Dərələyəz...
Mədəniyyət

Dərələyəz...

SSRİ Nazirlər Sovetinin "Kolxozçuların və başqa azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" qararına uyğun olaraq 1948-1953-cü illərdə qədim İrəvan torpaqlarından azərbaycanlı əhalinin kütləvi şəkildə köçürülməsinə başlanılmışdı. Qərarda 100 min soydaşımızın "könüllü" olaraq köçürülməsi nəzərdə tutulmuş, 1954-cü ilə qədər davam edən məcburi köçürülmə zamanı isə sənəddə göstərildiyindən daha çox soydaşımız yurd-yuvasından perik salınmışdır. Köçürülən yerli əhalinin evlərində xarici ölkələrdən gətirilən ermənilər məskunlaşdırılmışdı.

Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərdən sonra isə indiki Ermənistan ərazisindən qovulmuş soydaşlarımızda doğma yurd yerlərinə qayıtmaq ümidi artdı. Dövlət başçısının müvafiq qərarı ilə yaradılan Qərbi Azərbaycan İcması da məhz bu istiqamətdə fəaliyyət göstərir. İcmanın hazırladığı Qayıdış Konsepsiyasında soydaşlarımızın könüllü şəkildə, təhlükəsiz şəraitdə və ləyaqətlə öz yurdlarına qayıdışının təmin olunması nəzərdə tutulur.

Əslən Qərbi Azərbaycanın qədim yaşayış məskəni Dərələyəz mahalından olan Xalq şairi Vahid Əziz də əzəli yurd yerlərindən didərgin salınmış və o yerlərə qayıtmaq ümidi ilə yaşayan Qərbi azərbaycanlılardan biridir. Şair "Dərələyəz" poemasında o yerlərin başı dumanlı dağlarını, güllü-çiçəkli dərələrini, qaynar bulaqlarını, Herher kəndində düşmənin viran qoyduğu ata ocağını, orada yaşadığı qayğısız illərini, bəxtəvər günlərini ürək yanğısı ilə qələmə almışdır. Mövzunun aktuallığını nəzərə alaraq şairin bu əsərini oxucularımıza təqdim edirik.

Dərələyəz...

(Poema)

Yaman ağladırsan yuxularımda,

necə gözəl idin, ay Dərələyəz,

Vətən məhəbbətli dastanlarımda

sənsən ən uğurlu "boy", Dərələyəz!

 

Misri qılınc kimi batdın qəlbimə,

sənsiz övladınam -"Vəfasız" - demə!

Tale qismət yaza, Əziz nəvəmə

Herherdə çaldıram toy, Dərələyəz.

 

Həsrətəm üzünə, gör bir nə vaxtdan?!

Sənsən əcdadlarım qoynunda yatan,

mənim əlim çatmır, sən altdan-altdan

düşmənin gözünü oy, Dərələyəz!

 

Bilirəm, kimsəsiz, qəribsən - qərib,

umduğum barları özgələr dərib,

bacarsan, dövranla əl-ələ verib

hər şeyi yoluna qoy, Dərələyəz.

 

A başı qartallı, dumanlı dağlar,

bizlərdən əmanət səndə qalanlar,

səni, millətimə düşmən olanlar,

verdilər özgəyə pay - Dərələyəz.

 

Nə bilər qədrini biganə yadlar?

közlərin saxlarmı sönmüş ocaqlar?

Basıb xəritəni uydurma adlar -

yazıb, köhnələri yay, Dərələyəz.

 

Durnam, göyərçinim, qanlı köynəyim -

südəmər körpətək zərif, kövrəyim,

ərzi-yumruq boyda edən ürəyim

yaman qəribsəyib, oy, Dərələyəz!

 

Kimsə özbaşına gedərmi səndən?

Köç etdik, Qarabağ tutdu əlimdən,

bilmirəm, ayağım düşmədi, nədən, -

sənə elədilər tay, Dərələyəz!

 

Dözməz qərib olsa insan Vətəndə

bəlkə məzarlar da qalmır yerində?

İşdir ölsəm səndən uzaqda, gendə -

məni də özündə say, Dərələyəz.

 

Niyə "Çərxi-Fələk" dönmür tərsinə?

Sönmüş bir kürəsən, dağılmış binə,

yanan ürəklərə dözəmmir sinə,

hələ də kəsilmir vay, Dərələyəz!

 

Tayın-bərabərin varmı Turanda?

Bir paran dağlarda, biri - aranda,

gözlərim çəkilmir bütöy olanda -

səni əks eləyir Ay, Dərələyəz.

 

Aç bağlı qapını, təslimin olum,

bir canlı kaman ol, mən simin olum,

günahkar bildinsə, Nəsimin olum;

qurbanam, dərimi soy, Dərələyəz...

***

Son dəfə görəndə ata evimi

divarlar yarımcan tavanı uçuq,

sənə, ay imansız gavur erməni,

o gözəl Herheri bu cür qoymuşuq?!

 

Ara qarışannan bir qədər əvvəl

doğma el-obama saldım yolumu,

uçuq divarların əhatəsində

minlərlə yabanı qızılgül kolu.

 

Mənnən aralıda, indi uzaqda,

o güllü dərələr, o dağlar qalır,

mənimlə evimdə gülün bir kolu,

ləçəklər töküldü, budaqlar qalır.

 

Hələlik, yaxında görüşənədək,

ay Ata ocağım, hamıya əziz,

sənə söz verirəm mən ölənədək

yenidən qoynuna köçəcəyik biz!

 

Binəva həyatım erkən bitməsə,

sənə söz verirəm, gözəl Herherim,

(qoy, hələ tor çəksin orda hörümçək)

səndə ev tikməyə mən gəlməsəm də,

xırda nəvəm olan Əziz gələcək...

***

Yenə də, haçansa, sizə, güllərim,

Çataydı əllərim Dərələyəzdə,

Qaldı o qayğısız gözəl illərim,

Bəxtəvər günlərim Dərələyəzdə,

Vahid ƏZİZ,

Xalq şairi.