İşğaldan azad edilən ərazilərdə ötən il 41 min 503 mina və partlamamış hərbi sursat aşkarlanıb
MÜSAHİBƏLƏR

İşğaldan azad edilən ərazilərdə ötən il 41 min 503 mina və partlamamış hərbi sursat aşkarlanıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov minatəmizləmə fəaliyyəti, yeni müdavimlərin hazırlanması və Qarabağda təhlükəsiz mühitin yaradılması istiqamətində öhdəliklər, çağırışlar və onların həlli üsulları ilə bağlı AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

–Vüqar müəllim, bildiyimiz kimi, Qarabağda genişmiqyaslı minatəmizləmə əməliyyatları bir neçə qurum tərəfindən həyata keçirilir. Bu fəaliyyət necə əlaqələndirilir?

–Əvvəlcə qeyd edim ki, işğaldan azad olu

nan ərazilərdə minatəmizləmə əməliyyatları ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilir. 2021-ci ildə ümumilikdə 20 min 165 hektar ərazi təmizlənib, 41 min 503 mina və partlamamış hərbi sursat aşkarlanıb.

Prezident İlham Əliyev 2021-ci il sentyabrın 16-da "Azərbaycan Respublikasında minatəmizləmə fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərman imzalayıb. Sənədə əsasən, tapşırıqlar bölgüsünə uyğun olaraq əlaqələndirmə, görülmüş işlərin icrasının monitorinqi və keyfiyyətlə tamamlanmasına nəzarət ANAMA-ya həvalə edilib.

–Sənədlərdən söz açmışkən, bilmək istərdik ki, Agentliyin normativ-hüquqi bazasında hər hansı bir dəyişiklik gözlənilirmi?

–Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 15 yanvar tarixli Fərmanına əsasən publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yaradıldı və hüquqi sənəd olaraq Nizamnaməsi təsdiq edildi. Hazırda Beynəlxalq Minatəmizləmə Standartlarına (IMAS) uyğun, mövcud olan və təkmilləşdirilən Milli Minatəmizləmə Tələbləri, həmçinin "Minatəmizləmə fəaliyyəti haqqında" qanun layihəsi müzakirə olunması üçün aidiyyəti üzrə təqdim edilib.

–2021-ci il ərzində ANAMA tərəfindən icra olunan minatəmizləmə əməliyyatları haqqında məlumat verməyinizi xahiş edirik. Bu sahədə hansı işlər görülüb?

–Bildiyiniz kimi, işğaldan azad edilən ərazilərin inkişaf planına əsasən, Qarabağa "Böyük Qayıdış" proqramı çərçivəsində hökumət tərəfindən təsdiq edilən müvafiq tədbirlər planı mövcuddur. Ötən ilin yekunlarına gəldikdə, 6 min hektar ərazinin təmizlənməsi öhdəliyi qarşısında Agentliyin minaaxtaranları tərəfindən 6201 hektar ərazi mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənərək aidiyyəti üzrə təhvil verilib. Nəticədə piyada əleyhinə 4880, tank əleyhinə 2335 mina, habelə 11 min 205 ədəd PHS aşkar edilərək zərərsizləşdirilib.

Təmizlənən ərazilərin bölgüsünə nəzər salsaq, kənd təsərrüfatı təyinatlı 1981, məskunlaşma üçün nəzərdə tutulan ərazilər üzrə 1373, nəqliyyat infrastrukturu layihələri üzrə 1618, enerji xətlərinin çəkilməsi üçün 586 və digər layihələr üzrə 644 hektar ərazi təmizlənərək təhvil verilib.

Vətən müharibəsindən sonra ANAMA-ya təmizlənməsi həvalə edilən 55 layihədən 46-sı uğurla yekunlaşıb. Təmizləmə əməliyyatları əsasən, energetika, kənd təsərrüfatı, meliorasiya və su təsərrüfatı, nəqliyyat infrastrukturu, sənaye parkları, eləcə də xüsusi tapşırıqlar, yaşayış infrastrukturunun yaradılması və ekoloji qiymətləndirmə istiqamətlərində icra edilib. Ən mühüm layihələrdən Zəfər yolu, Zəngilan rayonundakı "Ağıllı kənd" yaşayış məntəqəsi və hava limanı, Füzuli-Hadrut avtomobil yolu, Xındırıstan-Ağdam elektrik xətti və digərlərini qeyd etmək olar.

–Qarabağda genişmiqyaslı təmizləmə əməliyyatlarının icrası üçün 2022-ci ildə Agentliyin maddi-texniki bazasının və heyətinin artırılması sahəsində nə kimi yeniliklər gözlənilir?

–Minatəmizləmə əməliyyatlarının vaxtında və dəqiqliklə icra olunması üçün şəxsi heyətin mərhələli şəkildə artırılması davam edir. 2021-ci ildə 239 nəfər yeni müdavim təlim və akkreditasiyadan keçərək əməliyyatlara cəlb olunub. Bu il də sahə işçi heyətinin sayının artırılması nəzərdə tutulur. İnanırıq ki, daha böyük ərazinin təmizlənməsinin öhdəsindən gələcəyik.

Maddi-texniki bazanın genişləndirilməsi istiqamətində xüsusi təyinatlı minatəmizləmə maşınları, maqnetik-lokator və detektorlar, minaaxtaranın alət çantası, həmçinin qoruyucu geyim dəstlərinin sayı artırılıb. Ötən il imzalanan müqavilələrə əsasən, 2022-ci ildə də Azərbaycana əlavə texnika və avadanlığın gətirilməsi planlaşdırılır.

