“Ziyayi-Qafqaziyyə” qəzeti transliterasiya edilərək kitab halında çap olunub
Mədəniyyət

“Ziyayi-Qafqaziyyə” qəzeti transliterasiya edilərək kitab halında çap olunub

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsində hazırlanan “Ziyayi-Qafqaziyyə” (1880-1884) qəzeti transliterasiya edilərək ilk dəfə kitab halında çap olunub.

İnstitutdan "Respublika"-ya bildirilib ki, “Ziyayi-Qafqaziyyə”nin bütün nömrələri şöbənin mərhum əməkdaşı Müştəba Əliyev tərəfindən transfoneliterasiya edilərək lüğət, izah və şərhlərlə kitab halına salınıb. Kitab Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarı ilə nəşr edilib.

Kitabın baş redaktoru və “Ziyayi-Qafqaziyyə” qəzetinin Ədəbiyyat İnstitutu nəşri” adlı “Ön söz”ünün müəllifi AMEA-nın prezidenti akademik İsa Həbibbəylidir. Nəşri çapa hazırlayan və redaktor Mətbuat tarixi və publisistika şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Vüqar Əhməddir. Rəyçiləri akademik Teymur Kərimli, filologiya elmləri doktoru, professor Cahangir Məmmədli və filologiya elmləri doktoru Elçin Mehrəliyevdir.

2014-2017-ci illərdə Mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisi vəzifəsində çalışmış Müştəba Əliyev 2013-cü ildə “Ziya”, 2017-ci ildə “Təlimül ətval təhzibül əxlaq” qəzetlərini ərəb əlifbasından latın qrafikasına çevirib çap etdirib. “Kəşkül” qəzeti isə vəfatı ilə əlaqədar natamam qalıb.

Kitab “Elm və təhsil” nəşriyyatında çap olunub.