AZƏRBAYCAN DÜNYA MEDİASINDA
Diaspora

AZƏRBAYCAN DÜNYA MEDİASINDA

"Anadolu Agentliyi": Rusiya və Azərbaycan XİN başçıları Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanmasını müzakirə ediblər

Türkiyənin məşhur "Anadolu Agentliyi" Rusiya və Azərbaycan xarici işlər nazirləri arasında baş tutan telefon danışığı barədə məlumat yayıb. Məlumatda, XİN başçılarının Ermənistanla Azərbaycanın sülh müqaviləsinin imzalanmasına hazırlıq prosesini müzakirə etdikləri bildirilib. Sergey Lavrov və Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün səylərin artırılmasının zəruriliyini bir daha diqqətə çatdırıblar. Onlar həmçinin nəqliyyat kommunikasiyalarının açılması və Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası barədə də fikir mübadiləsi aparıblar.

Xəbərdə, həmçinin Azərbaycanın Qarabağdakı separatizmə son qoymaq məqsədilə sentyabr ayında keçirdiyi lokal antiterror tədbirləri və bölgədəki hazırkı vəziyyət də qeyd olunub.

"Mehr News Agency": İran səfiri və Azərbaycan prezidentinin köməkçisi ikitərəfli əlaqələri müzakirə ediblər

"Mehr News Agency" xəbər saytında Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşü barədə yazı dərc edilib. Bildirilib ki, tərəflər qarşılıqlı münasibətləri, Cənubi Qafqaz regionunda gedən prosesləri, o cümlədən Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını müzakirə ediblər. Görüşdə İsrail-Fələstin münaqişəsi, eləcə də bu məsələdə İslam ölkələrinin rolu barədə də fikir mübadiləsi aparılıb.

Həmçinin xəbərdə 3+3 platforması haqqında da məlumat verilib.

"The Journal": Azərbaycanın İrlandiyadakı səfiri Aİ Parlamentinin Qarabağla bağlı qətnaməsini tənqid edib

Azərbaycanın İrlandiya və Böyük Britaniyadakı səfiri Avropa Parlamentini Azərbaycanı etnik təmizləmədə ittiham etdiyinə görə tənqid edib və Qarabağ ətrafında gedən söhbətlərin tonunu "dəyişməyə ehtiyac olduğunu" bildirib.

Bu barədə "The Journal" xəbər saytı məlumat yayıb. Səfir Elin Süleymanov parlamentin ittihamını "emosional qərar" adlandıraraq, Azərbaycanın Aİ ilə bərabərhüquqlu tərəfdaş kimi işləmək istədiyini deyib.

"Sputnik": Daha 70 sakin Bakıdan Laçına köçüb

"Sputnik" xəbər saytı, oktyabrın 30-da Bakıdan növbəti köç karvanının yola salınması haqqında xəbər yayımlayıb. Qeyd edilib ki, vətəndaşlar Qaradağ rayonundakı "Qobu park 3" yaşayış kompleksindən yola salınıb, bu mərhələdə Laçın şəhərinə Bakı və Sumqayıtda məskunlaşmış 16 ailə, yəni 59 nəfər, həmçinin Beyləqan və Şamaxı rayonlarında məskunlaşmış daha 4 ailə, yəni 11 nəfər yola düşüb. Bununla da Laçın şəhərində 315 ailənin (1205 nəfər) daimi məskunlaşması təmin ediləcək.

"Eureporter": Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün sülh platformasını təklif edir

Bu il sentyabrın 16-19-da Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində "Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Hərəkət Həftəsonu" ("SDG Action Weekend") və "Dayanıqlı İnkişaf Məqsədləri Sammiti 2023" keçirildi. Azərbaycan xarici işlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti tədbirdə yüksək səviyyədə təmsil olundu. "Eureporter" xəbər saytı bu barədə Milli Məclisin deputatı Məzahir Əfəndiyevin fikirlərinə yer verib. Qeyd edilib ki, Azərbaycan nümayəndə heyətinin Sammitin işində uğurlu iştirakı, çıxışları, eləcə də Sammit çərçivəsində həyata keçirdiyi qarşılıqlı görüşlər qlobal sənədin icrasında BMT ilə gələcək əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün imkanlar yaradacaqdır.

"İRNA": İran Xəzəryanı ölkələrin toplantısına evsahibliyi edəcək

Üçüncü Xəzər İqtisadi Forumu noyabrda İranda keçiriləcək. Bu barədə İranın dövlət informasiya agentliyi "İRNA" məlumat yayıb.

Toplantıda 5 Xəzəryanı ölkənin- Azərbaycan, İran, Rusiya, Qazaxıstan və Türkmənistanın Baş nazirlərinin iştirakı gözlənilir. Hökumət rəhbərləri nəqliyyat, müştərək müəssisələr, neft-qaz, maliyyə, bankçılıq, o cümlədən texniki əməkdaşlıq sahəsində müzakirələr aparacaqlar.

Qeyd edək ki, bundan əvvəlki sammit ötən il Türkmənistanda keçirilib.

"Respublika".