Azad Mirzəcanzadə: “Mənim ən böyük arzum budur ki, Azərbaycan öz intellekti ilə dünya bazarına çıxsın!
Sosial həyat

Azad Mirzəcanzadə: “Mənim ən böyük arzum budur ki, Azərbaycan öz intellekti ilə dünya bazarına çıxsın!"

Dünyada demək olar ki, bütün insanların ad günləri qeyd edilir. Uşaq ikən yalnız valideynləri və ən yaxın qohumları, bir az sonra sinif yoldaşları, yaşıdları, dostları həmin gün onun yanında olurlar. Zaman keçdikcə bu insan ətrafındakılardan seçilərək şəxsiyyətə  çevrilə bilirsə, onun ad günləri - 50, 60, 70 və s. illik yubiley tədbirləri geniş çərçivədə keçirilir.  Məşhur şəxsiyyətlərin arasında  elə seçilmişlər də olur ki, onlar öz əməlləri, xidmətləri, fərdi xüsusiyyətləri ilə yalnız yubileylərində yox, hər ad günündə, bəlkə də hər gün, hər saat  xatırlanırlar. Xalqımızın XX əsrdə yetişdirdiyi belə xoşbəxt insanlardan biri də universal zəka sahibi, zəngin  məntiqi təfəkkürlü görkəmli alim, aldığı məlumatı bir anda aşılayıb yeni keyfiyyətlərlə ideyalar çoxluğuna çevirmək bacarığına malik fitri istedad, geniş elmi maraqları olan unikal şəxsiyyət, ən mürəkkəb fikirləri  adi insanların başa düşəcəyi tərzdə şərh edə bilən mahir pedaqoq və digər qeyri-adi fenomenal xüsusiyyətləri ilə adı tarixə yazılmış akademik Azad Mirzəcanzadədir.

Zənnimcə, o, Azərbaycan elmində elə bir iz qoyub getmişdir ki, bugünkü  gənclik onu yaxşı tanıyır və bəlkə də onun titullarını və tərcümeyi-halını yazmağa ehtiyac yoxdur. Bu məqalədə qeyd edilməsə də, hamı bilir ki, 78 illik  ömründə insan nə edə bilərsə, hamısının artıqlaması ilə öhdəsindən gəlmiş Azad Xəlil oğlu Mirzəcanzadə ölkəmizdə neft və qaz mədən mexanikası, texnikası, texnologiyası və işlənməsi üzrə fundamental elmi istiqamətlərin banisi, Azərbaycan Milli Elmlər Akademiyası, Rusiya Təbiət Elmləri Akademiyası,  Başqırdıstan Elmlər Akademiyası və Ukrayna Neft qaz Akademiyasının həqiqi üzvü, Fəxri neftçi,  Fəxri qaz sənayesi işçisi, iki dəfə Azərbaycan Dövlət mükafatı,  üç dəfə İ.M.Qubkin adına mükafat, 2 dəfə "Qırmızı əmək bayrağı" ordeni, Azərbaycan Respublikasının "İstiqlal" ordeni laureatı, Azərbaycan Respublikasının Əməkdar elm və texnika xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olmuşdur.

Azərbaycan elminin inkişafında mühüm tarixi xidmətləri, tətbiqi mexanika və neft-mədən işləri sahəsində qiymətli tədqiqatları olan, neftin çıxarılmasında texnoloji proseslərin mexanikası, riyazi fizika metodlarının neft sahəsində tətbiqini  araşdıran akademik Azad Mirzəcanzadə mürəkkəb və şərəfli bir həyat yolu keçmişdir.

1928-ci il sentyabrın 29-da Bakıda anadan olmuş Azad Mirzəcanzadə 1936-cı ildə 14 nömrəli məktəbin birinci sinfinə getmişdir. Onun uşaqlıq və gənclik dövrü İkinci  Dünya müharibəsi illərinə təsadüf etmişdir. Sonralar həmin məktəb hərbi hospitala çevrildiyindən o, sinif yoldaşları ilə bərabər 18 nömrəli məktəbə köçürülmüşdür. Məktəbdə oxuduğu illərdə xüsusi riyazi qabiliyyəti ilə seçilən Azad  eksternat yolu ilə imtahan verərək vaxtından əvvəl - 15 yaşında orta məktəbi bitirmişdir.

