AĞSTAFADA QIŞA HAZIRLIQ
Region

AĞSTAFADA QIŞA HAZIRLIQ

Son illərdə iqlim dəyişməsi ilə bağlı havaların vaxtından tez soyuması və kəskin soyuqların baş verməsi bir sıra problemlər yaradır. Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun sədrliyi ilə keçirilən müşavirədə aidiyyəti qurumlara lazımi tövsiyə və tapşırıqlar verilmişdir.

Hazırda rayonda tədbirlər planına uyğun əsasən xidmət müəssisələri payız-qış mövsümünə hazırlıqla bağlı işləri uğurla davam etdirirlər. Əhalinin elektrik enerjisi ilə fasiləsiz və keyfiyyətli təmin olunması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsi Ağstafa Elektrik Şəbəkəsinin əməkdaşları təsdiq olunmuş plana uyğun qışa hazırlıq işlərini davam etdirirlər.

Ağstafa EŞ tərəfindən 2023-2024-cü illərin payız-qış mövsümünə hazırlıq ilə əlaqədar aşağıdakı işlər görülmüşdür: 110 kV 7-ci Ağstafa, 5-6-cı Ağstafa, Poylu, Soyuqbulaq, Şıxlı, Muğanlı, Böyük Kəsik, Girzan hava xəttinin trassası ağac və kollardan təmizlənib. 35 kV Tatlı, Qırılı, Qıraq Kəsəmən hava xəttində xəttə yaxınlaşan ağaclar budanıb. 28,0 km məsafədə 10/0,4 kV hava xəttində xəttə yaxınlaşan ağaclar təmizlənib, boş naqillər tarımlanıb.

Mövsümi yağışlarla əlaqədar bütün TM və KTM-lərin keçid izolyatorları silikonlanıb. 10 kV-luq Ceyrançöl, Karxana, Göycəli, Tatlı, Haçadağ, Aşağı Göycəli, Köçəskər, Həsənsu, Muğanlı hava xəttində 32 ədəd 10 kV-luq çürük ağac dayaqlar yeni dəmir dayaqlarla əvəz olunub. 128 ədəd 28 kV-luq qüsurlu izolyator yenisi ilə əvəz olunmuşdur.

Gərginlik zəif olan ərazilərdə yüklərin simmetrik bölünməsi üçün 16 ədəd KTM-dən əlavə fazalar çəkilmişdir. 7 ədəd müxtəlif gücə malik transformator məntəqəsinin dam örtükləri əsaslı təmir olunub. Ağstafa Elektrik Şəbəkəsinin xidməti ərazisində Qarahəsənli, Pirili, Xalfalı, Xılxına, Molla Cəfərli, Kolayır, Düz Qışlaq kəndlərinin əhalisinin elektrik təchizatının yaxşılaşdırılması istiqamətində yeni inşa olunan (Şəkərli deyilən ərazidə) "35/10 kV-luq Şəkərli Yarımstansiyası"na qoşulmuşdur.

Ağstafa Mənzil Kommunal Təsərrüfatı Birliyi də payız-qış mövsümünə hazırlıq işləri apararaq şəhərin M.Ə.Rəsulzadə küçəsi - 92 saylı binanın dam örtüyündə təmir işləri görülmüşdür. M.Ə.Rəsulzadə - 92 "A" saylı və R.Alıcanov - 7 "A" saylı binaların su ötürücüləri təmir olunmuş, ventilyasiya boruları təmizlənmişdir. Ş.Qurbanov küçəsi 23 və 24 saylı binaların blokları təmir olunmuşdur.

R.Alıcanov - 2 saylı binada blok qapısı və pəncərə təmir olunmuşdur. S.Vurğun - 98 saylı binanın dam örtüyü və bloklarında təmir işləri görülmüş, qapı və pəncərələri yenilənmişdir. H.Arif 4-6 saylı binaların bloklarında kafellər təmir olunub. Dam örtüyündə təmir işləri görülmüş, su ötürücüləri təmizlənmişdir. Heydər Əliyev prospekti, 10 saylı binanın həyətinə asfalt örtük salınmışdır.

Şəhər ərazisində park və meydanlarla paralel olaraq səki və bordürlərin üzərində əmələ gəlmiş alaq otların təmizlənməsi işləri davam etdirilir.

Rayonun səhiyyə sistemində də "Qış mövsümünə hazırlıq" diqqət mərkəzində saxlanılır. Ağstafa Rayon Mərkəzi Xəstəxanasının inzibati və digər bütün şöbələri istilik təchizatı ilə tam təmin olunmuşdur. Belə ki, müəssisənin pərakəndə yerləşməsinə baxmayaraq əsas binalar və onlardan kənarda yerləşmiş İnfeksion Xəstəlikləri, Doğum, Uşaq Xəstəlikləri və Laboratoriya şöbələrində istiliklə təchizatı müasir tələblərə uyğun kombi sistemi ilə təmin olunmuşdur.

Rayon Mərkəzi Xəstəxanasının tərkibinə daxil olan bütün kənd həkim və tibb məntəqələrində şəraitə uyğun olaraq müxtəlif vasitələrdən, o cümlədən odundan, elektrik enerjisindən, kombi sistemindən (yəni əsaslı təmir olunub istifadəyə verilmiş məntəqələrdə) istifadə olunması nəzərdə tutulur.

Qış mövsümündə yollarda avtomobillərin təhlükəsiz və maneəsiz hərəkətinin təmin olunması üçün təsdiq olunmuş tədbirlər planına uyğun hazırlıq işləri həyata keçirilmişdir. 27 nömrəli Yol İstismarı MMC-nin əməkdaşları payız-qış mövsümündə hazırlıq işlərini tam həyata keçirmək üçün qərargah yaratmışdır. İdarənin balansında olan avtomobil yollarında su ötürücü quyuların giriş-çıxışları, küvetləri, körpülər yerləşən sahələrdə çayların məcrasında 900 kubmetr təmizləmə işləri aparılmışdır. Bir ədəd avtoqreyder, 3 ədəd yükünü özüboşaldan avtomobil, 2 ədəd minik avtomobili və 1 ədəd avtoyükləyici təmir olunaraq saz vəziyyətə gətirilmişdir.

Qış aylarında istifadə etmək üçün 4 min litr dizel, 1000 litr benzin yanacağı ehtiyatı yaratmaq nəzərdə tutulmuşdur.

Ağstafa rayonunda qışa hazırlıq diqqətdə saxlanılır.

Vəli VƏLİYEV,

"Respublika".