İQTİSADİ STATİSTİKA
İQTİSADİYYAT

İQTİSADİ STATİSTİKA

Magistral qaz kəmərlərindən gəlirlər  artıb

Ölkəmizdə magistral qaz kəmərləri vasitəsilə 2021-ci ilin birinci yarısında 873 109,9 min manat məbləğində xidmətlər göstərilib, bu da illik müqayisədə 49% çoxdur. Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, 2020-ci ilin müvafiq dövründə bu göstərici 571 789,6 min manat təşkil edib. Qeyd etmək lazımdır ki, ötən il magistral qaz kəmərləri vasitəsilə 1 196 728,1 min manat məbləğində xidmətlər göstərilib, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 20,7% artım deməkdir.

 

Mübadilə əməliyyatlarının həcmi çoxalıb

Xarici valyutada nağd mübadilə əməliyyatlarının həcmi 2021-ci ilin iyul ayı  üçün   açıqlanıb. Mərkəzi Bankdan verilən  məlumata əsasən, göstəricilərdə ABŞ dolları, ingilis funt sterlinqi, avro və rus rublu üzrə mübadilə əməliyyatlarının həcmi təqdim edilib.

Belə ki, 2021-ci ilin iyul ayında banklar tərəfindən 119 105 200 ABŞ dollarının alışı, 94 189 000 ABŞ dollarının isə satışı həyata keçirilib. 2020-ci ilin cari dövrünə nisbətən banklar tərəfindən dolların alışı 24,2 faiz çox, satışı isə 37,6 faiz az olub. Bu dövr ərzində 548 900 ingilis funt sterlinqinin alışı həyata keçirilib. Eləcə də, banklar tərəfindən 878 600 funt sterlinq həcmində satış baş tutub. Cari valyuta vahidi üzrə alış ötən ilə nisbətən 38,1 faiz çox, satış isə 1,3 faiz az olub. İyul ayında banklar tərəfindən 6 219 400 avro həcmində alış baş tutub. Dövr ərzində 17 442 200 dəyərdə avro satışı təmin edilib. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə avronun alışı 27,6 faiz çoxalıb, cari valyuta üzrə satış həcmi də 16,9 faiz azalıb. Ötən ay ərzində 1 751 527 400 Rusiya rublunun alışı həyata keçirilib. Cari dövrdə 182 588 000 rus rublunun satışı banklar tərəfindən təmin edilib. Rus rublunun alışı ötən ilə nisbətən 28,7 faiz artıb. Həmçinin, satışı da 2020-ci ilin iyul ayı ilə müqayisədə 7,3 faiz çox olub.

 

Kredit portfelinin ümumi həcmi 15 367 700 000 manat təşkil edib

2021-ci il avqust ayının 1-nə Azərbaycanda kredit portfelinin ümumi həcmi 15 367 700 000 manat təşkil edib.

Mərkəzi Bankdan verilən  məlumata görə, bu göstərici əvvəlki ayla 0,7 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 5,4 faiz çoxdur. Bu isə o deməkdir ki, iyul ayı ərzində bankların kredit portfelinin həcmi 109 600 000 manata yaxın artıb. Buna paralel olaraq ölkədə problemli kreditlərin həcmi də artaraq 937 500 000 manat olub. Bu, əvvəlki ayla müqayisədə 2,5 faiz çox, illik müqayisədə 11,8 faiz azdır. Vaxtı keçmiş kreditlərin həcmi ümumi kredit portfelinin 6,1 faizini təşkil edib. Kreditlərin 2 873 500 000 manatı dövlət bankları tərəfindən təmin edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,3 faiz çox olsa da, əvvəlki ayla müqayisədə 0,3 faiz azdır.

Özəl banklar tərəfindən isə 12 093 000 000 manat həcmində kredit verilib. 2020-ci ilin eyni dövrü ilə müqayisədə özəl banklar 4,2 faiz, aylıq müqayisədə isə 1 faiz daha çox kredit verib.

                                

Bankomatların sayı  açıqlanıb

İlin əvvəlindən ölkədə POS-terminalların sayı 5% və ya 2 875 vahid artıb. POS-terminalların 39 148 ədədi və ya 67,1%-i Bakıda, qalan 19 743 və ya 32,9%-i isə regionlarda quraşdırılıb.

Mərkəzi Bankın verdiyi məlumata görə, Azərbaycanda  POS-terminalların sayı iyul ayı ərzində 0,3% və ya 155 vahid azalaraq 59 995 ədəd təşkil edib.

Hesabat ayında bankomatların sayında isə artım müşahidə olunub. Belə ki, ölkədə quraşdırılmış bankomatların sayı iyulda 0,7% və ya 20 ədəd, ilin əvvəlindən isə 4% və ya 109 vahid artaraq 2 824-ə çatıb. Bankomatların 1 497-si və ya 53%-i Bakıda, 1 327 ədədi və ya 47%-i isə regionlarda quraşdırılıb.

Bəybala  BƏYBALAYEV,

“Respublika”.