Müharibənin yaratdığı ağır şərait, anası - Asya xanım və bacısı - İradə xanımla birgə yaşadıqları çətin həyat onu hələ gənc yaşlarından zəhmətə,  mübarizəyə  alışdırmışdı. 15 yaşından axşam fəhlə-gənclər məktəbində riyaziyyatdan dərs deməklə ailəsinə kömək edən Azad bu fəaliyyətini 1944-1951-ci illərdə orta məktəbdə dərs deməklə davam etdirmişdir.

Orta məktəbi bitirdikdən sonra o, Azərbaycan Sənaye İnstitutuna (indiki ADNSU) sənəd vermək istəyir. Yaşı az olduğundan onun sənədləri qəbul edilmir. Gənc Azad institutun rektoruna müraciət edir. Rektor institutun neft-mədən ixtisasında oxumaq istəyənlərin sayı az olduğundan, müstəsna hal kimi onun həmin fakültəyə qəbul olunmasına razılıq verir. Azadı dərin ağıl, böyük istedad sahibi hesab edən sinif  yoldaşları bu "ədalətsiz" qərarla razılaşmır və hətta "neftçi" ixtisasına qəbul olmağa razılıq verdiyinə görə onu qınayırlar. Azad cavabında deyir: "siz yerin təkinin hansı elmi imkanlarının olduğunu başa düşmürsünüz".

O, 1948-1958-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Neft İnstitutunda və Neft Ekspedisiyasında baş laborant, kiçik elmi işçi, böyük elmi işçi və şöbə müdiri vəzifələrində çalışmış, 1958-1968-ci illərdə Azərbaycan Neft Sənayesi Nazirliyi nəzdində Elmi Tədqiqat Neftçıxarma İnstitutunda, həmçinin 1966-1969-cu illərdə Moskvada SSRİ Elmlər Akademiyasının Mexanika Problemləri İnstitutunda laboratoriya müdiri olmuş, 1969-1973-cü illərdə SSRİ Elmlər Akademiyası və Neft Sənayesi Nazirliyinin müştərək laboratoriyasının, 1973-1989-cu illərdə keçmiş Ümumittifaq Elmi Tədqiqat Neft İnstitutunun neft-qaz dinamikası laboratoriyasının müdiri, 1992-ci ildən isə Azərbaycan Dövlət Neft Akademiyası (indiki ADNSU) nəzdində Neft-Qaz Geotexnoloji Problemləri və Kimya Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifələrində işləmişdir.

Azad Mirzəcanzadə həyatını gənc nəslin təlim-tərbiyəsinə həsr edərək 1951-1957-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) nəzəri mexanika kafedrasının dosenti, 1957-1959-cu illərdə professoru, 1959-cu ildən ömrünün sonunadək Azərbaycan Dövlət Neft Akademiyasında (indiki ADNSU) kafedra müdiri işləmişdir. Elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, Azad Mirzəcanzadə elmin təşkili və idarə olunması prosesində fəal iştirak edərək 1992-2001-ci illərdə Azərbaycan Ali Attestasiya Komissiyasının sədri olmuş, 1993-2001-ci illərdə Dövlət Elm və Texnika Komitəsinə rəhbərlik etmişdir.

Özünəməxsus xarakteri olan Azad Mirzəcanzadə ətrafındakı istedadlı insanlara çox diqqətlə yanaşardı, ancaq daha böyük uğurlar əldə etməsi naminə həmin insan hətta gözəçarpacaq elmi nailiyyətlər əldə edəndə belə, onu tərifləməzdi. Özünə də, ətrafdakılara da tələbkarlıqla yanaşan akademik deyərdi ki, "Mənim arzum özümdən sonra yolumu davam etdirən, məndən çox bilən, öz işini sevən professionallar yetişdirməkdən ibarətdir".

Ondan soruşanda ki, tələbələrinizin təhsilinə çox üstünlük verirsiniz, yoxsa intizamına,  belə deyərdi: "Nə oxumaq, nə də intizam əsas deyildir, bunlar ancaq nəticədir. Əsas isə insanın mənlik və talantının olmasıdır. Bu iki amil olduqda təhsil də, intizam da öz-özünə əmələ gəlir.

