İqlim dəyişmələrinin qarşısının alınması işinə töhfə
Siyasət

İqlim dəyişmələrinin qarşısının alınması işinə töhfə

COP29-un ölkəmizdə keçirilməsinə etiraz edənlər qoy bu diyara gəlsin

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil bu günlərdə Bakıda olub. Bakının gözəlliyinin onda heyranlıq doğurduğunu deyən qonaq BMT-nin faktaraşdırıcı missiyasının artıq Azərbaycanda olduğunu və ilə səmərəli müzakirələr apardığını, İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un keçirilməsilə bağlı Azərbaycan tərəfindən görülən hazırlıq işlərini yüksək qiymətləndirdiyini qeyd edib. 

Ölkəmizin bütün bölgələrində, xüsusən də paytaxt Bakıda yeni yaşıllıqlar, meşə massivləri, istirahət parkları salınır, mövcud yaşıllıq sahələri daha da genişləndirilir. Son illər Bakının və Abşeron yarımadasının meşə-parklarla zənginləşdirilməsinə, paytaxtımızın yaşıllıqlar şəhərinə çevrilməsinə çox böyük önəm verilir.

Hazırda respublikamızın meşə fondu sahəsi 1213,7 min hektar olmaqla ümumi ərazinin 14 faizini təşkil edir. Meşə ilə örtülü sahələr 1021 min hektardır ki, bu da ölkə ərazisinin 11,8 faizi deməkdir. Ölkəmizin ümumi meşə ərazilərinin 49 faizi Böyük Qafqazın, 34 faizi Kiçik Qafqazın, 15 faizi Cənub dağlarının, 2 faizi isə Aran zonasının payına düşür. Ekoloji mühitin əsas tərkib hissələrindən hesab olunan meşələr bütövlükdə birinci qrupa aid edilməklə, qlobal ekoloji problemlərdən hesab olunan iqlim dəyişmələrinin, şəhərsalma proseslərinin genişlənməsinin, bioloji müxtəlifliyin azalmasının, atmosferdə qaz balansının pozulmasının qarşısının alınmasında əvəzsiz əhəmiyyət kəsb etməklə yanaşı, ölkənin sosial-iqtisadi, mədəni, müdafiə sahələrinin inkişafında da mühüm rol oynayır.

Son dövrlər qlobal istiləşmə ilə bağlı yay aylarında havanın çox isti keçməsi insanların təbii landşafta əsaslanan park, istirahət bağlarında vaxt keçirməsini zərurətə çevirib. Bu mənada, Bakıda yaşıllıqların artırılmasına xüsusi diqqət yetirilir, belə yerlərin sayı artırılır. 2020-ci ilin sonuna olan statistikaya əsasən, paytaxtımızda parkların sayı 106-ya çatdırılıb ki, onların da çoxu Suraxanı rayonu ərazisindədir. Amma son üç ildə müxtəlif rayonlarda da sakinlərin asudə vaxt keçirməsi, dincəlməsi üçün yeni parklar salınıb, həmçinin bəzi parklar əsaslı yenidənqurma və abadlıq işlərindən sonra istifadəyə verilib. Paytaxtın Xətai, Yasamal və Nəsimi rayonları ərazisində yaradılan və təbiiliyi ilə seçilən parklar buna nümunədir. Məsələn, bir zamanlar baxımsız bir ərazidə salınan "Gənclik" parkı yenidən qurularaq meşə tipli parklardan birinə çevrilib. Park 43 hektar ərazidə yerləşir. Burada 300 minədək ağac əkilib, yaşıllıqlar salınıb, eyni zamanda şəhər sakinlərinin və qonaqların istirahəti üçün müxtəlif infrastruktur yaradılıb.

