Monumental memarlıq nümunəsi - Heydər Əliyev Sarayı
Mədəniyyət

Monumental memarlıq nümunəsi - Heydər Əliyev Sarayı

Bakının möhtəşəm, maraqlı yerlərindən biri olan Heydər Əliyev Sarayı 1972-ci il dekabr ayının 14-də istifadəyə verilmişdir. Sarayın açılışı günü keçirilən böyük qala konsertdə respublikanın adlı-sanlı, tanınmış incəsənət ustaları iştirak etmişdilər. Artıq 50 ildir ki, beynəlxalq əhəmiyyətli, respublika miqyaslı, dövlət səviyyəli ictimai-siyasi, mədəni-kütləvi tədbirlərin bir çoxu Heydər Əliyev Sarayında keçirilir.

Bu saray paytaxtın memarlıq simasında xüsusi yeri olan möhtəşəm məkan, ölkənin baş səhnəsi, əsas konsert salonudur. İctimai-siyasi, mədəni-kütləvi tədbirlərə evsahibliyi edən, qapıları hər zaman tamaşaçıların üzünə açıq olan saray Azərbaycan xalqının həyatında önəmli hadisələri, tədbirləri öz səhnəsindən çoxsaylı tamaşaçı auditoriyasına çatdırmışdır.

Bakının mərkəzi meydanlarından birində yerləşən Heydər Əliyev Sarayının inşasının maraqlı tarixçəsi var. 1960-1970-ci illər arasında iki dəfə Bakıda geniş səhnəli kinopanorama binasının tikilməsi qərara alınsa da, nədənsə, inşaat işləri yarımçıq qalmışdır. Birinci dəfə kompleksin tikintisinə 1962-ci ilin may ayında başlanmış, bir müddət sonra işlər dayandırılmışdır. Kompleksin tikintisi demək olar ki, unudulmuşdur. Ancaq 1969-cu ildə Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi təyin olunmasından sonra ölkədə abadlıq və quruculuq işləri geniş vüsət almağa başlayır. Ulu öndər tikinti işlərinə rəhbərliyi tanınmış inşaat mühəndisi Əliş Lənbəranskiyə tapşırır. Tikintisi uzun illər ləngiyən binada inşaat işləri sürət götürür. Heydər Əliyevin şəxsi nəzarəti sayəsində keçmiş Lenin adına sarayın iki il ərzində tikintisi başa çatdırılır. Nəhayət, 1972-ci il dekabr ayının 11-də sarayın rəmzi açarı Heydər Əliyevə təqdim edilir. Həmin açar indi də sarayın tarixində ən qiymətli xatirə əşyası kimi qorunub saxlanılır.

Saray ilk başlanğıcda iri formatlı filmlərin nümayişi üçün 2500 yerlik nəzərdə tutulmuşdur. Binanın tikintisində Moskva, Ukrayna, Özbəkistan, Gürcüstan, Latviya, Estoniya və Litvadan gəlmiş mütəxəssislər iştirak etmişdir. Keçmiş Sovetlər İttifaqında belə saray Moskva və Sankt-Peterburq da daxil olmaqla cəmi 7 şəhərdə inşa edilmişdir. Əlbəttə ki, paytaxt Bakı ulu öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində hələ keçmiş Sovetlər Birliyinin tərkibində olanda öndə gedən, inkişaf etmiş şəhərlərdən birinə çevrilmişdir. Paytaxtda milliliyi, milli ornamentləri saxlamaq şərti ilə müasir elm və mədəniyyət ocaqlarının inşa edilməsinə məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdən başlanmışdır. Belə möhtəşəm saraylardan biri də Heydər Əliyev Sarayı olmuşdur.

Saray 1972-ci ilin 14 dekabr tarixindən V.İ.Lenin adına saray kimi fəaliyyət göstərmiş, 1991-ci ildən isə Respublika sarayı adlandırılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 mart 2004-cü il tarixli Sərəncamı ilə Heydər Əliyev Sarayı adlandırılmışdır. Uzun illər fəaliyyət göstərən sarayın təmirə böyük ehtiyacı olduğunu nəzərə alan ölkə başçısının qərarı ilə 2007-ci ildə təmirə dayandırılmışdır. 2007-2008-ci illərdə əsaslı təmir olunan saray müasir standartlara uyğun yeni və modern avadanlıqlarla təchiz olunmuşdur. Səhnənin qalxıb-enən döşəməsi, hər iki istiqamətdə hərəkət edən transportyor xətti, konsert proqramlarının daha yüksək səviyyədə keçirilməsi üçün ABŞ, Kanada və Yaponiyadan gətirilmiş müasir, dünya standartlarına uyğun işıq və səs texnikası quraşdırılmışdır.

Heydər Əliyev Sarayı dünya standartlarına uyğun xarici və daxili dizayn, səhnə, qrim otaqları, səs, işıq kinoproyeksiyası və lazer sistemləri, həmçinin LED ekranları ilə fərqlənir. Hətta sarayda keçirilən konsertlərin onlayn ötürülməsi üçün xüsusi avadanlıqlar da quraşdırılıb. Səhnənin akustikası müasir tələblərə tam cavab verir.

2008-ci il oktyabr ayının 16-da saray yenidən, yeni tərtibat və quruluşda istifadəyə verildi. Elə həmin il oktyabr ayının 24-də Sarayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirildi. Mədəni tədbirlər üçün isə saray öz səhnəsini 2008-ci il 5-6 noyabr tarixində Xalq artisti Zeynəb Xanlarovanın iki günlük möhtəşəm konserti ilə açmışdır.

Ümummilli lider Heydər Əliyevin gələcək nəsillərə miras qoyduğu yüzlərlə möhtəşəm abidə və binalardan biri də bu saraydır. Heydər Əliyev Sarayı bu gün də öz ənənəsinə sadiqdir. Qapılarını hər zaman tamaşaçıların üzünə açaraq bir çox maraqlı, yaddaqalan tədbirlərə evsahibliyi edir. Bu saray paytaxtımızın memarlıq simasında xüsusi yeri olan möhtəşəm məkan, həm də ölkənin baş səhnəsi, əsas konsert salonudur.

Bu gün Heydər Əliyev Sarayı öz qaynar həyatını yaşayır. Ölkənin siyasi-mədəni tədbirlərini öz səhnəsində işıqlandırır, canlandırır. Bu il Heydər Əliyev Sarayının 50 yaşı tamam olur. Bu münasibətlə möhtəşəm Sarayın bütün kollektivini ürəkdən təbrik edirik.

Ramidə YAQUBQIZI,

"Respublika".