Nurəddin İbrahimov
Sosial həyat

Nurəddin İbrahimov

Tariximizin qızıl səhifəsidir hər şəhid ömrü. Qarabağ odlara qalananda, gülüstan çöllərimizə faşist xislətli ermənilər göz dikəndə də Vətənin say-seçmə oğullarından olan Nurəddin İbrahimov silaha sarılıb odlu səngərlərə üz tutdu, torpaqlarımızın müdafiəsinə qalxdı. Vətənimizin ərazi bütövlüyünün qorunub saxlanılmasında şücaət göstərdi...

Nurəddin İbrahimov 16 mart 1951-ci ildə Bakı şəhərinin Buzovna qəsəbəsində dünyaya göz açmışdır. O, 1969-cu ildə orta məktəbi bitirmiş, ordu sıralarında xidməti dövründə hərbi texnikanın sirlərini mükəmməl öyrənmişdir.

Hərbi xidmətini başa vurduqdan sonra Bakı Aqreqatlar Zavodunda əmək fəaliyyətinə başlamışdı.

1975-ci ildə Nurəddin İbrahimov BAM-a işləməyə göndərildi. 1978-ci ildə İrkutsk Şəhər Daxili İşlər İdarəsində işə qəbul olundu. Milis orqanlarında işləmək həvəsi Nurəddini 1981-ci ilin mayında SSRİ Daxili İşlər Nazirliyinin Xabarovsk Şəhər Ali Milis Məktəbinə gətirib çıxardı. Çox keçmədən İrkutsk şəhərində baş sahə inspektoru vəzifəsinə təyin olundu. N.İbrahimov 1986-cı ildə hüquqşünas ixtisası üzrə təhsilini müvəffəqiyyətlə başa vurdu. 1986-cı ildə "Əla xidmətə görə" medalı ilə təltif olundu. Nurəddin İbrahimov bir müddət sonra cinayət axtarışı şöbəsinin rəisi vəzifəsinə təyin edildi. 1989-cu ildə o, İrkutsk şəhər sovetinə deputat seçildi.

Həyatın silinməz bir qanunu var.

Mərdi axtarmazlar namərd atında,

Torpağı uğrunda şəhid olanlar,

Yaşayır göylərin yeddi qatında.

1990-cı ildə Nurəddin Vətənə döndü və Laçın Rayon Daxili İşlər Şöbəsində sahə müvəkkili kimi işə başladı.

Bir çox uğurlu əməliyyatların iştirakçısı olan Nurəddin ağır döyüşlərin birində yaralandı, bir müddət hərbi hospitalda müalicə olundu. 1991-ci ildə səhhəti ilə əlaqədar işini Bakı Şəhər Xəzər Rayon Daxili İşlər Şöbəsində davam etdirdi. Nurəddin cəbhə xəttindən uzaqda olmasına baxmayaraq, tez-tez döyüş bölgələrinə gedir, polis yoldaşlarına yaxından köməklik göstərirdi. 1993-cü ildə Kosalar kəndi və Cəbrayıl uğrunda gedən döyüşlərdə əsl qəhrəmanlıq göstərmiş, polis mayoru rütbəsinə yüksəlmişdi.

Nurəddin İbrahimov 1995-ci il fevral ayının 10-da Binə qəsəbəsində cinayətkar dəstənin zərərsizləşdirilməsi zamanı xüsusi qəhrəmanlıq göstərərək həlak olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 1995-ci il tarixli 424 saylı fərmanı ilə İbrahimov Nurəddin İslam oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.

O, Buzovna qəsəbə qəbiristanlığında dəfn edilmişdir. Buzovna qəsəbəsindəki küçələrdən biri və buradakı mədəniyyət evi onun adını daşıyır. Mədəniyyət evinin qarşısında qəhrəman Vətən oğlunun büstü qoyulmuşdur.

Qədir ASLAN,

"Respublika".