İranın anti-Azərbaycan siyasəti etibarsız dost, mehriban düşmən münasibətidir
Siyasət

İranın anti-Azərbaycan siyasəti etibarsız dost, mehriban düşmən münasibətidir

Azərbaycan beynəlxalq münasibətlər sistemində digər ölkələrlə qarşılıqlı əməkdaşlıq, dostluq, inkişaf və tərəqqi yolunu seçmiş bir ölkədir. Dövlətimiz tərəfindən həyata keçirilən xarici siyasətin vacib istiqamətlərindən biri məhz region ölkələri ilə münasibətləri daha sıx əlaqədə qurmaqdır. Azərbaycan daim İrandan da normal qonşuluq, dostluq, qardaşlıq münasibəti gözləyib.

Təəssüf ki, İran 30 il müddətində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını desə də, digər tərəfdən təcavüzkar Ermənistana hər zaman dəstəyini nümayiş etdirib.  İran Azərbaycanın iqtisadi inkişafının əsasını təşkil edən "Əsrin müqaviləsi" imzalananda da, Xəzərin hüquqi statusu ilə bağlı məsələ müzakirəyə çıxarılanda da, Azərbaycan neftini və qazını dünya bazarına çıxaran layihələr həyata keçiriləndə də saysız-hesabsız təxribatlara əl atmışdır.  Ermənistan açıq şəkildə bəyan edib ki, 90-cı illərdə İran Ermənistan üçün bir nəfəslik olub. Baxmayaraq ki, Ermənistan 30 il ərzində torpaqlarımızın 20 faizini işğal altında saxlayaraq İslam dinini, məscidlərimizi təhqir etmiş, yer üzündən silmişdi,  İran həmin Ermənistana böyük dəstək göstərmiş və bu gün də göstərməkdə davam edir. 

Azərbaycanın işğal olunmuş ərazilərində 60-dan çox məscid dağıdılıb, orada donuz saxlanılıb. Azərbaycan bütün müsəlman dünyasına yönəlik bu təcavüzün, vandallığın qarşısını alıb, torpaqlarını işğaldan azad edib. İran isə Ermənistanın bu kimi əməllərinə sərt reaksiya vermək əvəzinə, Azərbaycana qarşı əsassız, absurd ittihamlar irəli sürür. Beləliklə, İran günü-gündən Azərbaycanla münasibətləri gərginləşdirmək yönündə addımlar atır.

İran Ermənistanı daima yanacaq, ərzaq və silah-sursatla təmin edib. Yeganə İslam ölkəsidir ki, İran Azərbaycana qarşı bu cür qərəzli mövqedən çıxış edir. Digər İslam ölkələrinin hər biri Azərbaycanın haqlı mövqeyini birmənalı olaraq dəstəkləyir, hətta bir sıra İslam ölkələri Azərbaycan torpaqlarını işğal etdiyi üçün Ermənistanla diplomatik əlaqələr qurmayıb. İşğal altında olan Azərbaycan torpaqlarının viran edilməsində iranlı işbazların da rolu böyük olub. Onlar həmin ərazilərdə evləri, məktəbləri, sosial obyektləri, bütövlükdə hər şeyi darmadağın edib və daşın daş üstə qalmamasında Ermənistanla birgə fəaliyyət həyata keçiriblər. 30 ilə yaxın müddətdə Qafan-Gorus avtomobil yolunun Azərbaycana aid hissəsindən qanunsuz istifadə ediblər.

Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu heç vaxt açıq şəkildə bəyan etməyən İran bunu yalnız 44 günlük müharibə bitəndən bir neçə ay sonra etiraf etməyə məcbur oldu. Ardınca da Azərbaycanı ərazisində İsrail hərbçilərini saxlamaqla şantaj etdi. İran tərəfi davamlı olaraq Azərbaycanı ittiham etməyə, ərazi iddiaları irəli sürməyə və ölkəmizdə casus şəbəkəsi yaratmağa çalışıb. Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərdən sonra İranın Azərbaycana qarşı qərəzli, riyakar və düşmənçilik siyasəti daha aşkar özünü büruzə verdi. Bu onu göstərir ki, müstəqil Azərbaycanın güclü-qüvvətli olmasını İranın gözü götürmür. İranın Azərbaycana qarşı riyakar, ikiüzlü siyasət yürütməsi onun etibarsız qonşu olduğunu bir daha sübut edir. Riyakarlıq və yalançılıq İranın təkcə Azərbaycana qarşı münasibətində deyil, ümumilikdə bu dövlətin siyasi davranış konsepsiyasında yer tutur. Məqsədyönlü və açıq təxribatlarını davam etdirərək, eyni zamanda özünü "islam dövləti", "müsəlman təəssübkeşi", Azərbaycanın "mehriban qonşusu" kimi təqdim etməyə çalışır. Bax buna deyərlər: "Saman altından su, bığ altından siyasət yeritmək...".