Birinci xanım Mehriban Əliyevanın "Hərəmiz bir ağac əkək!" şüarı ilə başlayan ağacəkmə kampaniyası uğurla davam etdirilir və artıq işğaldan azad edilmiş torpaqlarda da həyata keçirilir. Eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva tərəfindən məhəllələrarası parklar formatı tətbiq olunur. Bu layihə çərçivəsində ərazilərdəki onlarla binanın fasadları, dam örtükləri, bloklar təmir olunur, bütün yaş kateqoriyaları üzrə həm istirahət etmək, həm idmanla məşğul olmaq, həm də vaxt keçirmək üçün şərait yaradılır.

Salınan parklar ildən-ilə gözəlləşən Bakımızın ümumi mənzərəsinə bir az da gözəllik qatır. Bu gün paytaxtın küçələrini bəzəyən Dənizkənarı Milli Park, Filarmoniya bağı, Fəvvarələr meydanı, Zabitlər parkı, Sahil bağı, Xaqani bağı, Səməd Vurğun bağı, Zorge parkı, "Koala Park" əyləncə mərkəzi, Dədə Qorqud parkı, Qış parkı, ümummilli lider Heydər Əliyevin adını daşıyan çoxsaylı park, akademik Zərifə Əliyeva adına park və digər istirahət məkanları sakinlərlə yanaşı, Bakının qonaqlarının da sevimli məkanıdır.

Bəs gözəlliyindən, əhəmiyyətindən danışdığımız bu park və əyləncə, istirahət yerləri Bakının sosial-ekoloji vəziyyətinə necə təsir edir. Ümumiyyətlə, mütəxəssislər bu barədə nə düşünürlər? Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirli deyib: "Salınan yeni parklar sayəsində Bakı daha da gözəlləşib. Məsələn, son illər salınan Qış parkı ərazisinə görə ən böyük parkdır. İnsanlar bu parkda istirahət edir, asudə vaxtlarını şən keçirirlər... Ən başlıcası, bunun Bakının ekoloji vəziyyəti üçün faydası böyükdür. Nəzərə almaq lazımdır ki, Bakı küləklər şəhəridir. Son illər əhalinin kəskin artması yaşıllıqlara olan tələbatı artırıb. Havanın tənzimlənməsi baxımından parkların rolu böyükdür".

Bəli, Azərbaycan bu ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 kimi mötəbər bir tədbirə evsahibliyi edəcək. Bu, o deməkdir ki, beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimad var, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsi təqdir olunur. Təəssüf ki, bu məsələdə ölkəmizi dəstəkləməyən, qarayaxmalarla məşğul olan qüvvələr də var. Onlar Azərbaycanın COP29-u keçirmək üçün uyğun məkan olmadığını deyirlər. Bu, ermənipərəst qüvvələr yenə də haqqı nahaqqa qurban verirlər. Onlar yəqin bilmirlər ki, "yüz danışmaqdansa, bir dəfə görmək yaxşıdır". Azərbaycanın qapıları buraya xoşniyyətlə gəlmək istəyənlərin hamısı üçün açıqdır. O zaman çox şey aydın olar, əlbəttə, ədalətli  qərar vermək istəyənlər üçün. Ermənistanın istismar müddətini başa vurmuş Metsamor AES-in bütün beynəlxalq təzyiqlərə baxmayaraq, fəaliyyət göstərdiyini və tullantılarını Araz çayının qolu olan Razdan vasitəsilə axıtdığını da, ermənilərin 30 il işğal altında saxladıqları Azərbaycan torpaqlarında törətdikləri ekoloji terrorun fəsadlarını da yaxşı görərlər.

Azərbaycan isə bu gün yenidən qurduğu o yerlərin yarasına məlhəm çəkir, meşələr salır, minalardan təmizləyir, infrastruktur yaradır. Bu gün Azərbaycan həm də yaşıllıqlar diyarıdır. Elə COP29-un Bakıda keçirilməsi üçün yekdil qərara gələnlər də məhz bu amilə əsaslanırlar. Gözəllik görmək istəyənlər, qoy Azərbaycana gəlsin!..

Zümrüd QURBANQIZI,

"Respublika".