Mədəniyyət naziri Cəlilabadda mədəniyyət müəssisələrinə baxış keçirib
Mədəniyyət

Mədəniyyət naziri Cəlilabadda mədəniyyət müəssisələrinə baxış keçirib

Mədəniyyət naziri Anar Kərimov oktyabrın 21-də Cəlilabad rayonuna səfər edib. Nazirin səfəri Mədəniyyət Nazirliyi sistemində fəaliyyətin və idarəçiliyin təkmilləşdirilməsi, regionlardakı mədəniyyət müəssisələrində işin effektivliyinin artırılması məqsədilə hazırlanmış müvafiq plana uyğun olaraq gerçəkləşir.

Mədəniyyət Nazirliyindən AZƏRTAC bildirilib ki, Anar Kərimov və rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov əvvəlcə Cəlilabad şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstəsi qoyublar.

Səfər çərçivəsində mədəniyyət naziri bir sıra tarixi abidələrə və mədəniyyət ocaqlarına baxış keçirib, müəssisələrin ümumi fəaliyyəti, cari vəziyyəti və maddi-texniki imkanları haqqında məlumat alıb, fəaliyyətin daha da yaxşılaşdırılması, işin günün tələblərinə uyğun qurulması ilə əlaqədar tapşırıq və tövsiyələrini verib. Cəlilabad rayon Heydər Əliyev Mərkəzinə gələn Anar Kərimov 2015-ci ildən fəaliyyət göstərən mərkəzə baxış keçirib, burada Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən kitablar, Ulu Öndərin uşaqlıq, yeniyetməlik, tələbəlik illəri, Cəlilabada səfərlərinin əks olunduğu fotolarla, fəxri diplomlar və digər sənədlərlə tanış olub.

Nazir Cəlilabad Rayon Dövlət Rəsm Qalereyasına baş çəkib. Məlumat verilib ki, 1985-ci ildə yaradılan qalereyada hazırda 218 eksponat mühafizə olunur.

Səfər çərçivəsində Cəlilabad Tarix-Diyarşünaslıq Muzeyinə baxış keçirilib. Qeyd olunub ki, 1981-ci ildə yaradılan muzeydə 4918 eksponat saxlanılır. Muzeyin yeni binası 2010-cu ildə istifadəyə verilib.

Cəlilabad rayon MKS-nin Mərkəzi Kitabxanası ilə tanışlıq zamanı kitabxananın ümumi fəaliyyəti, kitab fondu, oxucu sayı barədə məlumat verilib. Qeyd olunub ki, Mərkəzi Kitabxana 1930-cu ildə yaradılıb.

Sonra nazir Cəlilabad şəhər Uşaq İncəsənət Məktəbində olub. Bildirilib ki, sözügedən tədris müəssisəsi 1969-cu ildə yeddiillik musiqi məktəbi kimi fəaliyyətə başlayıb, 1982-ci ildən incəsənət məktəbi kimi fəaliyyətini davam etdirir. Məktəbdə fortepiano, tar, kamança, xanəndəlik, qarmon və rəssamlıq ixtisasları tədris olunur, 270 şagird təhsil alır, 50 müəllim çalışır.

Anar Kərimov Cəlilabad şəhərində XIX əsrə aid yerli əhəmiyyətli memarlıq abidələri olan tarixi hamama və Hasıllı kəndində yerləşən məscidə də baş çəkib.

Daha sonra mədəniyyət naziri Cəlilabadda Şəhidlər xiyabanını və Vətən müharibəsi şəhidlərinin xatirəsinə inşa olunmuş abidə kompleksini ziyarət edib, abidənin önünə gül dəstələri düzərək qəhrəman oğulların xatirəsini ehtiramla yad edib.

AZƏRTAC