Regionda sülhün təminatçısı
Digər xəbərlər

Regionda sülhün təminatçısı

"Uzun illər ərzində Ermənistan liderləri öz xalqını inandırırdılar ki, onlar dünyanın ən güclü ordusuna sahibdirlər, əgər müharibə başlasa, onlar Bakıya gələcəklər, Azərbaycan öz torpaqları uğrunda döyüşməyəcək, azərbaycanlılar artıq işğalla barışıblar. Bütün bu hekayələr tamamilə yanlış idi və təbliğatdan başqa bir şey deyildi. Beləliklə, müharibə bu hekayələri məhv etdi və bu, təkcə bununla bitmədi. O, həmçinin Ermənistan dövlətinin çox sayda ideoloji sütunlarını dağıtdı. Onlar dərk etdilər ki, müharibəni uduzublar və çox güman ki, bu, onlar üçün psixoloji cəhətdən çox ağrılı oldu. İndi biz sülh istədiyimizi deyəndə, bu, ona görə deyil ki, biz zəifik və sülh axtarırıq. Xeyr, onlar bilirlər ki, biz xeyli güclüyük. Bu ona görədir ki, biz tarixin bu qara səhifəsinin bağlanmasını istəyirik. Biz nə bu gün, nə də gələcəkdə başqa bir müharibə istəmirik". Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Şuşada "Euronews" televiziyasına müsahibəsi zamanı deyib.

Azərbaycanın çoxəsrlik tarixinə nəzər yetirsək, görərik ki, ölkəmiz daim sülhü, əmin-amanlığı təşviq edib, humanist və multikultural dəyərləri sözdə deyil, əməldə də göstərməyi bacarıb. Azərbaycan 30 ilə yaxın davam edən erməni işğalına, onların xalqımıza qarşı törətdiyi soyqırımlarına baxmayaraq, Qarabağ məsələsinin sülh yolu ilə həll edilməsinə çalışıb. Lakin Ermənistan bununla razılaşmamış, cəbhə xəttində ard-arda təxribatlar törətməyə davam etmişdir. Məhz bunun nəticəsində Azərbaycan əks-hücum əməliyyatlarına başlayıb, cəmi 44 gün ərzində 30 illik işğala son qoymağa müvəffəq olub. 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ savaşı, noyabrın 10-da Ermənistanın kapitulyasiya aktına imza atması ilə yekunlaşıb. Düşmən tərəfin döyüş meydanındakı məğlubiyyəti Azərbaycanın hərbi gücünü bütün dünyaya göstərib. Məhz İkinci Qarabağ müharibəsində qazandığı tarixi qələbədən sonra respublikamız dünyada qalib ölkə kimi tanınır. Torpaqlarımızın düşmən tapdağından azad edilməsi bölgədə yeni mərhələnin, yeni geostrateji vəziyyətin yaranmasında da əhəmiyyətli rol oynayıb. Təsadüfi deyil ki, dövlətimizin beynəlxalq aləmdə əlaqələri getdikcə genişlənir. Azərbaycanın regionda sülh və sabitliyin təminatçısına çevrilməsi ölkəmizlə əməkdaşlıq etməkdə maraqlı olan dövlətlərin sayını gündən-günə artırır. Buna Prezident İlham Əliyevin xarici ölkələrə səfərləri və digər dövlət başçılarının Azərbaycana səfərləri zamanı apardıqları diplomatik danışıqlar zamanı da şahid olmaq mümkündür. Bir məqamı da xüsusi vurğulamaq lazımdır ki, son zamanlar Azərbaycan ardıcıl olaraq sülhün və inkişafın təmini üçün konkret layihə və proqramlarla çıxış edir. Dövlətimizin başçısının əməkdaşlıq, inkişaf, sülh və sabitlik kontekstindəki təşəbbüsləri beynəlxalq ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilir. Çünki Azərbaycan tərəfindən irəli sürülən sülh təşəbbüsləri nəinki xalqımızın, hətta bütün region ölkələrinin xalqlarının rifahına və tərəqqisinə yönəlib.

Respublikamız bu gün də eyni siyasəti uğurla davam etdirir. Yalnız sülh müqaviləsi bölgəni barış və əməkdaşlıq regionuna çevirə bilər. Qərb qonşumuzun illərdir davam edən xainliyinə baxmayaraq, dövlətimiz müharibə səhifəsini çevirmək, münasibətləri normallaşdırmaq və bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipi əsasında Ermənistanla sülh müqaviləsi imzalamaq niyyətindədir. Sözdə barışıq tərəfdarı olduğunu iddia edən Ermənistanın isə əməlləri dedikləri ilə ziddiyyət təşkil edir. Bunu sülh danışıqları çərçivəsində baş tutan görüşlərdə də görmək mümkündür. Brüssel, Vaşinqton, Kişineu görüşlərinə nəzər salsaq Ermənistanın sülhdən boyun qaçırma təşəbbüslərinin özünü açıq-aydın büruzə verdiyini söyləyə bilərik. Qərb qonşumuzun regiondakı təhlükəsizliyə təhdid törətmək cəhdləri isə əbəsdir. Çünki heç bir güc ölkəmizi haqlı mövqeyindən döndərə bilməz.

Nəzrin ELDARQIZI,

"Respublika".