Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri, müasir çağırışlar
Mədəniyyət

Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri, müasir çağırışlar

Bakı Beynəlxalq Humanitar forumları ölkəmizin bu formatda qlobal tədbirlərin təşkili üçün ideal məkan olduğunu təsdiq edir

Bakı Beynəlxalq Humanitar Forumu qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı laureatlarını və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya toplayan məkandır.

Forum təşkilatçılarının və iştirakçılarının sosial və humanitar elmlər, o cümlədən dünya mədəni elitasının nümayəndələrinin qarşılarında qoyduqları  qlobal məsələ gələcəkdə beynəlxalq səviyyədə baxılması məqsədilə yeni humanitar gündəmin formalaşmasıdır. Foruma həmçinin dünyanın nüfuzlu simaları dəvət olunurlar, onlar dövlətlərin hazırkı və ya keçmiş rəhbərləri və transmilli korporasiyaların təsisçiləridir. İnsan fəaliyyətinin bütün sahələrində çalışan mütəxəssislər bir araya gələrək bəşəriyyəti narahat edən aktual məsələlərin həllini tapmağa çalışırlar.

İlk dəfə 2010-cu ildə təşkil olunan Forumun təşəbbüsçüləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının sabiq Prezidenti Dmitri Medvedev olub. Forumun mövqeyi barədə qeyd etmək lazımdır ki, burada qloballaşma dövründə humanitar problemlərə aid olan və bəşəriyyəti narahat edən məsələləri özündə əks etdirən mövqeləri Bakı Bəyannaməsində də işıqlandırılır. Məqsəd “dəyirmi masa”lar vasitəsilə dialoqun qurulmasıdır. İdeyalar, nəzəri və praktiki bilik mübadiləsi, konstruktiv debat və müzakirələr üçün platforma formalaşdırılması vəzifəsi qarşıya qoyulur. Alınan nəticə beynəlxalq təşkilatlara, ölkə liderlərinə və ayrılıqda hər bir şəxsə tövsiyələr və müraciətlərdə ifadə olunur.

2011-ci ilin 10-11 oktyabr tarixlərində keçirilən “XXI Əsr: Ümid və çağırışları” adlı forumda dünyanın 20-dən çox ölkəsindən qonaqlar iştirak ediblər. Multikulturalizm: nailiyyətlər və problemlər, dünyanı dəyişdirən müasir texnologiyalar, elmlərin konvergensiyası, biotexnologiyalar və etikanın problemləri, inkişafın iqtisadi modelinin humanitar aspektləri, sosial jurnalistika və yüksək texnologiyalar, postmodernist mədəniyyətdə ənənəvi dəyərlər sistemləri olaraq yeddi sahə üzrə “dəyirmi masa”lar təşkil edilmişdir.

Bununla da əsası qoyulan Bakı Beynəlxalq Humanitar Forumu artıq ənənəvi hal almış, dünyada ən nüfuzlu forumlar və platformalar sırasındadır. İkinci Bakı Beynəlxalq Humanitar Forumu 2012-ci il oktyabrın 4-5-də keçirilib. Forumda 74 ölkəni və 10 mötəbər beynəlxalq təşkilatı təmsil edən 694 nümayəndə iştirak etmişdir. Onlardan 2 nəfəri sabiq dövlət başçısı, 13-ü Nobel mükafatı laureatı, 5-i dünyanın nüfuzlu fəxri professoru, 63-ü görkəmli ictimai və siyasi xadim idi. Forumda mültikulturalizm və mədəni özünüdərk, cəmiyyətin həyatında mültikulturalizm, XXI əsrdə qloballaşma proseslərinə yeni metodoloji yanaşmalar, konvergensiya edən texnologiyalar və gələcəyin konturları, müasir təbabətə və molekulyar biologiyaya baxışları dəyişən texnologiyalar, iqtisadi inkişafın humanitar aspektləri, müasir KİV-lər və yeni çağırışlar, postmodernist mədəniyyətdə ənənəvi dəyərlər sistemi barədə geniş müzakirələr aparılmışdı. 31 oktyabr 2013-cü ildə - Forumun keçirilməsi haqqında qərar 2010-cu ilin yanvarında Bakıda təşkil olunmuş Humanitar Əməkdaşlıq üzrə birinci Azərbaycan-Rusiya Forumunda qəbul edilmişdir. Forumun həmsədrləri Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putindir. Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunda da dünyanın müxtəlif ölkələrindən çoxsaylı nümayəndələr iştirak edir. Onlar arasında nüfuzlu ictimai-siyasi xadimlər, sabiq dövlət başçıları, Nobel mükafatı laureatları və digər görkəmli şəxslər vardır. İki gün ərzində Forumda səkkiz sahə üzrə “dəyirmi masa”lar təşkil edilmişdir. Humanitar Forumda “Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları”, “İqtisadi inkişafın humanitar aspektləri”, “Elmi innovasiyalar və onların təhsil mühitinə transferi”, “Multikulturalizm və özgünlük: cəmiyyətdə dəyər konsensusu axtarışında”, “Postmodern dövründə milli özünüdərk”, “Davamlı inkişaf və ekoloji sivilizasiya”, “Molekulyar biologiya və biotexnologiyanın nailiyyətləri: nəzəriyyədən təcrübəyə”, “Qloballaşan informasiya məkanında medianın aktual məsələləri” mövzularında “dəyirmi masa”larla da zəngin olmuşdur. 02.10.2014-cü ildə Heydər Əliyev Mərkəzində IV Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış mərasimində Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər. Forum bir daha təsdiq etdi ki, XXI əsrdə bəşəriyyətin qarşısında duran qlobal çağırışlara cavab axtarmaq, humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq üçün beynəlxalq miqyasda nüfuzlu elmi-siyasi platformadır. 29 sentyabr 2016-cı ildə işə başlayan V Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimdə Prezident İlham Əliyev iştirak edib, geniş nitq söyləyib. Həmçinin Rusiya Prezidenti Vladimir Putinin və BMT rəhbərliyinin Forum iştirakçılarına müraciəti oxunub. Açılış mərasimində Rusiya Hökuməti sədrinin müavini Olqa Qolodets, ICESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri, UNESCO baş direktorunun müavini Qetaçyu Enqidanın çıxışları dinlənilib. Forum siyasi və dini liderlər, Nobel mükafatı laureatları, “Dəyirmi masa” iştirakçılarının “Multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə doğru”; “İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi”, “Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu”, “Davamlı inkişaf və ekoloji sivilizasiya”, “Molekulyar biologiya, biofizika, biotexnologiya və müasir tibb sahəsində kadrlar hazırlığı məsələləri: innovativ və etik problemlər”, “Texnologiyaların konvergensiyası və gələcəyə dair proqnozlar XXI əsrin əsas çağırışları” mövzularında plenar iclaslardakı müzakirələri ilə yadda qalmışdır.

