MOLLA REJİMİNİN ƏMƏLLƏRİ İNSANLIĞA SIĞMIR
Digər xəbərlər

MOLLA REJİMİNİN ƏMƏLLƏRİ İNSANLIĞA SIĞMIR

27 yanvar tarixində Azərbaycanın İran İslam Respublikasındakı səfirliyində törədilən terror aktı ölkəmizdə hər kəsin hiddətinə səbəb olmuşdur. Bu günlərdə Tərtər Rayon Mərkəzi Xəstəxanasının Publik Hüquqi şəxsin direktoru Sərxan Çələbani ilə mövzu ətrafında söhbət etdik. Həmsöhbətim bildirdi ki, tarixən cənub qonşumuz sayılan İran İslam Respublikası Azərbaycana qarşı düşmənçilik siyasəti həyata keçirmişdir. 200 ilə yaxındır ki, torpaqlarımızın bölüşdürülməsi bəzi dövlətlər tərəfindən müxtəlif adlarla davam etdirilmişdir. Nəticədə ölkənin bir hissəsi ermənilərə, bir hissəsi ermənilərdən də pis olan farslara, bir hissəsi gürcülərə və s. hədiyyə verilmişdir.

Ötən əsrin 90-cı illərində ermənilər doğma Qarabağımızı işğal etməyə müvəffəq oldular. Hər kəsə tam aydındır ki, müstəqilliyini təzəcə bərpa etmiş bir respublikanın o qədər də güclü olmayan ordusu işğalın qarşısını ala bilmədi. Lakin ermənilərin ordusu bu işi təkbaşına həyata keçirə bilməzdi. Bir neçə ölkə, o cümlədən bizimlə dini bir olan fars hökuməti Azərbaycan torpaqlarının işğal olunmasında maraqlı tərəf kimi çıxış etdi. Onlar birmənalı olaraq ölkəmizin tamamilə parçalanması üçün əllərindən gələni etdilər. Ermənilərə hər cür yardım göstərdilər. İşğal altında olan ərazilərimizi talamaqla tamamilə viran qoydular.

Mollalar zənn edirdilər ki, əbədi olaraq bu torpaqlar ermənilərə məxsus olacaqdır. Həmin əraziləri narkotik plantasiyalarına çevirmişdilər. 2020-ci il sentyabr ayının 27-də Ali Baş Komandan İlham Əliyevin əmri ilə torpaqlarımızın işğaldan azad olunması istiqamətində əks-hücum əməliyyatına başlanıldı. Rəşadətli Azərbaycan əsgərləri 44 gün ərzində düşmən üzərində möhtəşəm qələbə çalaraq torpaqlarımızı murdarlardan təmizlədilər.

Azərbaycanın zəfərini bəzi ölkələr, o cümlədən din pərdəsi altında min bir hoqqadan çıxan, azərbaycanlıların qanını içməyə hazır olan molla rejimi həzm edə bilmədi. Möhtəşəm qələbəmizdən sonra İranın ölkəmizə nifrəti daha da artdı. Cənubi Azərbaycanda yaşayan soydaşlarımıza qarşı amansız və qəddar davrandılar. İkinci Qarabağ müharibəsi zamanı İran xüsusi xidmət orqanları Azərbaycanın bu haqlı savaşında məğlub olması üçün bütün iyrənc əməllərdən istifadə etdi. Çox təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu gün bütün olanlara baxmayaraq, Azərbaycanda hələ də vicdanını itirmiş molla rejimini dəstəkləyən insanlar var. Mollalar illər uzunu bu işi ölkəmizdə çox ustalıqla yerinə yetirmişlər. Farsların Azərbaycana qarşı son zamanlar daha aqressiv münasibət göstərmələrinin səbəbi isə çox sadədir. İran dövləti aydın başa düşür ki, bir sıra dövlətlərin ölkəmizə təzyiq etmələrinə, eyni zamanda ermənilərə hər cür yardım göstərmələrinə baxmayaraq Azərbaycan istəyinə nail oldu.

