Media Təhlil Mərkəzi Heydər Əliyev Mərkəzinin, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin, ADA Universitetinin dəstəyi və "MAS" MMC-nin texniki köməyi ilə dövlət, qeyri-hökumət və digər təşkilatların mətbuat xidmətlərinin rəhbərləri üçün növbəti dəfə master-klas təşkil edib.
AZƏRTAC xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları iş və kommunikasiya şöbəsinin əməkdaşı Cəmalə Əliyeva qeyd edib ki, təlimin məqsədi ölkədə həyata keçirilən media və kommunikasiya islahatlarına töhfə vermək, kommunikasiya sahəsinin hazırkı dinamik mühitdə inkişafını təşviq etmək, kommunikasiyaya məsul şəxslərin bilik və bacarıqlarını daha da təkmilləşdirməkdir.
Media Təhlil Mərkəzinin baş mütəxəssisi Yunis Orucov isə çıxışında bildirib ki, MTM tərəfindən növbəti dəfə təşkil olunan beynəlxalq təlim mətbuat xidmətlərinin rəhbərlərinin peşəkar bacarıqlarının daim təkmilləşdirilməsi və inkişafı, bu sahədə effektivliyin artırılması məqsədi daşıyır: "Təlim müddətində iştirakçılar müzakirələrə qoşulacaq, sosial media təşəbbüslərinin inkişaf etdirilməsi ilə bağlı sessiyalarda iştirak edəcəklər. Əminəm ki, bugünkü təlimdə veriləcək məlumatlar onlar üçün çox faydalı olacaq", - deyə o diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, təlimin təşkil edilməsində əsas məqsəd ictimaiyyətlə əlaqələrə məsul şəxslərin peşəkar bacarıqlarının təkmilləşdirilməsi və inkişaf etdirilməsi, kommunikasiya sahəsində ən son tendensiyaların və qabaqcıl təcrübələrin öyrənilməsi, effektiv ünsiyyətin təmin edilməsi, dövlət və qeyri-hökumət təşkilatları ilə ictimaiyyət arasında qarşılıqlı münasibətlərin möhkəmləndirilməsidir. Əhməd İsmayılov vurğulayıb ki, qurum və təşkilatların kommunikasiya siyasətinin təhlili və tədqiqi, uğurlu modellərin araşdırılması, faydalı metodik mexanizmlərin və texnikaların müəyyən edilməsi PR menecerlərin fəaliyyətinin səmərəliliyinin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Media Təhlil Mərkəzi yerli media nümayəndələrinin, xüsusilə də mətbuat xidmətlərinin rəhbərlərinin peşəkar bacarıqlarının təkmilləşdirilməsinin və inkişafının vacibliyini, bu sahədə effektivliyin artırılmasının zəruriliyini nəzərə alaraq beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində artıq ikinci dəfə baş tutacaq master-klası London şəhər Universitetinin jurnalistika üzrə professoru, "The Media Society" təşkilatının vitse-prezidenti, İcmalar Palatasında media məsləhətçisi kimi çalışan Barni Cons və qlobal kampaniyaların, mürəkkəb məsələlərin idarə edilməsi sahəsində təcrübəli kommunikasiya və marketinq üzrə mütəxəssis Tobi Orr aparacaq.
Müxtəlif sessiyaları əhatə edəcək 3 günlük təlim mayın 3-5-də ADA Universitetində keçiriləcək. İştirakçılar müsahibələr yolu ilə fərqli və peşəkar müzakirələrə qoşulacaq, sosial media təşəbbüslərinin inkişaf etdirilməsi ilə bağlı praktiki sessiyalarda iştirak edəcəklər. Sonda iştirakçılara sertifikatlar təqdim olunacaq.
Qeyd edək ki, master-klasın keçirilməsində əsas məqsəd mətbuat xidmətlərinin rəhbərlərinin işini daha da təkmilləşdirmək, onların fəaliyyətini müasir kommunikasiya sistemlərinə uyğunlaşdırmaq və şəffaflığı təmin etməkdir.