2018-ci il oktyabrın 25-26-da Bakıda təşkil olunan “Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” mövzusunda VI Beynəlxalq Humanitar Forumuna 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nəfər (416 xarici qonaq olmaqla) nümayəndə qatılıb. Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Forumun rəsmi açılış mərasimində iştirak ediblər. Beynəlxalq Humanitar Forum qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə müxtəlif ölkələrdən tanınmış dövlət xadimlərini, elmin fərqli sahələri üzrə Nobel mükafatı laureatlarını və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının nümayəndələrini bir araya toplayan mötəbər tədbirdir. Forumun təşkilatçıları və iştirakçıları olan dünya mədəni elitası nümayəndələrinin qarşıya qoyduqları əsas məqsəd təbiət, sosial və humanitar elmlər sahəsində gələcəkdə beynəlxalq səviyyədə baxılması məqsədilə yeni humanitar gündəmin formalaşdırılmasıdır. Rəsmi şəxslər, beynəlxalq təşkilatların təmsilçiləri, habelə qeyd olunan sahələr üzrə mütəxəssislər iki gün ərzində bəşəriyyəti narahat edən aktual məsələlərin həlli yollarını araşdırıblar. Onu da qeyd edək ki, Forumda BMT baş katibinin iki müavini, ICESCO, İRSİKA, TÜRKPA, TÜRKSOY, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (BSEC), Beynəlxalq Türk Akademiyası (TESCO), Parlamentlərarası Birlik (İPU), BMT-nin İqtisadi və Sosial Şurası (ECOSOC) kimi təşkilatların rəhbərləri, UNESCO, Türk Mədəniyyəti və İrsi Fondu, Müstəqil Dövlətlər Birliyinin MDB İcraiyyə Komitəsi rəhbərlərinin müavinləri iştirak etmişlər. Tədbirə həmçinin Sudanın vitse-prezidenti, Rusiya, Slovakiyanın baş nazir müavinləri, Sloveniya, Uruqvay, Rusiya, Misir, Belarus, İtaliya və Estoniya parlamentlərinin sədr və sədr müavinləri, Gürcüstan, Monteneqro, Özbəkistan, Bolqarıstan, Türkiyə, Sudan, Tacikistan, Qazaxıstan, Ukrayna, Əfqanıstan, Filippin və Bolqarıstandan nazir və nazir müavinləri, Qazaxıstan, Türkiyə, Tacikistan və Özbəkistandan ombudsmanlar, habelə 15 ölkədən 40-dan çox millət vəkili, 46 ölkənin diplomatik nümayəndəliklərinin rəhbərləri, çoxsaylı respublikalardan şirkət rəhbərləri, elm xadimləri, ekspertlər qatılmışlar.

