Ekofəalların etiraz aksiyası ictimaiyyət tərəfindən dəstəklənir
MÜSAHİBƏLƏR

Ekofəalların etiraz aksiyası ictimaiyyət tərəfindən dəstəklənir

Ermənistan 30 ilə yaxın işğal altında saxladığı torpaqlarda ekoloji soyqırımı törədib. Bu ərazilərdə ətraf mühitə, bioloji müxtəlifliyə, meşələrə, yeraltı və yerüstü təbii ehtiyatlara böyük zərbə dəymişdir. Ermənistan ekoloji terror aktları törədərək, öz hərbi məqsədləri üçün bundan istifadə etmişdir.

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarına etiraz olaraq Azərbaycanın qeyri-hökumət təşkilatlarını təmsil edən ekoloqların, fəalların, könüllülərin iştirakı ilə Laçın-Şuşa yolunda keçirilən aksiya on gündən artıqdır ki, davam edir. Əlbəttə ki, bu etiraz aksiyası qeyri-qanuni fəaliyyətlərə qarşı Azərbaycan ictimaiyyətinin haqlı narazılığının ifadəsidir. Etirazçılar Azərbaycanın suveren ərazisində təbii sərvətlərinin qanunsuz istismarının qarşısının alınması, monitorinq qrupunun, ekoloqların həmin ərazilərdə öz işlərini icra etmələrinə şərait yaradılmasını tələb edirlər. Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı, habelə ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ilkin monitorinq məqsədilə Azərbaycanın dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin əraziyə girişinə maneçilik törədilməsi səbəbindən bu aksiya təşkil olunub. Azərbaycan həmişə olduğu kimi, sülhməramlı siyasətini davam etdirir. İstənilən bir vəziyyətdə bir yumruq olaraq birləşməyi bacaran xalqımız bu gün də bu birliyi nümayiş etdirir. "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yatağına buraxılmayanadək, eləcə də qeyri-qanuni istismarla bağlı tələblər yerinə yetirilməyənə qədər bu aksiya davam edəcəkdir.

Rəsmi İrəvanın bununla bağlı qərəzli iddiaları əsassızdır. Ermənistan tərəfinin guya Laçın yolunun bağlanması, bölgədə humanitar fəlakət yaşanması, etnik təmizlənmə həyata keçirilməsi barədə iddiaları böhtan xarakterlidir və həqiqəti əks etdirmir. Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri sadəcə talan edilmiş təbii sərvətlərin qanunsuz daşınmasının qarşısını almağa çalışır.

Ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarı təkcə Azərbaycan üçün yox, region üçün də böyük ekoloji fəlakətə səbəb ola bilər. Belə ki, qazıntı işlərinin aparılması üçün 20 hektar meşə zolağı məhv edilib.

Ermənistan öz qeyri-qanuni iqtisadi fəaliyyəti ilə beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozur. Bu cür cinayətlər Ermənistan Respublikası üçün hüquqi məsuliyyət yaradır. Ermənistanın ekoloji terror siyasəti nəticəsində Azərbaycan ərazisindən keçən Araz çayına axan Oxçuçayda suyun tərkibindəki ağır metalların miqdarı dəfələrlə normadan artıqdır.

Bu gün Azərbaycan fəallarının keçirdiyi etiraz aksiyası Qarabağda yaşayan ermənilər üçün heç bir təhdid yaratmır. Keçirilən sülh aksiyası səbəbindən Qarabağ ermənilərinin yaşadığı ərazilərə həyati əhəmiyyətli yüklərin keçməsinə maneçilik törədilməyib. Erməni yalan və uydurmaları müasir dünyamızda artıq qəbulolunmazdır. Bugünkü Azərbaycan ötən əsrin 90-cı illərində olduğu dövlət deyil. Güclü iqtisadiyyatı, modern ordusu olan dünyada söz sahibi, beynəlxalq aləmə inteqrasiya olan bir dövlətdir. Beynəlxalq tribunalardan Azərbaycanın haqq səsi Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən dünyaya çatdırılır. Bu gün regionda yeni reallıqlar yaratmış Azərbaycanın mövqeyi, sülhsevər siyasəti ilə dünya ölkələri hesablaşır. Odur ki, Cənubi Qayqazda söz sahibi olan Azərbaycan haqsızlığa, ədalətin pozulmasına heç bir halda imkan verməz.

Məhəmmədəli SALMANOV,

Azərbaycan Sahibkarlıq,

Özəl Elm və Yüngül Sənaye

İşçiləri Həmkarlar İttifaqı

Respublika Komitəsinin sədri.