Mobil qruplar reydləri davam etdirir
Region

Mobil qruplar reydləri davam etdirir

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının və onun yarada biləcəyi fəsadların qarşısının alınması məqsədilə Şirvan şəhərində profilaktik tədbirlər davam etdirilir. Azərbaycan Respublikası Nazirlər Kabineti xüsusi karantin rejimini 1 avqust 2021-ci il tarixə kimi uzatmışdır. Bəzi məhdudiyyətlər aradan qaldırılsa da, nəzərdə tutulan qaydalara riayət etmək vacib şərtdir. Şirvan Şəhər İcra Hakimiyyəti yanında yaradılan mobil qruplar məhdudiyyətlərin aradan qaldırılmasına uyğun olaraq öz fəaliyyətini davam etdirir.

Mobil qruplar müntəzəm olaraq şəhərin küçə və prospektlərində, əhalinin sıx toplaşdığı ərazilərdə, ictimai iaşə, ticarət müəssisələrində, məhəllələrdə fərdi izahetmə, xəbərdarlıq işləri aparır, insanlar arasında sosial məsafənin gözlənilməsi, qapalı məkanlarda fərdi qoruyucu vasitələrdən istifadə edilməsi barədə tövsiyələr verirlər. İyul ayının ilk günündə reyd zamanı ümumilikdə 253 olmaqla, 143 ticarət, 36 ictimai iaşə, 29 gözəllik salonu və bərbərxana, 38 digər xidmət obyektlərinə nəzarət edilmiş, 484 nəfər vətəndaşa xəbərdarlıq olunmuşdur.

Dünyaya böyük fəlakətlər gətirən  COVID-19 pandemiyasından qorunmaq hər bir insanın gündəlik qayğısı olmalıdır. Bu bəlaya qarşı laqeydlik  hər an ölüm təhlükəsi yarada bilir. Mobil qrupların üzvləri  reydlər zamanı şəhər sakinlərinə  bu həqiqəti aşılamağa çalışırlar.

Tofiq HÜSEYN,

“Respublika”.