VI Bakı Beynəlxalq Humanitar Forumu gələcək dünyamızı formalaşdıracaq kreativ ideyaları və onların həyata keçirilməsi yollarının axtarılmasını diqqətdə saxlamışdı. Dünyanı vahid məkan və bütün bəşəriyyəti bir cəmiyyət kimi görmək istəyi yeni münasibətlər qurmağa, daha mütərəqqi və aktual müzakirələr aparmağa imkan vermiş və bəşəriyyətin inkişafına ənənəvi yanaşmalarda dəyişikliklərin yaranmasına vəsilə olmuşdur. Forumda həmçinin insanların dövrümüzün ən mühüm çağırışlarına cavab vermək bacarıqlarına dərin inamı, humanizm və bəşəri məsuliyyətin zəruriliyi məsələsi önə çəkilmişdir. Bütün bu təşəbbüslər insanların həyatını xilas edən, iztirabları yüngülləşdirən, kəskin və gərgin dəyişikliklər dövründə insan ləyaqətini qoruyan, habelə antropogen böhranlar və fəlakətlərə bənzər situasiyaların önlənməsini təmin edən humanizm aktlarıdır. Forum bu addımları humanizmin bütün dünya üçün vacib əhəmiyyət kəsb edən təməl prinsipləri çərçivəsində - neytrallıq, müstəqillik və obyektivlik şərtləri altında nəzərdən keçirir. Ənənəvi tədbirin konsepsiyasının əsas elementi BMT baş katibinin tərəfdaşlığa, vətəndaş cəmiyyətinin həmrəyliyinə, milli hökumətlər və beynəlxalq təşkilatların əməkdaşlığına çağırışıdır. Keçmişdən günümüzə insanların ən müxtəlif vəziyyət və situasiyalara uyğunlaşmaq və yaratmaq bacarığı istər ayrı-ayrı fərdlər, istərsə də cəmiyyət kimi ümumi uğurumuzun əsasını təşkil edib. Tarixin hər bir dönəmində bizləri yeni və kreativ yollarla düşünməyə, davranmağa və əməkdaşlıq etməyə sövq edən fərqli çağırışlar mövcud olub. Bu günün dünyası da bu mənada fərqli deyil. Ona görə də 2015-ci ilin sentyabr ayında dünyanın 193 ölkəsinin rəhbərləri 2030-cu ilə kimi dayanıqlı inkişafa nail olmaq üçün ifrat yoxsulluğun və aclığın aradan qaldırılması, iqlim dəyişikliyi ilə mübarizə, qeyri-bərabərliyin azaldılması, davamlı su təchizatı, enerji mənbələri və yeni sənaye sahələrinin təmin edilməsi də daxil olmaqla, dünyanın görməli olduğu işləri müəyyənləşdirib.

Çıxışlarında humanitar xarakterli məsələlərə toxunan dövlət başçımız vurğulayır: “Azərbaycan beynəlxalq humanitar əməkdaşlıqda mühüm rol oynayır. Bizim ölkədə müntəzəm surətdə beynəlxalq xarakterli mühüm tədbirlər keçirilir. Onların arasında Rusiya və Azərbaycan prezidentlərinin himayəsi altında keçirilən və artıq ənənə halı almış Bakı Beynəlxalq Humanitar Forumunu xüsusi qeyd etmək istərdim. Deyə bilərəm ki, bu Forum müəyyən mənada nadir, əsasən humanitar əməkdaşlıq, konfessiyalararası dialoq, sivilizasiyaların dialoqu ilə bağlı məsələlərə diqqət yetirən tədbirə çevrilib. Azərbaycanda həm də mütəmadi olaraq Mədəniyyətlərarası Dialoq üzrə Beynəlxalq Forum keçirilir. Bu Forumun gündəliyi də Bakı Humanitar Forumunun gündəliyi ilə təxminən eynidir. Beləliklə, Azərbaycan hər il bu mövzularda diskussiyalar üçün məkana çevrilir. Düşünürəm ki, multikulturalizm, konfessiyalararası dialoq ilə bağlı məsələlər üzərində diqqətin cəmləşdirilməsinə yönəlmiş səylərin birləşdirilməsi xüsusi aktuallıq kəsb edir”. Bakı Beynəlxalq Humanitar Forumu həm Azərbaycan, həm də beynəlxalq aləm, inkişaf etmiş dövlətlər üçün mühüm əhəmiyyət kəsb edən tədbirdir. Bu Forumla Azərbaycan dünyaya beynəlmiləl ölkə olduğunu sübut edib. Azərbaycan multikulturalizmi dəyərləndirən, ona qiymət verən və bunun inkişafına çalışan bir ölkə olduğunu isbat edib. Azərbaycan mədəniyyətlərin inkişaf etməsinə, insanların bir-birinə yaxınlaşmasına, onların dünyagörüşünün bir-birinə uyğunlaşmasına, sülhün, əmin-amanlığın, qardaşlığın, dostluğun bərqərar edilməsinə önəm verən dövlətdir. Cənab Prezident də çıxışında bunu dəfələrlə xatırladıb ki, Azərbaycan dünya ölkələri ilə daimi təmasda olmaq, mədəniyyətlərarası dialoqun inkişaf etməsini, bilik və bacarıqların insanların rifahına yönəldilməsini dəstəkləyir. Humanitar forumların məhz Bakıda keçirilməsi ölkəmizin təşəbbüslərinə verilən dəyərdir.

Mustafa KAMAL,

“Respublika”.