarabağa gedən yol" filminin ilk nümayişi zamanı erməni-fars qardaşları Mədəniyyət Mərkəzinin binasına zərər verdilər. Əlbəttə ki, bu da planlanlaşdırılmış bir məsələ idi. Maraqlıdır, yəqin Fransa hökuməti və onun polisləri həmin gün yuxulu olublar. Çünki bu hücumun qarşısını alan, bir "Dur!" deyən olmayıb. Bu da təəccüblü deyil. İllərdir Fransanın ermənipərəst mövqeyi bütün dünyaya bəllidir. Paşinyanın ən yaxın dostu Makron bu hadisəylə bağlı heç bir narahatlığını dilə gətirmədi. Əsl dost gərək ona doğru yolu göstərsin, həqiqətləri başa salsın. Amma Makron da elə Paşinyanla eyni yolun yolçusudur. Əlbəttə, İran lideri Rəisini də unutmamalıyıq. Son hücumdan sonra anladıq ki, İran siyasi və diplomatik məsələlərin qanunlar çərçivəsində həllindən çox-çox uzaqdır. Üstündən cəmi 3 ay vaxt keçməmiş Livandakı Azərbaycan səfirliyinə basqın edildi. Hətta bu dəfə daha da irəli gedərək təhlükəsizlik qüvvələrinə də hücum oldu.

Ötən ilin sentyabrında terrorçular Azərbaycanın Fransadakı diplomatik korpusuna ziyan vurmağa çalışdılar. Əvvəl olduğu kimi, Fransa polisi bu dəfə də işə qarışmayıb, məsələni korpusun əməkdaşı həll etməli oldu. Bu hadisələrin ardınca Fransa dünya ictimaiyyətinin gözünü boyamaq məqsədilə mediaya qeyri-səmimi açıqlamalar verdi. Fransa digər ölkələrdə də Azərbaycan səfirliklərinə qarşı terror aksiyalarını, təxribatları pislədiyini və şiddətlə qınadığını dilə gətirdi. Lakin məlum məsələdir ki, bu, gözə kül üfürməkdən başqa bir şey deyildir.

Erməni-fars qüvvələri yenə də dinc dayanmadılar. Yanvarın 27-də səhər saatlarında "Kalaşnikov" markalı avtomatla silahlanan şəxs Azərbaycanın İrandakı səfirliyinin mühafizə postundan rahatlıqla keçərək, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb. İran mediası isə hadisənin məişət zəminində baş verdiyini və bu addımın heç bir siyasi tərəfinin olmadığını bəyan edib. Bəs məişət problemi olan iranlı niyə Azərbaycan səfirliyinə hücum edir? Niyə öz ölkəsinin rəsmi strukturları əvəzinə, Azərbaycan səfirliyini hədəf alır? Məgər onun məişət probleminin səbəbkarı Azərbaycan və ya azərbaycanlı diplomatlardır? Aydın məsələdir ki, İran tərəfi bu məsələni ört-basdır etməyə çalışır. Lakin yayımlanan videodan da bəllidir ki, hücum edən şəxs buna ciddi formada hazırlaşıb. Əgər səfirliyin əməkdaşı bu hadisənin qarşısını almasaydı, orada çalışan bütün həmyerlilərimiz qətlə yetiriləcəkdi. Bu zaman İranın nəyi bəhanə edəcəyi isə bəlli deyil.

Bütün bu terror hadisələrinin başvermə tarixi və xronologiyası isə çox maraqlıdır. Belə ki, beş hücumdan dördü ötən il baş verib, yəni Azərbaycanın nüfuzunun artdığı və daha da gücləndiyi bir vaxtda. Səbəb bəllidir. İlk növbədə, haqq savaşımızda düzgün və ağıllı siyasət yürüdərək qalib gəlməyimiz, sonra isə işğaldan azad edilmiş bölgələrdə aparılan quruculuq işləri düşmən qüvvələrini çox narahat edir. Onlar Azərbaycana qarşı hər cür alçaq hərəkətlər törədirlər.

Sonda onu da qeyd edək ki, diplomatik əlaqələr haqqında 1961-ci il tarixli Vyana Konvensiyasına uyğun olaraq diplomatik nümayəndəliklərin təhlükəsizliyini qəbul edən ölkə təmin etməlidir. Bu mənada bütün məsuliyyət İran tərəfinin üzərinə düşür.

Töhfə SƏMƏDOVA,

"Respublika".