Füzuli şəhərinə qayıdan daha 28 ailəyə evlərinin açarları təqdim olunub
Sosial həyat

Füzuli şəhərinə qayıdan daha 28 ailəyə evlərinin açarları təqdim olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Növbəti köç karvanı ilə Füzuliyə çatan ailələrə mənzillərin açarları təqdim olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün 28 ailə olmaqla, 117 nəfər Füzuli sakini doğma yurduna qovuşub. Füzuli şəhərinə çatan ailələr Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən böyük coşqu ilə qarşılanıb. Onlar daha öncədən Füzulidə məskunlaşan həmyerliləri ilə görüşərək sevinc hisslərini paylaşıblar.

Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə ediblər.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Eldar Seyidov mənzillərin açarlarını ailələrə təqdim edib.

Bununla da Füzuli şəhərində 258 ailə olmaqla, 928 nəfərin daimi məskunlaşması təmin edilib. Qarşıdakı günlərdə Füzuli şəhərinə ailələrin köçürülməsi davam edəcək.