"İran rəsmiləri, o cümlədən çox yüksək vəzifəli şəxslər Ermənistanın ərazi bütövlüyünün İran üçün qırmızı xətt olduğunu bildirirlər. Niyə onların heç biri bizim haqqımızda eyni şeyi demədi? Bizim ərazilərimiz 30 il işğal altında olub. İran rəsmilərindən Azərbaycanın ərazi bütövlüyünün qırmızı xətt olduğunu eşidən oldumu? Xeyr. Bunlar Azərbaycan xalqının verdiyi suallardır. Bu sualı təkcə mən vermirəm. Ancaq hər bir azərbaycanlı öz ölkəsi barədə düşünür, bu sualı verir və cavab tapa bilmir". Bu fikirləri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransda bildirib. Ölkə başçısı vurğulayıb ki,  indi İranla Azərbaycan arasında baş verənlər bizim tərəfimizdən yaranmayıb. Biz yalnız cavab veririk və istər sözlə olsun, istərsə də əməllə hər cür anti-Azərbaycan addımına cavab verəcəyik.

2020-ci ildə Vətən müharibəsində qələbədən sonra Prezident İlham Əliyev Cəbrayıla səfəri zamanı əlini Xudafərin körpüsünə tərəf uzadaraq ona Azərbaycanın dostluq körpüsü kimi baxdığını bildirdi. Bu, əslində İrana mesaj idi ki, biz sizinlə dostluqda və əlaqələrin inkişafında maraqlıyıq. İndiyə kimi nə etmisiniz, onun cavabını özünüz verəcəksiniz. Ancaq gəlin, bu gündən sonra dost olaq, əlaqələrimizi bu istiqamətdə inkişaf etdirək. İran bu təklifə sərhəddə hərbi təlimlər keçirməklə, Ermənistana silah verməklə, Azərbaycanın ünvanına hədyanlar və ittihamlar yağdırmaqla cavab verdi. Müharibə dövründə onların ərazisinə mərmi düşməsi bəhanəsi ilə Azərbaycana xəbərdarlığının, ordumuzun Cəbrayılı işğaldan azad etdiyi vaxtda Arazın o tayında olan soydaşlarımızın bunu qürurla, sevinclə izləyib alqışladıqları zaman buna müdaxilələrinin, Azərbaycanla sərhədə qoşun yeritmələrinin də anti-Azərbaycan mövqeyindən irəli gəldiyini hesab etmək olar. Son bir ildə isə İran Ermənistanı daha qətiyyətli formada dəstəkləyir. İranın Qafanda konsulluq açması isə bunun ən pik nöqtəsi idi.

Dövlət başçısı İlham Əliyev bu barədə deyib: "Biz hər zaman istənilən anti-Azərbaycan bəyanatına və hərəkətinə cavab vermişik və verəcəyik. Bu səbəbdən biz İran ilə sərhəddə hərbi təlimlər keçirməli olduq ki, onlardan qorxmadığımızı nümayiş etdirək. Biz həyat tərzimizin, Azərbaycanın dünyəvi inkişaf vektorunun və azərbaycanlıların, o cümlədən İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik. Onlar xalqımızın bir hissəsidir". Prezident qeyd edib ki, Azərbaycanda tədrisin rus dilində aparıldığı 340 məktəb fəaliyyət göstərir. Bununla yanaşı, respublikada 10 məktəbdə tədris gürcü dilindədir. Gürcüstanda 116 azərbaycandilli məktəb var. İranda tədrisin erməni dilində aparıldığı məktəblər var, ancaq Azərbaycan dilində tədrisin olduğu məktəb yoxdur. Bu necə ola bilər? Əgər kimsə deyir ki, bu, daxili işlərə müdaxilədir, biz bunu tamamilə rədd edirik. Biz heç bir dövlətin daxili işinə qarışmamışıq və qarışmırıq. Biz İran məktəblərində Azərbaycan dilində tədris məsələsini ona görə qaldırırıq ki, əks təqdirdə, ana dilində danışan İran azərbaycanlıları dilin ədəbi komponentini itirirlər və Azərbaycan dili sadəcə məişət səviyyəsində qalır.

Mustafa KAMAL,

"Respublika".