MİSLİ GÖRÜLMƏMİŞ TARİXİ QƏLƏBƏ
Region

MİSLİ GÖRÜLMƏMİŞ TARİXİ QƏLƏBƏ

Ərazi bütövlüyünün bərpa olunması  torpaqları işğala məruz qalmış dövlətlər üçün ən müqəddəs vəzifə hesab olunmuş və bu amal üçün var qüvvələrini əsirgəməmişlər. Bu vəzifənin isə yüksək səviyyədə yerinə yetirilməsi dövləti qaliblər sırasına çıxarıb, xalqını daha məğrur edib. Belə bir qürur doğuran taleyi odlar yurdu Azərbaycan yaşayır. Praqmatik dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi, yenilməz iradəsi, ordumuzun qəhrəmanlığı sayəsində, təcavüzkar Ermənistan tərəfindən işğala son qoyularaq ərazi bütövlüyümüz  təmin edildi. Xalqımız son 200 illik tarixinin ən şanlı, ən şərəfli anlarını yaşadı. Azərbaycanın torpaqlarını müharibə yolu ilə işğaldan azad etməsi nəinki regionda, bütün dünyada diqqətlə izlənən və qarşılanan hadisə oldu.      Çünki, bu hadisə ilk növbədə, bir dövlətin uzun illər məruz qaldığı işğala təkbaşına son qoymasının ən mükəmməl müasir nümunəsi idi. Bu baxımdan son onilliklərdə bəşər tarixində bir çox müharibələr baş versə də, Azərbaycanın Ermənistan üzərində hərbi qələbəsi öz unikallığı ilə fərqləndi. Bəli, Azərbaycan xalqının çağdaş tarixinə qeyrət, hünər, şərəf səhifəsi kimi yazılan 44 günlük Vətən müharibəsi 30 ildən bəri yaşadığımız yurd itkisinə son qoymaqla hamımıza, dünya Azərbaycanlılarına sonsuz sevinc, ölkəmizə ümummilli təntənə bəxş etdi. Dəmir yumruğa çevrilmiş nəhəng güc hesabına qazandığımız bu misilsiz qələbə faciələrimizin ağrı-acılarını ovutdu. İllər boyunca dədə-baba ocaqlarına sarı boylana-boylana qalan, qaçqın, köçkün, didərgin həyatı yaşayan soydaşlarımızın həsrətinə son qoydu. Müharibə, Prezidentimizin təbirincə desək, hərbi-siyasi metodlarla həll edildi. Bu şanlı Qələbə hərb tariximizə ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və Azərbaycan əsgərinin adı ilə yazıldı....Bəli,  Vətən, torpaq nisgili, ağrıları ilə yaşadığı 200 ildə Azərbaycan xalqı belə bir möhtəşəm bayram ovqatı yaşamamışdı. Bu şanlı qələbə ilə dünyadan köçən vətən həsrətilə soydaşlarımızın, torpaqlarımızın bütövlüyü naminə canlarından keçən, şəhidlik məqamına yüksələn igid oğullarımızın ruhları rahatlıq tapdı. Tarixi qələbəmiz Azərbaycanın hərb tarixində də şərəfli yer tutdu. Belə ki, xalqımızın 30 illik torpaq həsrətinə son qoyulması, tarixi ədalətin bərpası dövlətimizin başçısının digər sahələrlə yanaşı, ordu quruculuğu istiqamətində gerçəkləşdirdiyi müdrik siyasətin məntiqi nəticəsi idi. Praqmatik dövlət başçısı, ölkə Prezidenti cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi andan ordu quruculuğu daimi diqqət mərkəzində saxlanıldı. Azərbaycan gənclərində Vətənə, orduya dərin sevgi hissi, vətənpərvərlik aşılandı. Bu, İkinci Qarabağ müharibəsində özünü daha qabarıq büruzə verdi. Dövlətimizin başçısı bu məsələ ilə bağlı çıxışlarının birində ətraflı bəhs edərək, bildirib ki, Birinci və İkinci Qarabağ müharibələri arasında fərqdən də bu, aydın görünür: “İnsanlar növbələrdə dayanırdı. Biz qismən səfərbərlik elan etmişdik və buraya müəyyən yaş kateqoriyasına aid vətəndaşlar daxildir. Həmin meyara cavab verməyən vətəndaşlarımız isə gileylənir, məktublar yazırdı ki, məni niyə aparmırlar? Mən də gedib döyüşmək, Vətənimi qorumaq istəyirəm. Hesab edirəm ki, bu, bizim qələbəmizi şərtləndirən əsas amil idi.Əlbəttə, biz güclü ordu qurmuşduq, təlimlər keçirirdik, müasir silahlar əldə etmişdik ki, bu, müharibədə bizə qələbə qazanmağa və əsgərlərimizin həyatını qorumağa kömək etdi. Bu silahlar olmasaydı, itkilərimizin sayı daha çox olardı. Ermənistan ordusu ilə müqayisədə bizim itkilərimiz 2,5-3 dəfə az olmuşdur…” Məhz, gənclərin bu  vətənpərvərliyi ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısının bariz nümunəsi idi.