Düşünmədən cavab verdi ki, heç bir elm sahəsi riyaziyyatdan  ayrı deyil! Ədəbiyyatın özündə də riyaziyyat var. Yer üzündə elə bir sahə yoxdur  ki, orada riyaziyyat olmasın. Riyaziyyat bütün elmlərin açarıdır. İnformatika riyaziyyatdır, fizika riyaziyyatdır, ədəbiyyat, tarix, kimya,  coğrafiya,  biologiya   riyaziyyatdır.   Riyaziyyatsız  nə var? Heç nə! Ona görə də şagirdə birinci riyaziyyatı sevdirmək lazımdır.

Yaxşı xatırlayıram, Qərbi Azərbaycanın ucqar bir kəndində orta məktəbdə oxuduğum 1960-cı illərdə bizə riyaziyyatdan dərs deyən Mürsəl  müəllim böyük fəxrlə danışırdı ki, Bakıda bir cavan riyaziyyatçı-alim meydana çıxıb, deyilənə görə çox istedadlı adamdır, qeyri-adi zəkası var, 23 yaşında (o dövrdə!!!) namizədlik, 29 yaşında doktorluq dissertasiyası müdafiə edib, 34  yaşında Akademiyanın müxbir üzvü seçilib. Moskvanın və Rusiyanın bütün alimləri ona heyran qalıblar. Mürsəl müəllim ağızdolusu danışdıqca biz kənd məktəbinin şagirdləri ona heyranlıqla qulaq asır, haqqında danışdığı Azad müəllimi görmək arzusu ürəyimizi pörşələyirdi. O biri uşaqları  dəqiq deyə bilmərəm, şəxsən mənim Bakıya gəlib ali məktəbə daxil olmaq arzumu şərtləndirən səbəblərdən biri də Azad Mirzəcanzadəni görmək ehtirası idi. Ancaq mən onu ilk dəfə yaxından 1964-cü ildə Bakıya gəlişimdən 33 il sonra - 1997-ci ildə Bakı Dövlət Universitetinin rektoru olarkən görə bildim. Himnimizin sözlərinin müəllifi, istiqlal şairimiz Əhməd Cavadın oğlu Yılmaz Axundzadənin vasitəsilə tanış olduq. Mən bu böyük insanın nə qədər  unikal, qeyri-adi zəka  sahibi olduğuna məəttəl qaldım və uzun müddət gözlədiyim bu günü görməyimdən çox məmnun oldum, həm də 35 ildən artıq ürəyimdə  saxladığım bir sualı yarızarafat, yarıgerçək ondan  soruşdum:

- Azad müəllim, bizə orta məktəb müəllimimiz  Sizi riyaziyyatçı kimi tanıtmışdı.  Ancaq sonralar bildim ki, Siz neft-mədən ixtisası  üzrə təhsil almısınız və neft-qaz mexanikası sahəsində mütəxəssissiniz. Mənə doğma olan riyaziyyatın neftə nə qədər aidiyyəti var?

Düşünmədən cavab verdi ki, heç bir elm sahəsi riyaziyyatdan  ayrı deyil! Ədəbiyyatın özündə də riyaziyyat var. Yer üzündə elə bir sahə yoxdur  ki, orada riyaziyyat olmasın. Riyaziyyat bütün elmlərin açarıdır. İnformatika riyaziyyatdır, fizika riyaziyyatdır, ədəbiyyat, tarix, kimya,  coğrafiya,  biologiya   riyaziyyatdır.   Riyaziyyatsız  nə var? Heç nə! Ona görə də şagirdə birinci riyaziyyatı sevdirmək lazımdır.

Sonralar bildim ki, Azad müəllim özü yaratdığı 147 nömrəli Texniki-humanitar liseydə hər  şənbə  şagirdlərə mühazirə oxuyarkən məşhur riyaziyyatçı A.Kolmoqorovun    elmi işləri haqqında geniş məlumat verirmiş və  onlara riyaziyyatı sevdirməyə çalışırmış. Musiqi alətlərində professional şəkildə ifa etməyi bacaran Azad Mirzəcanzadə musiqi melodiyalarının strukturunda, qanın kapilyarlarda və damarların hərəkətində, neftin boru kəmərləri ilə axını və məsamələrdə süzülməsində riyazi məntiq elementlərinin olmasını sübut edirdi.