Dövlət başçısı İlham Əliyevin Azərbaycanın Qərb bölgəsinə, bu gün Ermənistan adlanan əzəli və əbədi torpaqlarımıza, o yerlərin sakinlərinin qayıtması mesajını verməsi Azərbaycanın bütövlüyünün təmin olunması üçün atılan bir addımdır. Onlar dərk edir ki, hazırda İranda baş verənlər, insanların molla rejiminə qarşı dayanmadan üsyan etmələri bu rejimin sonunun başlanğıcıdır.

Bu baxımdan, İran hər vasitə ilə insanların gözünü qorxutmaq üçün bir sıra rəzilliklər həyata keçirir. Yanvar ayının 27-də Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilən terror aktı qəbuledilməz cinayətdir.

Qeyd etmək lazımdır ki, İran hökuməti daim Azərbaycanın müstəqilliyinə şübhə ilə yanaşmışdır. 2002-ci ildə ulu öndər Heydər Əliyev İran İslam Respublikasına rəsmi səfəri zamanı tərcüməçinin fars dilindən rus dilinə tərcümə etməsinə hiddətlənmiş və qəti etirazını bildirmiş, Azərbaycan dövlət dilinin rus dili deyil, Azərbaycan dili olduğunu xatırlatmışdır. Göründüyü kimi, tarixən İran dövlətinin Azərbaycan dövlətinə qarşı münasibəti heç də normal olmamış, ölkəmizin ərazi bütövlüyünə şübhə ilə yanaşmışdır. Azərbaycanın bütün sülhsevər insanları, fars rejiminin törətdiyi terror aktını pisləyir və narazılıqlarını bildirirlər.

İran İslam Respublikasının bu cinayətə biganə qalaraq heç bir tədbir görməməsi bir daha terrorun sifarişlə baş verdiyini təsdiqləyir. Qısası, səfirliyimizdə törədilən terror aktının arxasında İranın siyasi və dini rəhbərliyi dayanır. Bu isə İran hakimiyyətinin insani keyfiyyətlərdən, bəşəri dəyərlərdən uzaq olduğunun əyani sübutudur. Artıq xeyli vaxtdır ki, İranda insanlar küçələrə axışaraq azadlıq deyə qışqırır, bu rejimdən qurtulmağa çalışır. Vicdanını itirmiş İran rəhbərliyi çürümüş hakimiyyətini qorumaq üçün orada yaşayan azəri soydaşlarımıza qarşı həddindən artıq sərt cəza tədbirləri tətbiq edir, günahsız, məsum insanları edam edir, minlərlə insanı həbs edərək onlara cəza verirlər.

Bundan başqa, Xoy şəhərində baş vermiş zəlzələdən əziyyət çəkən həmvətənlərimizə biganə münasibət, onlara dövlət tərəfindən heç bir köməklik olunmaması, hətta bu insanlara humanitar yardımın çatdırılmaması üçün dəridən-qabıqdan çıxırlar. Nəticədə qocalar, qadınlar və körpələrin vəziyyəti günbəgün daha da ağırlaşır. İran hüquq-mühafizə orqanları dəfələrlə humanitar yardım maşınlarının qarşısını kəsərək hadisə yerində həddindən artıq acınacaqlı vəziyyətdə olan, həyatla ölüm arasında qalan köməksiz insanlara yardımın çatdırılmasına imkan verməmişlər.

Bütün bu olanlar insanlıqdan uzaq, qəddar, əbədi olaraq azərbaycanlıların düşməni olan farsların güney Azərbaycanında yaşayan soydaşlarımıza qarşı soyqırımı əməli kimi qiymətləndirilməlidir. Əslində bütün dünya birlikləri və ölkələri həyəcan təbili çalmalı, molla rejiminin məhv olması üçün birlik nümayiş etdirməlidirlər.

Vəli VƏLİYEV,

«Respublika».