Bəli, Azərbaycanın ən böyük nailiyyətlərindən biri də xoşbəxt gələcəyi yaratmağa qabil gənclər ordusunun yetişməsidir. İşğal altındakı torpaqlarımız da məhz bu gəncliyin gücü, əzmkarlığı, vətənpərvərliyi, döyüş ruhu sayəsində azad olundu. Belə bir gəncliyi məhz İlham Əliyevin müdrik siyasəti yetişdirdi. Onlar Azərbaycanı güclü, qüdrətli, mübariz, öz milli  məqsədlərinə doğru addım-addım irəliləyən gördülər. Dövlətimizin varlığını, gücünü, dəstəyini, diqqət və qayğısını hər zaman hiss etdilər. Qətiyyətlə demək olar ki, Azərbaycan gəncliyi bu dövlətdə, bu Vətəndə öz gələcəyini tam aydın görə bilir. Ona görə də Azərbaycanın inkişafına töhfə verməyə, Vətən naminə misilsiz fədakarlıqlar göstərməyə hər zaman hazırdırlar.

Bu gün, Azərbaycan XXI əsrin innovativ müharibəsini apardı. Həqiqətən, Azərbaycanın öz iqtisadi imkanları hesabına aldığı, eyni zamanda, müdafiə sənayesini quraraq özünün istehsal etdiyi innovativ silahlarla apardığı bu müharibə yeni əsrin müharibəsi idi. Azərbaycan göstərdi ki, hərb meydanında avtomatlar, tanklar, toplar və digər belə silahlar dövrü artıq geridə qalıb. Bunların yerini yeni texnologiyalar tutub. Bu silahların əsas hədəfi düşmənin hərbi birləşmələri, texnika və qurğuları, əlisilahlı canlı qüvvəsidir. Eyni zamanda, Azərbaycan bu müharibədə dünyada görünməyən mülki insanlara qarşı yüksək humanizm nümayiş etdirdi. Ermənistanın heç bir mülki obyektini, dinc sakinini hədəfə almadı. Eyni zamanda dünyaya göstərdi ki, artıq sülh barədə daha ciddi düşünmək zamanıdır. Müharibələrə səbəb olan mənasız iddiaları aradan qaldırmaq gərəkdir. Toplumları faşizm mahiyyətli ideologiyalardan çəkindirmək mütləqdir. Ona görə ki, indiki müasir silahlarla uzunmüddətli müharibələr aparılsa, bu müharibələrin miqyası və nəticələri dəhşətli olar. Azərbaycanın Vətən müharibəsində tətbiq etdiyi innovativ silahların gücü düşmənin gözünü qorxudaraq onu kapitulyasiya aktına imza atmağa məcbur etdi və  dünyaya böyük bir həqiqəti anlatdı. Tarixi qələbədən ötən müddət ərzində Azərbaycan qalib ölkə kimi beynəlxalq aləmdə nüfuzunu daha da gücləndirib. Azərbaycan iqtisadiyyatı dinamik inkişaf yolu ilə sürətlə irəliləyir. Düşməndən təmizlənən torpaqlarda bərpa-quruculuq işləri geniş vüsət alıb. Şəhərlər və kəndlər simasını gündən-günə dəyişir. Tezliklə işğaldan azad olmuş ərazilərdə xalqımızın tarix-mədəni irsinin bərpası və dirçəldilməsinin, məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıdışının şahidi olacağıq.

Bütün ömrünü, həyatını ölkəsinin və xalqının inkişafına həsr edən Türk dünyasının fenomeni əbədiyaşar Heydər Əliyev demişdi: “Gün gələcək Azərbaycan dünyaya Günəş kimi doğacaq”. Eyni zamanda, vaxtilə uzaqgörənliyi ilə dediyi dahi şəxsiyyətin “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” kəlamları, ölkə Prezidenti cənab İlham Əliyevin titanik səyi nəticəsində reallığa çevrildi... 

 O gün gəldi, Azərbaycan dünyaya Günəş kimi doğdu, dünyanı al şəfəqlərə boyadı...

Zabit XƏLİLOV, 

“Respublika”.