Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Beynəlxalq Sülh Günü ilə bağlı tədbir
Sosial həyat

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Beynəlxalq Sülh Günü ilə bağlı tədbir

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 21 sentyabr - Beynəlxalq Sülh Günü ilə bağlı tədbir keçirilib, iştirakçılar onlayn şəkildə təşkil edilən beynəlxalq konfransa qoşulub.

Bakı şəhər Nərimanov rayonu 45 nömrəli orta məktəb və Binəqədi  rayonu 246 nömrəli məktəb-liseyin şagird və müəllimlərinin də qatıldığı tədbiri giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova müasir dünyamızda sülhün və təhlükəsizliyin rolundan danışıb, uşaqların firavan gələcəyi, insanların təhlükəsizliyi üçün sülh amilinin əsas faktor olduğunu vurğulayıb.

Daha sonra beynəlxalq konfransda çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Ermənistanın 30 ilə qədər davam edən işğalçılıq siyasəti nəticəsində ölkəmizə dəyən ziyana diqqət çəkib, erməni faşizminin bütün dünyada sülh və təhlükəsizlik üçün ən böyük təhdid olduğunu bildirib. 44 günlük Vətən müharibəsi nəticəsində azad edilən torpaqlarımızda erməni vandalları tərəfindən dağıdılan tarixi, mədəni, dini abidələrin, sosial infrastrukturun bərpa edilməsində beynəlxalq təşkilatların, dünya güclərinin ölkəmizə dəstək verməsinin vacibliyinə toxunan Cəlil Xəlilov, Azərbaycan Prezidentinin Qafqazda sülhün və sabitliyin təmin edilməsi istiqamətində ciddi addımlar atdığını vurğulayıb. Sədr müavini qeyd edib ki, beynəlxalq ictimaiyyət Azərbaycan dövlətinin sülh səylərini dəstəkləməli və müdafiə etməlidir.

Daha sonra tədbir açıq səma altında davam etdirilib. Polkovnik C.Xəlilov məktəblilərlə söhbətində sülh və təhlükəsizliyin önəmindən bəhs edib, dövlətimizin Qarabağda apardığı nəhəng quruculuq siyasətindən danışıb. Hər bir yeniyetmə və gəncin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyinə toxunan sədr müavini, Azərbaycan gəncliyinin vətən sevgisi ilə fəxr etdiyini, 44 günlük Vətən müharibəsində gənclərin böyük qəhrəmanlıqlara imza atdığını bildirib.

Tədbirin sonunda səmaya sülh rəmzi olan göyərçinlər buraxılıb, xatirə şəkli çəkilib.

Seymur ƏLİYEV,

Müharibə, Əmək və Silahlı Qüvvələr

Veteranları Təşkilatının mətbuat katibi.