Minatəmizləmə əməliyyatına cəlb edilən xüsusi təlim keçmiş itlərin sayı da artırılıb. ABŞ-ın Marşal İrsi İnstitutu (MLİ) ilə memorandum imzalanıb. 2023-cü ilədək ANAMA-ya 30 baş minaaxtaran itin təhvil verilməsi nəzərdə tutulub. Bunlardan 20-si artıq Agentliyə göndərilib. Qeyd edim ki, xüsusi təlim keçən itlərin 12-si ANAMA-nın maliyyə vəsaiti, 18-i isə fərdi donorların ianəsi hesabına alınıb. Növbəti illərdə mövcud əməkdaşlığın davam etdirilməsi və yeni itlərin gətirilməsi gözlənilir.

–Bildiyimiz qədər, minatəmizləmə sahəsi üzrə İşçi Qrupunun iclasları mütəmadi keçirilir. Bu iclaslarda əsasən hansı məsələlər ətrafında müzakirələr aparılır?

–Dövlətimizin başçısının 2020-ci il noyabrın 24-də imzaladığı Sərəncamla Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı yaradılıb. Qərargahın nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi üzrə İşçi Qrupun iclaslarında müvafiq çağırışlar və qarşıda duran məqsədlər geniş müzakirə olunur. İclaslarda iştirak edən Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti qurumların nümayəndələri hesabatlar təqdim edirlər. ANAMA işğaldan azad edilən ərazilərdə həyata keçirilən minatəmizləmə fəaliyyətində əsas əlaqələndirici orqandır.

Minatəmizləmə sahəsində qurumların 2022-ci ilin tədbirlər planına əsasən, ümumilikdə 40 min hektar ərazinin təmizlənməsi planlaşdırılır. ANAMA-nın öhdəliyinə düşən ərazi 20 min hektar təşkil edir. Məhz yeni müdavimlərin hazırlanması Qarabağda icra olunan əməliyyatların müvəffəqiyyətlə həyata keçirilməsinə xidmət edəcək. Yeni müdavimlərin hazırlanması müəyyən müddət tələb edir, təlimlər həm nəzəri, həm də praktiki şəkildə həyata keçirilir. Ümumilikdə, yeni müdavimlərə keçirilən təlimlər Əsas Humanitar Minaaxtarma (ƏHM) və Döyüş Sahələrinin Təmizlənməsi, eləcə də Humanitar Minatəmizləmə Fəaliyyətinə İnteqrasiya üzrə kurslardan ibarətdir.

–ANAMA-nın əməkdaşlarının bilik və bacarıqlarının artırılması istiqamətində 2022-ci ildə hansı işlər planlaşdırılır?

–Bir müddət əvvəl ANAMA ilə Böyük Britaniyanın nüfuzlu MAG (Mines Advisory Group) qeyri-hökumət təşkilatı arasında anlaşma memorandumu imzalandı. Sənədə əsasən, Agentliyin yeni supervayzerləri üçün altı ay nəzəri və altı ay praktiki təlimlərin keçirilməsi, monitorinq və qiymətləndirmə prosesinə dəstək verilməsi gözlənilir. Əminəm ki, bu sahə üzrə əldə edilən biliklər humanitar minatəmizləmə fəaliyyətinin icrasına müsbət töhfə verəcək.

Həmçinin Böyük Britaniyanın Müdafiə Nazirliyi tərəfindən ANAMA-nın 15 nəfər partlayış qrupu işçiləri üçün "EOD level 3+" təlimlərinin keçirilməsi nəzərdə tutulur. Agentliyin əməkdaşları partlayıcı sursatların zərərsizləşdirilməsi istiqamətində əlavə bilik və bacarıqlara yiyələnəcək. Təlimlərdə partlayış əməliyyatlarının planlaşdırılması, idarəedilməsi və tapşırıqların icrası fəaliyyəti də əhatə olunacaq.

–Vüqar müəllim, sonda vətəndaşlara 2022-ci ildə hansı arzularınız var?

–Əvvəlcə vətəndaşlara təşəkkür etmək istərdim ki, il ərzində çağırışlarımıza əməl edərək təhlükəli ərazilərə səfər etmədilər, bununla da fəaliyyətimizin fasiləsiz və davamlı icrası üçün şərait yaratdılar. Bu il "Böyük Qayıdış" proqramı üzrə Qarabağa ilk sakinlərin köç edilməsi gözlənilir. Onlara partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə təlimləri keçiriləcək.

Agentlik tərəfindən 130 dövlət qurumu və özəl müəssisələrin 5 mindən yuxarı əməkdaşı ümumi maarifləndirmə və təlimçilərin təlimi proseslərinə cəlb olunub. Minalanmış ərazilərə yaxın 80 kənddə mina təhlükəsi ilə mübarizə qrupları yaradılıb. Eyni zamanda, minlərlə maarifləndirici və xəbərdaredici materiallar hazırlanaraq əhaliyə paylanıb.

Maarifləndirmə işi minatəmizləmə əməliyyatlarının mühüm istiqamətlərindən biri kimi tərəfimizdən davam etdiriləcək. Necə deyərlər, güc birlikdədir. Bu səbəbdən fürsətdən istifadə edərək vətəndaşlarımıza müraciət etmək istəyirəm ki, gəlin bir olaq, səbir göstərək və təhlükəsiz Qarabağımıza sağlam qayıdaq.

AZƏRTAC