İnsanlığı məhv edən qəddar düşmən
Digər xəbərlər

İnsanlığı məhv edən qəddar düşmən

Belə məkrli, xain, qana susayan, təxribatçı və terrorçu düşmən çox təəssüf ki, qonşuluğumuzda yerləşir, necə deyərlər, lap çəpərimizin dibindədir, girəvə güdür. XIX əsrin ortalarında ermənilər torpaqlarımıza köçürüləndən sonra qədim İrəvanın və Qarabağın gələcək taleyinə ağır və sağalmaz yaralar vuruldu. Ermənilər sığındıqları, pənah gətirdikləri, çörəyini yedikləri, evlərində yaşadıqları azərbaycanlılara qarşı xəyanət, satqınlıq, nifrət yolunu tutdular. Bu torpaqlarda məskunlaşan ermənilər iki yüz ildən artıqdır ki, azərbaycanlılara qarşı terror hadisələri törədir, pis xislət, boş iddia, əsassız ittiham, sərsəm açıqlamalarla çirkli mahiyyətlərini nümayiş etdirirlər.

Tarixi sənədlər, arxiv materialları, şahidlərin ifadələri ilə sübut olunub ki, qədim torpaqlarımız olan Ermənistanda yaşayan azərbaycanlılara qarşı 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə deportasiya və etnik təmizləmə həyata keçirilib, 1988-ci ildə isə deportasiyanın sonuncu mərhələsi qanlı faciələr və qırğınlarla başa çatdırılıb. Bütün bu illər ərzində ermənilərin azərbaycanlılara qarşı törətdikləri qırğınlarda əsas hədəflərdən biri də uşaqlar olub. Məkrli düşmən uşaqları qətlə yetirməklə xalqımızın gələcəyini məhv etməyə çalışıb. 1988-ci ildə Ermənistanın yerli azərbaycanlılara qarşı qəddarlıqla həyata keçirdiyi hərbi təcavüz və törətdiyi deportasiya zamanı 123 uşaq öldürülüb. 1988-ci ildə Gümrü şəhərində uşaq evində yaşayan 70 azərbaycanlı uşaq Qazax rayonuna gətirilərkən ermənilər həmin avtobusun qarşısını kəsərək Muradyan adlı bir erməninin əmri ilə həmin uşaqları borunun içərisinə doldurub və hər iki tərəfdən ağzı qaynaqlanaraq bir uçuruma atılıb. 1990-cı il yanvarın 19-da Ermənistan silahlı qüvvələrinin top atəşi nəticəsində Naxçıvanın Sədərək kəndində 6 yaşlı Elvin və 4 yaşlı qardaşı Malik həlak olub.

Azərbaycan Respublikası Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasında toplanmış faktlar, 1988-1993-cü illərdə Qarabağda şahidi olduğum hadisələr Ermənistanın terrorçu və qatil bir dövlət olduğunu sübut edir. 1992-ci ilin oktyabr ayında ermənilər xarici muzdlu dəstənin köməyi ilə Xocavənd rayonuna hücum etdikləri zaman 17 uşaq qətlə yetirilib, 140-a yaxın uşaq isə yetim qalıb. Həmin uşaqların cansız şəkillərdəki baxışları erməni vəhşiliyinin, erməni xislətinin nə qədər təhlükəli olduğundan xəbər verir.

Məhəmmədəli Balakişiyev 1978-ci ildə Xocavənd rayonunun Günəşli kəndində anadan olub, IV sinif şagirdi, dərs əlaçısı idi. 10 yaşlı uşağı azərbaycanlı olduğu üçün ermənilər qətlə yetiriblər. Xocavənd rayonunun Qaradağlı kəndində erməni silahlı dəstələrinin törətdikləri faciə zamanı bir ailədən 4 nəfər həlak olub və onlardan biri 14 yaşlı İbiş olub. Başqa bir ailədən üç nəfər öldürülüb, onların arasında 17 yaşlı Niftalı da güllələnib. Ermənistan və onun havadarlarının törətdiyi Xocalı soyqırımı zamanı 63 uşaq qətlə yetirilib, 25 uşaq hər iki valideynini itirib, 76 nəfər uşaq yaralanıb, 26 uşaq itkin düşüb və bu günə qədər onların taleyindən heç bir xəbər yoxdur. Xocalıda bir ailədən üç nəfər, onlardan ikisi azyaşlı Çinarə və Çingiz itkin düşüb. Ermənilərin silahlı hücumu nəticəsində xilas olmağa çalışan bir ailənin üç azyaşlı övladı meşədə soyuqdan donaraq gözlərini əbədi yumub. On bir yaşlı Nəbi Ağayarovun taleyi ermənilərin törətdikləri soyqırımının ən qanlı səhifəsidir.

