Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzində ağacların qanunsuz kəsilməsi ilə bağlı cinayət işi başlanıb
Digər xəbərlər

Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzində ağacların qanunsuz kəsilməsi ilə bağlı cinayət işi başlanıb

Dövlətin ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın bərpası istiqamətində həyata keçirdiyi siyasətə kölgə salan hallara qarşı prokurorluq orqanları tərəfindən digər dövlət qurumları əlaqəli şəkildə kompleks mübarizə tədbirləri davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həyata keçirilən tədbirlərin davamı kimi, Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Gürdəsər, Lerik və Razvandoband meşəbəyiliklərinin ərazilərində ağacların qanunsuz kəsilməsi barədə Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzindən daxil olmuş material əsasında Lerik Rayon Prokurorluğunda araşdırma aparılıb.

Araşdırmalarla Gürdəsər meşəbəyiliyinin 23 saylı meşə dolayısında 10 min manat dəyərində 54, Lerik meşəbəyiliyinin 14 saylı meşə dolayısında 6 min manat dəyərində 21, Razvandoband meşəbəyiliyinin 22 saylı meşə dolayısında isə 17 min manat dəyərində 17 ədəd müxtəlif cins və diametrdə olan ağacın qanunsuz kəsilərək meşə sahəsindən aparılması aşkarlanıb.

Faktla bağlı Lerik Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 259.1-ci (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi xeyli miqdarda ziyan vurduqda) maddəsi ilə cinayət işi başlanıb. İstintaqın aparılması Lerik Rayon Polis Şöbəsinin istintaq qrupuna tapşırılıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

AZƏRTAC