Kanadalı səyyah: Beynəlxalq qurumlar azad olunmuş əraziləri minalardan təmizləmək üçün Azərbaycana kömək etməlidir
Diaspora

Kanadalı səyyah: Beynəlxalq qurumlar azad olunmuş əraziləri minalardan təmizləmək üçün Azərbaycana kömək etməlidir

Hər tərəf mina ilə doludur. Aydındır ki, indiki şəraitdə insanlar üçün burada məskunlaşma mümkün deyil. Ümid edirəm ki, bu ərazilər ən tez zamanda minalardan təmizlənər. Çünki bu, şəhəri və onun iqtisadiyyatını canlandırmağın, insanların bura qayıtmasının yeganə üsuludur.

 AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri erməni işğalından azad edilmiş Ağdam şəhərinə səfər edən beynəlxalq səyahətçilər qrupuna daxil olan kanadalı Kit Reyes deyib.

"Düşünürəm ki, beynəlxalq qurumlar bu əraziləri minalardan təmizləmək üçün Azərbaycana kömək etməlidir. Əgər dünyada oxşar vəziyyətdə olan yerlərə nəzər salsanız görərsiniz ki, artıq həmin ərazilər minalardan təmizlənib", - deyə səyyah bildirib.

İşğal zamanı Ağdamda məsciddə donuz, mal-qara saxlanmasından heyrətə gəldiyini vurğulayan Kit Reyes deyib: "Bu, qəbuledilməzdir. Həqiqətən də çox üzücü bir haldır. Ümid edirəm ki, UNESCO kimi təşkilatlar bu cür tarixi əraziləri gələcək hücumlardan qorumağa, onların təmir olunmasına kömək edəcək".

AZƏRTAC