Mədəniyyət naziri Qazaxda müəssisələrə baxış keçirib, mədəniyyət işçiləri ilə görüşüb
Sosial həyat

Mədəniyyət naziri Qazaxda müəssisələrə baxış keçirib, mədəniyyət işçiləri ilə görüşüb

Mədəniyyət Nazirliyi sistemində fəaliyyətin və idarəçiliyin təkmilləşdirilməsi məqsədilə hazırlanan bölgələrə səfər planına uyğun olaraq, mədəniyyət naziri Anar Kərimov Qazax rayonuna səfər edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Anar Kərimov Qazax rayonunun Daşsalahlı kəndində "Avey" Dövlət-Tarix Mədəniyyət Qoruğunun "Damcılı" filialına baş çəkib. Nazirə məlumat verilib ki, burada dünya əhəmiyyətli qədim Damcılı mağara düşərgəsi və çox sayda mağaralar yerləşir. Ərazidə ilk dəfə 1953-1957-ci illərdə arxeoloji qazıntılar aparılıb və Avey dağında Daş dövrünə aid 30-a yaxın mağara aşkar edilib, buradan iki minə yaxın alət tapılıb. 2015-ci ilin yayında Yaponiyanın Tokio Universitetinin muzeyi, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu və "Avey" qoruğu arasında memorandum imzalanıb. Sənədə əsasən, yaponiyalı və azərbaycanlı mütəxəssislər bu ərazilərdə arxeoloji tədqiqat işləri aparırlar və hazırda araşdırmalar davam etdirilir.

Sonra 1970-ci ildə tikilən və vaxtilə "Yay kinoteatrı" kimi fəaliyyət göstərən Gənclərin Asudə Vaxt Mərkəzinin binasına baxış keçirilib.

Anar Kərimov 1980-ci ildən fəaliyyət göstərən Qazax rayon Mədəniyyət Mərkəzi ilə tanış olub, Qazax Dövlət Dram Teatrının, Qazax şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin fəaliyyəti ilə maraqlanıb. Nazirə məlumat verilib ki, 1991-ci ildən fəaliyyət göstərən musiqi məktəbində 241 şagirdin təlim-tərbiyəsi ilə 63 müəllim məşğul olur.

Daha sonra Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasına gələn Anar Kərimova 500 minə yaxın kitab fondu olan kitabxana haqqında məlumat verilib.

Səfər çərçivəsində nazir Anar Kərimov Qazax rayon Mədəniyyət Mərkəzində mədəniyyət işçiləri ilə görüşüb. Görüşdə Ağstafa, Qazax və Tovuz rayonlarında fəaliyyət göstərən mədəniyyət işçiləri iştirak ediblər.

Nazir tədbirdə çıxış edərək bölgələrdə mədəniyyət işçiləri arasında peşəkarlıq səviyyəsinin və təşəbbüskarlığın artırılmasının vacibliyini diqqətə çatdırıb. Nazirlik sistemində idarəçiliyin təkmilləşdirilməsi kontekstində mədəniyyət müəssisələrinin fəaliyyətinin günün tələbləri səviyyəsində qurulmasının prioritet məsələ olduğu vurğulanıb.

Tədbirdə mədəniyyət müəssisələrində mövcud olan problemlərdən söz açılıb, onların həlli yolları ilə bağlı təkliflər dinlənilib.

Nazir çıxışının sonunda problemlərin aradan qaldırılması, müəssisələrin daha səmərəli fəaliyyətinin təşkili ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.

Sonra konsert proqramı təqdim olunub. Konsertdə Qazax, Ağstafa və Tovuz uşaq musiqi məktəbləri və Tovuz rayon Mədəniyyət evinin kollektivləri rəngarəng musiqi nömrələri və rəqslər təqdim ediblər.

AZƏRTAC