LERİKLİ TƏLƏBƏ QIZIN UĞURU
Region

LERİKLİ TƏLƏBƏ QIZIN UĞURU

Sevinc Nuriyeva Lerik şəhərində sadə, zəhmətkeş bir ailədə dünyaya göz açıb. Atası Hüseyn rabitəçidir, Lerik rayon telekommunikasiya qovşağında işləyir. Sevinc 2020-ci ildə Lerik şəhər inteqrasiya təlimli internat tipli gimnaziyanı bitirib. Həmin il yüksək balla Bakı Mühəndislik Universitetinə qəbul olunub. Kimya mühəndisliyi ixtisası üzrə III kurs tələbəsidir.

Sevinc hələ orta məktəb illərində Cənubi Koreyada ali təhsil almaq arzusu ilə yaşayıb. Bu yaxınlarda sənədlərini Cənubi Koreyanın Qlobal Təqaüd Proqramına təqdim edib. Müsabiqədən uğurla keçərək respublika üzrə cəmi bir nəfərin seçildiyi qlobal təqaüd proqramının qalibi olub. Kyung Hee Universitetində biotibbi mühəndislik ixtisası üzrə təhsil almaq hüququ qazanıb. Burada tam təqaüdlə bakalavr pilləsində oxuyacaq.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov yüksək uğura imza atmış tələbə qızı qəbul edib. Cənubi Koreyanın nüfuzlu ali məktəbinin tələbəsi adını qazanması münasibətilə onu təbrik edərək universitetdə əla qiymətlərlə oxumasını, müstəqil Azərbaycanın adını, şərəfini həmişə uca tutmasını arzulayıb. İcra başçısı təhsil sahəsində əldə etdiyi nailiyyətə görə tələbə qızı Lerik Rayon İcra Hakimiyyəti tərəfindən Təşəkkürnamə və hədiyyə ilə mükafatlandırıb.

Sevinc Nuriyeva göstərilən etimadı layiqincə doğruldacağını, təhsilini başa vurandan sonra Vətənə qayıdıb ixtisası üzrə işləyəcəyini bildirib.

Əlisəfa HƏSƏNOV,

"Respublika".