1992-ci il mayın 18-də Laçın rayonu işğal ediləndə 14 nəfər uşaq qətlə yetirilib. 1993-cü il martın 29-da Kəlbəcər rayonu ərazisində 40 nəfər azərbaycanlının 35 nəfəri ermənilər tərəfindən öldürülüb və yandırılıb. Onlardan bir neçə nəfəri uşaqdır. Ermənistanın hərbi təcavüzü və işğalı nəticəsində Ağdam rayonundan 23, Füzuli rayonundan 24, Cəbrayıl rayonundan 13, Qubadlıdan 8, Zəngilandan 5 nəfər uşaq qətlə yetirilib. Ermənistanla həmsərhəd olan Qazax rayonunda 9, Tovuz rayonunda 14, Gədəbəydə isə 6 uşaq ermənilərin açdığı atəş nəticəsində həlak olub. Rusiyalı jurnalist Y.Romanovun "Mən müharibəni çəkirəm" adlı kitabındakı bir epizod hazırda erməniləri müdafiə etməyə çalışan bəzi Qərb ölkələri, xüsusilə Fransa, dünyanı taun kimi bürümüş erməni lobbisi və digərləri üçün ibrət dərsi olmalıdır. Kitabda yazılıb: "Başı sarıqlı 6 yaşlı qızcığaz. Sarğı elə qoyulmuşdur ki, onun hər iki gözünü örtür. Mən kameranı söndürmədən qızcığaza tərəf əyilirəm:

- Sənə nə olub, əzizim?

- Gözlərim yanır... Əmi, gözlərim yanır...

- Gözlərin yanır?

Həkim əlini çiynimə qoyur və deyir: O kordur. Gözlərini ermənilər siqaret kötükləri ilə yandırıblar. Onu bizim yanımıza gətirəndə gözlərindən siqaret kötüklərinin qalıqları sallanırdı". Bu qan donduran hadisə Xocalı soyqırımı zamanı Ağdamdakı xəstəxanaların birində qeydə alınıb.

Gələcəyimizi məhv etməyi qarşısına məqsəd qoyan, kin-küdurəti ilə xalqımıza əzablar yaşadan, gücü yalnız qadına, qocaya, uşağa çatan namərd ermənilərin bütün xəyallarına və xəbis niyyətinə 2020-ci ildə 44 günlük müharibə ilə son qoyuldu. Qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə çinar kimi oğullarımız, igid zabitlərimiz Ermənistan silahlı qüvvələrini döyüş meydanında məhv edərək bütün şəhidlərimizin və günahsız insanların, körpə uşaqların qisasını aldı. Dünyaya "qəhrəman" kimi təqdim edilən və ermənilər haqqında yaradılan mif cəmi 44 günə darmadağın edildi, Ermənistan ağır itkilərdən sonra kapitulyasiya aktına qol çəkməyə məcbur edildi. Düşmənin ideoloji dayaqları dağıdıldı, ermənilik sındırıldı.

2020-ci il noyabr ayının 8-də dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Bakıdakı Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətində deyib:

- Bu gün bəyan edirəm ki, şəhidlərimizin qanı yerdə qalmır. Erməni vəhşiliyinin qurbanlarının, Xocalı qurbanlarının qanı yerdə qalmır. İntiqamımızı döyüş meydanında aldıq. Biz mülki vətəndaşlara qarşı heç vaxt müharibə aparmamışıq, bu dəfə də aparmamışıq. Baxmayaraq ki, mənfur düşmən 93 mülki şəxsi namərd atəşlə öldürüb, 400-dən çox mülki şəxs yaralanıb. Amma mən dedim yox, biz azərbaycanlıyıq! Biz intiqamımızı döyüş meydanında alacağıq və alırıq! Onların ordusunu məhv etmişik, texnikasını məhv etmişik, məhv edirik və edəcəyik. Düşməni qovuruq və qovacağıq!

Şanlı qələbədən ötən iki ildən artıq vaxtda Ermənistan sülh danışıqlarından yayınır, özünə havadarlar axtarır, Qərb dövlətlərinin qapısını döyür, erməni hiyləgərliyi ilə üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırır. Bu da onu göstərir ki, Ermənistan Cənubi Qafqazda dinc gələcəyin qurulmasına ciddi təhlükə yaradır, birgəyaşayışa, qonşuluğa etinasız yanaşır. Bir sözlə, suyu bulandırmaq üçün köhnə vərdişlərindən istifadə edir. Bu vurnuxma çox güman ki, uzun müddət davam edə bilməz...

Salman ALIOĞLU,

"Respublika".