Akademik Azad Mirzəcanzadə Qərbi Sibirdə, Tümen vilayətində, Tatarıstanda, Almaniyada, Başqırdıstanda, Əlcəzairdə, Vyetnamda, Çində və digər ölkələrdə geniş elmi-pedaqoji fəaliyyətlə məşğul olmuş, 1962, 1965, 1966 və  1972-ci illərdə Polşada, 1965 və 1966-cı illərdə Almaniya Federativ Respublikasında, 1969, 1972 və 1986-cı  illərdə Almaniya Demokratik Respublikasının Frayberq şəhərində keçirilən konfranslarda,  1967-ci ildə Azərbaycanın  hökumət nümayəndə heyətinin tərkibində Kanada EKSPO-67 sərgisində, Yaponiya, Kanada, Rumıniya, Norveç və İngiltərədə keçirilən Beynəlxalq Elmi konqreslərdə, o cümlədən 1969-cu ildə Yaponiyanın Kioto şəhərində Beynəlxalq Hidravlik Tədqiqatlar Assosiasiyasının XIII konqresində iştirak etmiş və  Əlcəzair, Suriya, Türkiyə, Bolqarıstan və Vyetnamda neft sənayesi işçilərinə mühazirələr oxumuş və məsləhətlər vermişdir. Azad müəllim 1973-1987-ci illərdə Başqırdıstan Dövlət Universitetində, 1979-cu ildən ömrünün sonuna qədər hər il Ufada Neft və neft məhsullarının nəqli, yığımı və hazırlanması Ümumittifaq Elmi Tədqiqat İnstitutunda "Neft və neft məhsullarının boru kəmərləri ilə nəqlində hidrodinamika, texniki diaqnostika və təhlükəsizlik məsələləri" və 1967-ci ildən başlayaraq Almetyevsk, Kiyev, Tümen, Bakı, İvano-Frankovsk, Krasnodar və s. kimi şəhərlərdə hər il  "Yuyucu mayelərin və tamponaj  məhlulların hidravlikası" mövzularında elmi seminarlar keçirmiş və mühazirələr oxumuşdur. 1975-1985-ci illər ərzində Tümen şəhərində keçirilən "Neft-qaz mexanikasının problemləri" seminarlarına rəhbərlik etmişdir. Belə geniş beynəlxalq nüfuzunun nəticəsi idi ki, dərs dediyi universitetdən kənara bir addım atmayan, Rusiyanın bir çox tanınmış alimləri Azad Mirzəcanzadənin  dühası qarşısında heç bir söz demədən Bakıdakı elmi konfranslarda, simpoziumlarda məmnuniyyətlə iştirak edərdilər. Bunların sırasında SSRİ Elmlər Akademiyasının vitse-prezidenti akademik M.D.Millionşikov, akademiklər L.İ.Sedov, A.Y.İşlinski, S.A.Xristanoviç, P.A.Rebinder, X.A.Raxmatullin, A.A.İlyuşin, Q.Q.Çornıy, Yeryomenko, professorlar Q.İ.Barenblatt, L.A.Qalin, P.M.Oqibalov kimi dövrün məşhur alimləri var idi.

Yadımdadır ki, ABŞ-da, Çində, Norveçdə və Almaniyada xidməti ezamiyyətdə olarkən və həmin ölkələrdə Azad Mirzəcanzadənin görkəmli alim kimi tanındığını və dəyərləndirildiyini eşidərkən bir azərbaycanlı kimi qürur hissi keçirirdim.

Bu böyük alimin elmi irsinə dünyanın nüfuzlu jurnallarında çap olunmuş 500-ə yaxın elmi məqalə, 100-ə yaxın monoqrafiya, dərslik, dərs vəsaiti, 50 ixtira  və elmi kütləvi əsərlər  daxildir.

