Məharət Həsənovun xatirəsi anıldı
Region

Məharət Həsənovun xatirəsi anıldı

Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlmiş Məharət Ramil oğlu Həsənovun doğum günü boya-başa çatdığı və dəfn edildiyi Şirvan şəhərində qeyd olundu.
Şəhidin doğum günü münasibətilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, hüquq-mühafizə orqanlarının rəhbərləri, icra hakimiyyəti aparatının məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, döyüş yoldaşları, dostları Şirvan Şəhər Şəhidlər Xiyabanında Məharət Ramil oğlu Həsənovun məzarı önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad etdilər.
Şəhidin məzarı qarşısında çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirərək, Məharət Həsənovun valideynlərinə Vətənimiz üçün ləyaqətli övlad böyütdüklərinə görə təşəkkür edib və Allahdan onlara səbir dilədi.

İcra Başçısı müharibə ərəfəsində istər çağırışa yollanan gənclərdə, istərsə də Şirvan şəhər Mərkəzi Xəstəxanasına gətirilən yaralı əsgərlərdə necə yüksək döyüş ruhu olduğunu, tezliklə mövqelərinə qayıtmaq istədiklərini xatırladaraq vurğuladı ki, Şirvan şəhidlərinin hər birinin dəfnində onların valideynlərinin “Vətən sağ olsun” deməsi xalqımızın böyüklüyünün və qüdrətinin təcəssümü idi. Azad edilən torpaqlarımızda aparılan abadlıq-bərpa işlərindən bəhs edərək bildirdi ki, dövlət başçısının Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə rayonlara onların azad olunduğu tarixin ildönümündə səfər etməsi, yeni, müasir tipli infrastruktur layihələrinin təməlqoyma mərasimlərindəki iştirakı və gələcəyə hesablanmış çıxışları hər birimizdə dövlətimizə inam və iftixar hissi yaradır. Öz qanı ilə şanlı tariximizə adını yazan, xalqımıza zəfər sevinci yaşadan Məharət kimi oğulların ömür yolunun gənclərə nümunə olduğunu, gələcək nəsillərin vətənpərvərlik tərbiyəsində əhəmiyyətli rol oynayacağını diqqətə çatdırdı. Şəhidlərimizin ailələrinə göstərilən diqqət və qayğının davam etdiriləcəyini vurğuladı.
Şəhid Məharət Həsənovun vaxtilə yaşadığı məhəllədə yaradılan xatirə lövhəsi ziyarət olundu.
Tədbir Şirvan Şəhər Gənclər Evində davam etdirildi. Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, Gənclər və İdman İdarəsinin rəisi Azər Quliyev, Gənclər Evinin direktoru Əfqan Hüseynov, 18 nömrəli məktəbin müəllimləri və şəhidin dostları Vətən müharibəsinin şəhidi Məharət Həsənovun keçdiyi ömür yolundan, mərdliyindən, şücaətindən söz açdılar. Məharət Həsənovun vaxtilə oxuduğu 18 nömrəli orta məktəbin müəllim və şagird kollektivinin hazırladığı bədii kompozisiya alqışlarla qarşılandı. Şəhidin yeganə övladı və yadigarı balaca Ramilin atası haqqında söylədiyi şeir tədbir iştirakçılarını kövrəltdi. Şəhidin anası Xurma Həsənova çıxış edərək övladı ilə qürur duyduğunu bildirib,  şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.
Vətən müharibəsində canından keçən bütün şəhidlərimiz kimi, Məharət Həsənovun da göstərdiyi qəhrəmanlıq, şücaət dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə Məharət Ramil oğlu Həsənov "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

                                      Tofiq HÜSEYN,

                                     “Respublika”.