Azərbaycan ordusu regionda təhlükəsizliyin qarantıdır
Siyasət

Azərbaycan ordusu regionda təhlükəsizliyin qarantıdır

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 20 ildir ki, ölkəmiz inkişaf edir. Bu gün Azərbaycan regionda ən güclü orduya malik olan dövlətə çevrilib. Bunu 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Günnüt hadisələri də sübut etdi. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza qələbə sevinci yaşatdı. Azərbaycan Ordusunun mənəvi-psixoloji döyüş ruhu, texniki təchizatı, silah-sursatı peşəkarlıq baxımından Ermənistan ordusunu nə qədər qabaqladığını ortaya qoydu. Bundan cəmi 2 il sonra Günnüt əməliyyatı ilə Naxçıvan MR-in 11 min hektardan çox ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarətinə keçdi. Rəşadətli Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək ümumilikdə 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi.

Bu, dünyanın müasir hərb tarixində misli görünməmiş uğurlu hərbi əməliyyat idi. Ermənistan ordusu demək olar ki, məhv edildi, düşmənin 3,8 milyard dollar dəyərində silah-sursatı sıradan çıxarıldı. Müzəffər Ali Baş Komandan bu Şanlı Qələbənin qazanılmasının əsasında ən müasir silahların deyil, Azərbaycan Ordusunun qəhrəman hərbçilərinin dayandığını dəfələrlə vurğulayıb. Vətən müharibəsində qazanılan Qələbə Azərbaycan Ordusunun gücünü bütün dünyaya göstərdi.

Erməni ordusu da müəyyən silah və texnika ilə təchiz olunmuşdu. Amma bunlar bizim ordu ilə müqayisəolunmaz dərəcədə idi. Öz əsgərinin yeməyini çatdıra bilməyən bir ölkə ordusuna necə döyüş təyinatlı silah və texnikalar ala bilərdi? Bunun üçün heç kifayət qədər vəsaitləri də yox idi. Onların gücü yalnız Moskvaya zəng edib, "Azərbaycanı saxlayın" deyə yalvarmağa çatdı.

Dünyada mövcud olan qabaqcıl təcrübələr Azərbaycan Ordusunda da tətbiq edilir. 44 günlük Vətən müharibəsi və 2023-cü ildə antiterror tədbirlərində Ordumuzun uğurları bunu bir daha təsdiqlədi. Son illər Azərbaycan Silahlı Qüvvələrində Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) standartlarının tətbiqi aktual məsələyə çevrilib. Bu sahədə qardaş Türkiyə Cümhuriyyəti ilə hərbi əməkdaşlıq ön plana keçib.

Türkiyə ilə əməkdaşlıq ordumuzun sarsılmaz gücünə güc qatır. NATO üzvü olan qardaş ölkənin təcrübələrini özündə tətbiq edən ölkəmiz ordu quruculuğu sahəsində bir çox nailiyyətlər qazanıb.

"Azərbaycan NATO-nun etibarlı tərəfdaşı olduğunu sübuta yetirib". Bunu Prezident İlham Əliyev 14 dekabr 2021-ci il tarixdə NATO-nun Baş katibi Yens Stoltenberqlə Brüsseldə Alyansın mənzil-qərargahında birgə mətbuat konfransı zamanı deyib: "Biz Əfqanıstandakı sülhməramlı missiyamıza 2002-ci ildə başladıq və bu il avqustun sonunda onu bitirdik. Azərbaycan hərbçiləri Əfqanıstanı sonuncu tərk edən koalisiya qüvvələrinin hərbçiləri arasında idi. Əlbəttə ki, bu, birlikdə işləməyin böyük bir təcrübəsidir. Bu gün biz, həmçinin əməkdaşlıqla bağlı gələcək planlarımızı müzakirə etdik. Azərbaycan NATO-nun hərbi təlimlərində iştirak edir. Eyni zamanda biz NATO-nun hazırkı və aparıcı üzvlərindən biri olan Türkiyə ilə yalnız bu il yeddi birgə hərbi təlim keçirmişik. Bu da regionda sülh və sabitlik işinə xidmət edir".

Azərbaycan özünün müdafiə qabiliyyətini artırmaq üçün qabaqcıl hərbi texnika, təlim və texnologiyaya sərmayə qoyub. Bundan əlavə, ölkəmiz Türkiyə ilə sıx əməkdaşlıqdan, hərbi standartlarını NATO standartlarına uyğunlaşdırmaqdan və Türkiyənin təcrübəsindən və resurslarından istifadə etməkdən faydalanır. Bu əməkdaşlıq Azərbaycanın hərbi hazırlığını və NATO qüvvələri ilə qarşılıqlı fəaliyyət qabiliyyətini gücləndirir, regional sabitliyə və təhlükəsizliyə töhfə verir. Azərbaycan müdafiənin modernləşdirilməsinə və beynəlxalq tərəfdaşlığa üstünlük verməkdə davam etdiyi üçün onun silahlı qüvvələri milli suverenliyin qorunmasında və regional sülhün təşviqində mühüm rol oynayır. Ölkəmiz kifayət qədər güclüdür. Buna baxmayaraq, regionda sülhün tərəfdarıdır. Hər şeyi ilk başda danışıqlar yolu ilə həll etməyə üstünlük verir. Revanşizmə rəvac verən qüvvələr də anlamalıdırlar ki, Azərbaycan bütün imkanlara malikdir və regionda qarışıqlıq yaratmaq istəyənlərə imkan verməyəcək.

Prezident İlham Əliyevin həyata keçirdiyi kompleks tədbirlər Azərbaycan Ordusunun cəmi bir neçə il ərzində dünyanın ən qüdrətli orduları sırasında yer almasını təmin etdi. Dünyada orduların reytinqlərini tərtib edən nüfuzlu qurumlar təsdiq edirlər ki, Azərbaycan Ordusu 50 ən güclü ordu sırasındadır.

Röya RÜSTƏMLİ,

"Respublika".