Yastıqobu kəndindəki yeni fabrik ilk ilini uğurla başa vurur
Region

Yastıqobu kəndindəki yeni fabrik ilk ilini uğurla başa vurur

Cavid Muxtarovu Muğan-Şirvan bölgəsində təcrübəli pambıqçı kimi tanıyırlar. 80-ci illərin əvvəllərində ümummilli lider Heydər Əliyevin təşəbbüsü və xeyir-duası ilə Daşkənddə ali təhsil alıb. Pambıqçı mütəxəssis kimi doğma Sabirabad rayonunda əmək fəaliyyətinə başlayan Cavid qısa müddətdə öz bacarığı, işgüzarlığı, qabiliyyəti ilə fərqlənib. Ovaxtkı Sabirabad Pambıqtəmizləmə Zavodunda əvvəlcə müxtəlif işlərdə çalışıb, direktor vəzifəsinə yüksəlib.

Sovet dövründən sonra rayonun Axtaçı kəndində tikilən pambıq emalı zavodunun ərsəyə gəlməsində fəallıq göstərib, həmin zavodun kollektivinə də rəhbərlik edib. Bundan sonra səriştə və təcrübəsinə inam göstərilib Cavid Muxtarova respublikada daha yüksək etimad göstəriblər.

Cavid deyir:

- Bütün bunlara baxmayaraq, ən iri pambıqçılıq rayonlarından olan Sabirabadda pambıq emalı müəssisəsi açmaq arzusunda idim. Bu ilin fevral ayında rayonun Yastıqoba kəndində, xeyli əlverişli ərazidə emal fabrikinin tikintisinə başladıq. Müəssissə qısa müddətdə mövsümün ilk pambıq qəbulu əməliyyatına hazır vəziyyətə gətirildi. Mövsüm ərzində fabrikə 2500 ton pambıq tədarük olunub, məhsul qəbulu davam edir. Fabrik öhdəsində olan 20 ədəd lafetlə daşımaları həyata keçirir. Lizinq yolu ilə müəssisəyə 8 ədəd traktor alınıb və bu iş davam etməkdədir.

Bu gün Sabirabad rayonunun Yastıqobu kəndində və digər yaşayış məntəqələrində "APEKS-Agro" MMC  adlı müəssisəmiz əhali üçün iş yeri, ruzi mənbəyi hesab olunur. Sutka ərzində hələlik 50 ton mahlıc emal edən fabrik yaxın vaxtlarda öz gücünü artıracaq. Fabrikdə 15 nəfər daimi işlə təmin olunmuş, 40 nəfərə yaxın adam isə mövsümi işə cəlb edilmişdir. Qəbul olunan məhsuldan 1800 ton yüksəkkeyfiyyətli mahlıc istehsal edilmişdir. Məhsulun hamısı xarici bazarlara ixrac olunacaqdır.

- Bu cür müasir, eyni zamanda texnoloji qaydalara tam cavab verən fabrikin qısa müddət ərzində ərsəyə gəlməsi bir nəfərin imkanları daxilində deyil, - Cavid Muxtarov deyir. Ölkəmizdə azad bazar iqtisadiyyatının genişlənməsi, sahibkarlığın inkişafına yaradılan əlverişli şərait sayəsində biz öz istəklərimizə çatdıq. Kollektivimiz pambıqçı əməyinə daim yüksək qiymət verib, Azərbaycanda bu qədim, el arasında deyildiyi kimi, çörəkli sahənin yenidən inkişafına xüsusi qayğı və diqqət göstərən dövlət başçımıza öz dərin minnətdarlığını bildirir.

Tofiq HÜSEYN,

"Respublika".