Fikrimizcə, akademik Azad Mirzəcanzadə dünyanın nadir alimlərindən biri, bəlkə də  yeganə şəxsdir ki, elmi fəaliyyəti ərzində 100-ə yaxın elmlər doktoru, 300-dən çox elmlər namizədi yetişdirmişdir. Bu sahədə dünya üzrə dəqiq hesabat aparılsaydı, Azad müəllim hətta Ginnesin rekordlar kitabına da düşə bilərdi, çünki bir  ömür ərzində bu qədər doktorluq və namizədlik işinə rəhbərlik etmək, 400 ideya, yeni mövzu, istiqamət müəyyənləşdirmək, onları həyata keçirmək üçün qeyri-adi istedad sahibi, parlaq və fenomenal insan, yorulmaz və fədakar alim, çoxşaxəli fəaliyyəti uzlaşdıran şəxsiyyət olmaq lazım idi. Həm də yetişdirdiyi alimlər yalnız  Azərbaycan vətəndaşları olmayıblar, 20-yə yaxın ölkənin kadrları ilə paralel işləyərək akademik Azad Mirzəcanzadə  ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsində öz xidmətlərini göstərib. Qeyd edim ki, Azad müəllimin rəhbərliyi ilə yalnız Başqıdıstanda 34 nəfər elmlər namizədi, 18 nəfər elmlər doktoru hazırlanmışdır. Ondan soruşanda ki, bir rəhbərin 400 alim yetişdirməsi nə qədər realdır? Cavabında belə deyərdi: "Mənim yüzlərlə ideyalarım olmuşdur ki, həmin ideyalar həm geologiya, həm qazma, həm neft və qazın hasilatının,  nəqlinin, mədən mexanikasının və s. elm sahələrinin əsaslarının formalaşmasına xidmət etmişdir. Beləliklə, bir ideya bir neçə istiqamətin elmi bünövrəsini təşkil edərsə, onda burada qeyri-adi bir şey yoxdur".

Azad müəllim azad adam idi - zəkası insan təxəyyülünün çata biləcəyi ən uzaq nöqtələrinə qədər inkişaf etmiş bu şəxsiyyətin məhdudiyyətsiz  təfəkkürü kimi, hərəkətləri, münasibəti, qərarları da çərçivəsiz idi. Onun üçün kiminsə vəzifəsi, hökmü, səlahiyyəti, yaxud imkanı, nüfuzu, var-dövləti heç bir əhəmiyyətə malik deyildi. Dünyanın ali, xüsusi istedadlı dahi şəxsiyyətlərin əksəriyyəti kimi onun üçün də həqiqət, ədalət, mərdlik, əyilməzlik hər şeydən yüksək idi. Ali Attestasiya Komissiyasının və Dövlət Elm və Texnika Komitəsinin  sədrliyi kimi yüksək vəzifələrdən  istefa verəndə də, Azərbaycan Dövlət Neft Akademiyasının  (indiki  Azərbaycan Dövlət Neft və Sənaye Universiteti)  kafedra  müdirliyindən "papağını götürüb gedəndə" də Azad müəllim heç kəsin qarşısında əyilmədi, həmişə kişi jesti etdi. Onun  nəinki sınmağını, hətta bir balaca əyilməyini görmək istəyən bədxahlarının arzusu isə həmişə ürəklərində qaldı.

Gördüyü və həyata keçirdiyi bu ölçüyəgəlməz işlərin, xidmətlərin müqabilində Azad müəllim "Mən hələ xalqıma çox borcluyam" deyirdi. Bu, əsl Azad Mirzəcanzadə milli vətəndaşlığı idi. O, öz mövqeyi, məhsuldar əməyi, parlaq ideyaları, yüksək mədəniyyəti, mənəviyyatı, şəxsi nümunəsi ilə bütün məsləkdaşlarını elmi axtarışların əlçatmaz zirvəsinə sövq edir, doğma Azərbaycanımıza vicdanla, ləyaqətlə xidmət etməyə səsləyirdi.

