KABAR agentliyi Kəlbəcərdə azərbaycanlı jurnalistlərin faciəli ölümündən yazıb
Digər xəbərlər

KABAR agentliyi Kəlbəcərdə azərbaycanlı jurnalistlərin faciəli ölümündən yazıb

Qırğızıstanın KABAR milli xəbər agentliyi Kəlbəcər rayonunda azərbaycanlı jurnalistlərin həlak olması barədə AZƏRTAC-a istinadla məqalə dərc edib. 

Məqalədə qeyd olunur ki, iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində çəkiliş aparan Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) və Azərbaycan Televiziyasının (AzTV) əməkdaşları minaya düşüblər. Tank əleyhinə minanın partlaması nəticəsində AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışov həlak olublar.

Məhərrəm Əli oğlu İbrahimov 1982-ci il aprelin 16-da Ermənistanın Krasnoselsk rayonunun Ardanış kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1999-cu ildə Ali İctimai-Siyasi Kollecin jurnalistika fakültəsinə daxil olub. Ali məktəbi bitirdikdən sonra 2003-2004-cü illərdə DİN-in daxili qoşunlarında hərbi xidmət keçib.

2004-cü il sentyabrın 1-dən AZƏRTAC-da müxbir, 2007-ci il yanvarın 16-dan aparıcı müxbir işləyib.

KABAR agentliyi həlak olanların doğmalarına və yaxınlarına, həmçinin Azərbaycan Dövlət İnformasiya Agentliyinə əməkdaşının həlak olması ilə əlaqədar başsağlığı verir.

AZƏRTAC