Müasir Azərbaycanın müstəqilliyi əbədidir
Siyasət

Müasir Azərbaycanın müstəqilliyi əbədidir

2020-ci il 28 may... Bakının Qaradağ rayonunda məcburi köçkünlərlə görüş. Ölkə başçısı İlham Əliyev bugünkü müstəqil Azərbaycan dövlətinin sələfi - Azərbaycan Xalq Cümhuriyyəti, onun tarixdəki yeri, rolu haqqında danışır. Və danışdıqca cavabı hələ də çoxlarına bəlli olmayan suallar səsləndirir. O suallar ki, günü bu gün də tarixçilərimizin araşdırmalarını gözləyir: "Nə üçün respublika iki ildən də az yaşadı? Nə üçün süqut etdi?.."

1918-ci ildə öz dövlətini yaratmaq ərəfəsində olan azərbaycanlıların real vəziyyəti regionda gürcülərdən də, hətta geniş əraziləri ələ keçirib sadəcə siyasi mərkəz məsələsini həll edən ermənilərdən də pis idi. Paytaxt Bakı da daxil olmaqla bütün quberniya ərazisi; Şamaxı, Göyçay, Lənkəran və s. qəzalar, işğal altına düşmüş, həmin ərazilərdə yaşayan xalqın bir hissəsi məhv edilmiş, bir hissəsi yurd-yuvasından uzaq, dağlarda, dərələrdə məskən salmışdı. İrəvan-Zəngəzur mahallarından on minlərlə qaçqının Gəncə-Qarabağa axışaraq məskunlaşdığı bir məqamda 70 faizi ermənilərdən ibarət olan 12-16 minlik Qırmızı Ordu Azərbaycan milli qüvvələrinin son "bastionu" Gəncəyə hücuma hazırlaşırdı. Bütün bunlara son qoyacaq bir ordu, silah-sursat, maliyyə olmadığı bir şəraitdə, 1918-ci ilin mayında Azərbaycan nümayəndə heyəti Batumda Osmanlı dövlətinin Qafqaz qoşunları komandanlığı ilə Bakının və Azərbaycan torpaqlarının bolşevik-rus-erməni qüvvələrindən azad edilməsi ətrafında danışıqlar aparırdı. Həmin dövrdə gürcülərin arxasında Almaniya, ermənilərin arxasında İngiltərə və Fransa kimi qəyyum dövlətlər dururdu, azərbaycanlıların yeganə pənahı Osmanlı dövləti idi. "Ermənilərə bir qədər ərazi güzəştə getmək məsələsi" tövsiyə olunurdu. Bu "bir qədər ərazi" altında isə İrəvan şəhəri nəzərdə tutulurdu. Əslində, bu zaman yalnız İrəvanın deyil, Bakının və bütünlüklə Azərbaycanın taleyi həll olunurdu. Bir sözlə, "Bakının azadlığı İrəvandan keçirdi". Bu güzəştin müqabilində isə erməni nümayəndələri Qarabağa iddialarından imtina edəcəklərinə yalnız şifahi şəkildə razılaşma ifadə etmişdilər.

Azərbaycan xalqının varlığı, Azərbaycan ərazilərinin bütövlüyü ciddi təhlükə altında idi, çünki mövcud plana görə, Bakı da daxil olmaqla bütün Xəzəryanı ərazilər Rusiyaya, Gəncə, Qarabağ, Zəngəzur, İrəvan torpaqları Ermənistana, Zaqatala-Qazax dairələri isə gözləmə mövqeyində duran gürcülərə verilməli idi. Məhz belə bir şəraitdə Zaqafqaziya Seymində əks siyasi-ideoloji mövqelərdə duran 4 Azərbaycan fraksiyası özündə birləşməyə güc taparaq 1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsi-müstəqil Azərbaycan dövlətinin yarandığını elan etdi. 1918-ci il mayın 29-da isə Azərbaycan Milli Şurası İrəvanı, cəmi 9,2 min kvadrat kilometr ərazini ermənilərə güzəştə getdi.

Müstəqillik isə hələ də "kağız" üzərində qalırdı, çünki Bakı və digər torpaqlar işğal altında idi. Onu Qafqaz İslam Ordusu və yaranmaqda olan Azərbaycan hərbi birləşmələri gerçəkləşdirməli idi. Elə bundan sonrakı hadisələrdə Qafqaz İslam ordusu və Azərbaycan hərbi birləşmələri torpaqlarımızı işğaldan azad edə-edə 1918-ci ilin iyul ayının sonlarında Bakıya yaxınlaşırdı. Almaniya, Rusiya və İngiltərə kimi böyük dövlətlər və ermənilərin dünyaya səpələnmiş siyasi qüvvələri Bakının bu ordu tərəfindən alınmasına hər vəchlə mane olmağa cəhd göstərirdilər, azərbaycanlılara ən yaxşı halda Gəncə paytaxt kimi vəd olunur, Bakının isə "sərbəst" şəhər (volğnıy qorod) yəni hamının şəhəri, Bakı neftinin-hamının nefti elan edilməsi şərtləri irəli sürülürdü. Nəhayət, Azərbaycan tərəfinin dünya səviyyəsində açdığı diplomatik "döyüş", Osmanlı dövlətinin başçılarının bu məsələdə dəyanəti öz sözünü dedi.

