Kliniki sınaqların aparılması üçün ölkəmizə 1200 doza
Səhiyyə

Kliniki sınaqların aparılması üçün ölkəmizə 1200 doza "Turkovac" peyvəndi gətirilib

Azərbaycanda yeni növ koronavirusa (COVID-19) qarşı Türkiyə istehsalı olan "Turkovac" peyvəndinin 3-cü faza kliniki sınaqlarının aparılmasına başlanılır.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Bakı Sağlamlıq Mərkəzi ilə Türkiyənin Sağlamlıq İnstitutları Başkanlığı arasında protokol imzalanıb.

Protokolu Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənov və Türkiyənin Sağlamlıq İnstitutları Başkanlığının sədri Erhan Akdoğan imzalayıblar.

İmzalanma mərasimində Asiman Həsənov deyib ki, "Turkovac" peyvəndi Türkiyədə fəal şəkildə tətbiq edilir. Tədqiqatın məqsədi həmin peyvəndin ölkəmizdə "buster" doza kimi effektivliyini araşdırmaqdan ibarətdir. Onun verdiyi məlumata görə, ilkin dövrdə könüllülər üzərində sınaqlar aparılacaq və bir neçə ay ərzində peyvəndin yaxın və uzaq nəticələrini öyrənmək üçün onlar mütəmadi olaraq yoxlanılacaq, qan nümunələri götürüləcək laborator müayinələri aparılacaq: "COVID-19 əleyhinə "buster" doza alan könüllülərin ümumi skrinq müayinələri aparılacaq, həmin vaxt COVID-19-a youxub-yoluxmamaları, eləcə də digər ciddi patologiyalar araşdırılacaq. Qarşılıqlı şəkildə həmin şəxslərin buster dozaya uyğunluğu protokollaşdırıldıqdan sonra onlar "buster" doza şəklində kliniki sınaq mərhələsində iştirak edəcəklər".

Türkiyənin Sağlamlıq İnstitutları Başkanlığının sədri Erhan Akdoğan bildirib ki, peyvəndin yan təsirləri aşkarlanmayıb, qoruyuculuğuna görə digər təsdiqlənmiş peyvəndlərlə eyni təsir gücünə malikdir. İnoktivasiya olunmuş "Turkovac" Azərbaycanla bərabər Macarıstan, Polşa, Özbəkistan, Qırğızıstan, Pakistan və Argentina kimi ölkələrdə də sınaqdan keçiriləcək.

İmzalanma mərasimində Türkiyə Aşı İnstitutunun professoru Ateş Kara aparılan sınaqlardan danışarkən deyib: "Türkiyədə "Sinovac" və "Turkovac" peyvəndlərinin müqayisəli təhlili aparılıb. "Sinovac" peyvəndi vurulmuş 1100 xəstənin 43-də, "Turkovac" peyvəndi vurulmuş xəstələrin isə 23-də yoluxma müşahidə olunub. Bu, onu göstərir ki, onların arasında 50 faizə qədər fərq var və "Turkovac"la daha dayanıqlı immunitet qazanmaq olur. Ən başlıcası, peyvənd heç bir yan təsirə malik deyil, infeksiyaya qarşı çoxlu anticisimlər əmələ gətirmək qabiliyyətinə malikdir. Çox az hallarda bəzi xəstələrdə qolda ağrı verir, lakin bu da cəmi 12 saat davam edir. Həm də peyvənd edilənlər arasında xəstəxanayadüşmə halları müşahidə olunmur".

Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev inoktiv "Turkovac" peyvəndinin üstün keyfiyyətlərindən danışıb və onun "buster" doza kimi tətbiqi sınaqlarının uğurlu olacağını deyib.

Onu da qeyd edək ki, kliniki sınaqların aparılması üçün ölkəmizə 1200 doza "Turkovac" peyvəndi gətirilib.

AZƏRTAC