Xatirimdədir, Azad müəllim Ali Attestasiya Komissiyasının sədri işlədiyi  9 il ərzində onu müxtəlif yollarla ələ almağa çalışan saxta alimlərin birini də yaxın buraxmırdı, bir insan kimi nə qədər humanist,  xeyirxah olsa da, bu məsələdə çox sərtlik, prinsipiallıq nümayiş etdirirdi. Ən maraqlısı budur ki, ixtisas baxımından mexanik olsa da, bu adam o qədər zəngin və hərtərəfli biliyə malik idi ki, istər filologiya, tarix, hüquq, ya tibb sahəsi olsun, istərsə də elmin yeni istiqamətlərindən biri, AAK-a gələn  dissertasiyaları özü vərəqləyib onun elmi səviyyəsini müəyyən edirdi, yalnız bundan sonra  ekspert komissiyasına göndərirdi. Böyük zəhmət hesabına başa gəlsə də belə şəffaf, obyektiv və sərt yanaşması ilə Azərbaycan elmini təsadüfi adamlardan qoruyaraq milli təəssübkeşliyi sözdə yox, əməldə həyata keçirməyi bacardı.

Açıq deyirəm ki, əgər istəsəydi, Azad müəllim dövrünün ən imkanlı  adamlarından biri ola bilərdi, ancaq ləyaqəti, milli mənafeyi hər zaman uca tutan bu müdrik şəxsiyyət imzasını  var-dövlətə satmadı. Müdrik Azad müəllim əyri yollarla elmi dərəcə almaq istəyən adamlar haqqında deyirdi ki, "bunlar professor adını ancaq öləndə  başdaşı üzərində yazdırmaq üçün istəyirlər". Mən şahidəm ki, hətta çox yüksək mənsəb sahibləri də, onunla bir məclisdə əyləşib əhvali-ruhiyyəsinin yüksək olmasından istifadə etmək arzusunda olanlar da Azad müəllimin sərt reaksiyası ilə rastlaşardı, sahibsiz, "qohum"suz, "adam"sız onlarla istedadlı alim isə çox qısa müddətdə dissertasiyasının təsdiqini alardı.

Onlarla, bəlkə də yüzlərlə şahid var ki, bu fikirləri təsdiq edər. Mən onlardan birini, görkəmli alim, Əməkdar hüquqşünas Firudin Səməndərovun xatirələrini yada salmaq istəyirəm. O danışırdı: "Bir gün mənə dedilər ki, Azad Mirzəcanzadə səni öz yanına dəvət edir.  Doğrusu, narahat oldum, şəxsən tanımasam da, onun qəribə xasiyyətləri haqda eşitmişdim, bilirdim ki, nəinki kitab, dissertasiya, hətta hansısa məqaləni  oxuyub  bəyənməsə, amansız münasibət bildirəcək, həm də  vəzifədə olan adamlara qarşı çox sərt mövqeyi var.  Digər tərəfdən,  təbiət elmləri sahəsində mütəxəssis olsa da, bütün elmləri, o cümlədən hüququ da  yaxşı bilir, pisi-yaxşını dəqiq ayırd edir, o zamanlar neçə-neçə vəzifəli şəxsin namizədlik, doktorluq dissertasiyasını plagiat, ya da zəif olduğuna görə müəllifin gözləri qarşısında cırıb zibil qabına atmışdı.   "Görəsən hansı yazım xoşuna gəlməyib, mənə nə deyəcək", - fikirləşə-fikirləşə ehtiyatla qapısını döydüm. Rus dilində "zaxodite" (gəlin) qışqırtısından bir  az da özümü  itirib  içəri keçdim. "Kimsiniz, nə istəyirsiniz?" soruşdu,  özümü təqdim edəndə ayağa qalxıb ikiəlli görüşdü, yer göstərdi.  "Cinayət hüququ. Cinayət və cəza məsələləri" kitabımla bağlı suallar verməyə başladı. Elə suallar ki, bu sualları dünyanın cinayət hüququ üzrə ən yaxşı mütəxəssisləri fikirləşə bilərdi. Onun güclü aurasının təsiri altında  özümü  böyük həyat təcrübəsinə malik insan, universitetdə rektor, Hüquq fakültəsində dekan işləmiş, uzun illər mühazirə oxumuş müəllimdən daha çox 5-ci sinif uşağı kimi hiss edirdim. Digər tərəfdən isə onun bu dərin, həm də bilavasitə ixtisasla bağlı suallarına cavab verdikcə  rənginin  açıldığını görüb  özümə gəlirdim. Nəhayət, soruşdu ki, niyə doktorluq işi müdafiə etməmisiniz? Dedim ki, Azad müəllim, doğrusu, həmişə vaxt problemim olub, ancaq gələn ilə planlaşdırıram. "Xeyr", - dedi, "bu iş gələn ilə qalmamalıdır. Siz yazdığınız kitablara və intellektinizə görə həmin ada  bu gündən layiqsiniz". Düyməni basıb kimisə çağırdı, sənədlərin hazırlanmasını tapşırdı, "bugünkü tarixdən Siz elmlər  doktorusunuz, gedə  bilərsiniz", - deyib əlimi sıxdı.

