Mediasiya Şurasının fəaliyyətinə sosial işçilər cəlb olunub
Sosial həyat

Mediasiya Şurasının fəaliyyətinə sosial işçilər cəlb olunub

Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində mübahisələrin məhkəmədən kənar həllində və məhkəmələrin iş yükünün azaldılmasında mühüm vasitə olan mediasiya institutunun qurulması və təşviqi üzrə bir sıra tədbirlər görülür. Həmin tədbirlər çərçivəsində bu il iyulun 1-dən qüvvəyə minmiş "Mediasiya haqqında" Qanun xüsusi olaraq vurğulanmalıdır. Artıq vətəndaşlar kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etməlidirlər.

Dövlət başçısının tapşırığına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan və ictimai işlərin təşkili ilə əlaqədar yeni mexanizmi nəzərdə tutan "İşsizin DOSTu" proqramından artıq Mediasiya Şurası da faydalanır.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu ilin oktyabrında Şura ilə proqramın icraçısı olan "DOST İş" Mərkəzi arasında şuranın fəaliyyətinə sosial işçilərin cəlb edilməsi ilə bağlı Saziş imzalanıb. Sənədə əsasən əmək müqaviləsi bağlanaraq maaşları mərkəz tərəfindən ödənməklə 5 nəfər sosial işçi Şurada işə cəlb edilib. Onlar əsasən kargüzarlığın təşkili, müvafiq sənədlərin hazırlanmasında vətəndaşlara kömək göstərilməsi üzrə fəaliyyətə başlayıblar.

Məlumat üçün deyək ki, "İşsizin DOSTu" proqramı çərçivəsində 56 min ictimai iş yeri mövcuddur.

AZƏRTAC