Azərbaycan Xalq Cümhuriyyəti 23 ay yaşadı, lakin necə? Tarixçilərin fikrincə, 23 ay ərzində Azərbaycan dövlətçiliyinin bütün mühüm sütunlarının qurulması, özlüyündə, elmi terminologiyaya uyğun gəlməsə də, bir "möcüzə" idi. Düşmən dövlətlərin əhatəsində yaşayan, daxili və xarici təhlükələrlə üz-üzə duran, hətta bu zaman da demokratik prinsiplərə sadiq qalan cümhuriyyətin 23 aylıq fəaliyyətinin səbəbini ilk növbədə onun qurucularının şəxsində axtarmaq lazımdır. Onlar bu dövləti qurdular və onu cəmi 23 ay yaşada bildilər.

Prezident İlham Əliyev hər zaman çıxışlarında bu məsələyə həssaslıqla toxunurdu. 2013-cü il sentyabrın 18-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə inşa edilmiş Quba Soyqırımı Memorial Kompleksinin açılış mərasimindəki çıxışında da 1918-ci il hadisələri ilə mövcud işğal faktlarını müqayisə edərək: "Muzeydə dağıdılmış Şamaxının görüntüləri var, bu gün Ağdam o gündədir, Füzuli o gündədir" - deyə vurğulayır: "1918-ci ildə Qafqaz İslam Ordusu Azərbaycan torpaqlarını işğaldan azad etdiyi kimi, müasir Azərbaycan Ordusu da torpaqlarımızı işğaldan azad edəcəkdir! Mən bunu sizə söz verirəm!" - inamını bildirirdi.

Bu, adi vəd, adi sözlər deyildi, bu sözlərdə işğalçı düşmənə bir azərbaycanlının, bir Azərbaycan vətəndaşının nifrət hissi, bu işğalın yaratdığı daxili acının ifadəsi və söylədiklərində səmimiyyəti duyulurdu. Bu çıxış ölkə başçısının həqiqətən Qarabağı, işğal altında olan bütün torpaqları azad etmək niyyətinə və qətiyyətinə inam yaradırdı.

Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan Sovet Sosialist Respublikasından fərqli olaraq bir çox beynəlxalq qurumların, ilk növbədə Birləşmiş Millətlər Təşkilatının üzvü, bütün yeraltı və yerüstü sərvətlərinin yeganə sahibi, regionda ən güclü ordusu, torpaqlarının işğaldan azad edilməsini bütün varlığı ilə arzulayan və bu yolda hər çətinliyə hazır olan xalqının dəstəyini alan dövlət başçısı İlham Əliyevin istər beynəlxalq səviyyəli tədbirlərdə, istər sadə əhali ilə görüşündə torpaqlarımızın azad ediləcəyi ilə bağlı söylədiyi hər kəlmə xalqın inamını artırır, onu mübarizəyə ruhlandırırdı. Torpaqlarımızın sülh yolu ilə qaytarılması yolunda illərlə mübarizə aparan Prezident hərb yolunu da istisna etmirdi, çünki xalqı qarşısında verdiyi vədi yerinə yetirməliydi. Cəmiyyətin böyük dəstəyindən güc alan Prezident qarşıdakı bütün maneələri və təhlükələri dəf edərək xalqımızın və dövlətçiliyimizin çətin durumdan çıxmasını, işğal altında olan ərazilərimizin qaytarılmasını, millətimizin şərəf və ləyaqətinin bərpa olunmasını təmin etdi. Bununla da Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin həqiqi varisi olduğunu bir daha sübuta yetirdi.

Ali Baş Komandanın "Hücum!" əmrinə sıraya düzülən Cümhuriyyət ordusu qəhrəmanlarının, Yalama sərhəd batalyonunun, Gəncə və Qarabağ üsyanlarının son damla qanına qədər vuruşmuş igidlərinin xələfləri müasir Azərbaycan Ordusunun əsgərləri, zabitləri və generalları xalqın uzun illərdən bəri gözlədiyi qələbəni təmin etdi. Tariximizin hər kəsə qürur gətirən şanlı, yeni səhifəsi yazıldı. Düşmən üzərində tarixi qələbəmizin bir ilinin tamamına az qalır. O qələbə asan qazanılmadı, çünki əslində dünya siyasətində heç nə dəyişməmişdi, müstəqilliyimizi gözü götürməyən qüvvələr hələ də öz rolunu oynamaqda davam edirdi. Torpaqlarımızın 30 il müddətində işğal altında saxlanması da məhz həmin qüvvələrin marağında idi. Azərbaycan özünün qələbəsi ilə, həm də beynəlxalq müstəvidə ədaləti bərpa etdi. Qələbəmizin əsasında dayanan xalq-ordu-iqtidar birliyi Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin timsalında dövlətlərin taleyində lider rolunun önəmini bir daha ortaya qoydu. Torpaqlarımızın azad edilməsi, sərhədlərimizin bərpa olunması ilə o, Azərbaycanın müstəqilliyinin əbədiliyinə öz möhürünü vurdu.

Zümrüd QURBANQIZI,

"Respublika".