Həqiqətən, bir müddət sonra məni AAK-a dəvət  edib həmin tarixlə  Hüquq elmləri doktoru diplomunu təqdim etdilər".

Xoş hisslərlə xatırlayıram ki, onun Dövlət Elm və Texnika Komitəsinə və Ali Attestasiya Komissiyasına rəhbərlik etdiyi dövrdə mən də Azərbaycan təhsilinə rəhbərlik etmişəm və bu səbəbdən onunla arabir görüşürdük. Onun çox maraqlı, həm də qəribə xüsusiyyətləri var idi. Məsələn, bu adam neft sənayesi üzrə böyük mütəxəssis olsa da, iş otağında və evində masasının üzərində yalnız Üzeyir Hacıbəylinin şəkli olardı. Ali Attestasiya Komissiyasının sədri olan zaman stolunun üstü dəftər-kitabla, müxtəlif qeydlərlə, kağız-kuğuzla dolu olardı. Çox səliqəsiz, üst-üstə yığılmış bu kağız qalaqları  adamı  darıxdırdı. Ancaq  Azad müəllim istənilən kitabı və ya dissertasiyanı kağızların arasından o  dəqiqə tapa bilirdi. Maraqlı idi ki, iş masasının üstünü təmizləməyi, oranı sahmana salmağı qadağan etmişdi. Deyərdi ki, masanın üzərindəki qarışıqlıq onun həyat tərzini, iş rejimini əks etdirir.

Akademikin elmi əsərləri və monoqrafiyaları ingilis, fransız, türk, polyak, rus, bolqar, Çin və digər onlarla dilə tərcümə edilmişdir. Hazırda dünyanın bir çox ölkələrində "Mirzəcanzadə məktəbi", "Mirzəcanzadə tənliyi", "Mirzəcanzadə modeli", "Mirzəcanzadə qanunu" və s. ifadələri elmi ədəbiyyatda geniş surətdə işlədilir və  həmyerlimiz elmi əsərlərinə dünyada ən çox istinad edilən alimlər  sırasındadır.

Gördüyü və həyata keçirdiyi bu ölçüyəgəlməz işlərin, xidmətlərin müqabilində Azad müəllim "Mən hələ xalqıma çox borcluyam" deyirdi. Bu, əsl Azad Mirzəcanzadə milli vətəndaşlığı idi. O, öz mövqeyi, məhsuldar əməyi, parlaq ideyaları, yüksək mədəniyyəti, mənəviyyatı, şəxsi nümunəsi ilə bütün məsləkdaşlarını elmi axtarışların əlçatmaz zirvəsinə sövq edir, doğma Azərbaycanımıza vicdanla, ləyaqətlə xidmət etməyə səsləyirdi.

Hesab edirəm ki, Azad Mirzəcanzadənin adı  Azərbaycan xalqının son min ildə yetişdirdiyi Nizami Gəncəvi, Nəsirəddin Tusi, Üzeyir Hacıbəyli, Lütfi Zadə, Yusif Məmmədəliyev və digərləri kimi dühalarla bir sırada  çəkilməli şərəfli adlardandır.

Özünün məşhur ifadəsi ilə desək, bilmirəm "deyə bildimmi?",  Azad müəllim.

Misir MƏRDANOV,

AMEA-nın müxbir üzvü, professor.