Hadisələr... Təhlillər…
Digər xəbərlər

Hadisələr... Təhlillər…

Ötən hər gün, ay və il ölkəmizlə bağlı mühüm əhəmiyyətə malik, maraqlı, tarixi və taleyüklü hadisələrlə yadda qalır. Təbii ki, qəzetimizin saylarında həmin hadisələr barədə operativ yazılar, xəbərlər, rəylər verilib. "Respublika"nın bu sayından etibarən isə oxucular yeni - "8-ci gün" rubrikası ilə tanış olacaqlar. Bu ad özlüyündə məram və məqsədlərimizi açıq ifadə edir. Belə ki, hər 8-ci gün ötən 7 gün ərzində istər ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatında, istərsə də onun hüdudlarından kənarda baş verən Azərbaycanla bağlı hadisələrə nəzər salaraq, daha aktual olanları qısa şərh formasında, lakonik tərzdə, digərlərini isə xronoloji qaydada oxucularımıza təqdim edirik.

  • 14 avqust - Akif İslamzadə "Şöhrət" ordeni ilə təltif edilib.
  • R.A.Məlikin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında Sərəncam imzalanıb.
  • Türkiyənin media nümayəndələri işğaldan azad edilmiş Ağdamda olublar.
  • 15 avqust - Azərbaycan Republikasının Prezidenti cənab İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Zati-aliləri cənab Vladimir Putinə və Dağıstan Respublikasının rəhbəri cənab Sergey Məlikova başsağlığı məktubu ünvanlayıb.
  • Şuşada növbəti kütləvi məzarlıq aşkarlanıb.
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Pirallahı rayonunda "Diamed" dərman istehsalı zavodunun açılışında iştirak edib.

 

Qeyri-neft sənayesinin inkişafı əsas hədəfdir

Qeyri-neft iqtisadiyyatının inkişafı və sənayeləşmə dövlətimizin başçısının əsas siyasət istiqamətlərindən biridir. Makroiqtisadi sabitliyi qoruyub saxlamaq, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektoru və regionların inkişafının sürətləndirilməsi, sahibkarlığı inkişaf etdirmək və ona dövlət dəstəyini gücləndirmək, özəl bölmənin inkişafı üçün azad rəqabət və münbit investisiya mühiti yaratmaq bu mərhələdə həyata keçirilən iqtisadi siyasətin səciyyəvi xüsusiyyətlərindən olmuşdur. Hazırda ölkəmizdə 7 sənaye parkı və 5 sənaye məhəlləsinin mövcud olması dövlətimizin sənayenin inkişafına xüsusi əhəmiyyət verdiyini göstərir. Bunlardan biri də Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə əczaçılıq məhsullarının istehsalı sahəsində ixtisaslaşmış Pirallahı Sənaye Parkıdır. Bu günədək parkda 6 müəssisə rezident kimi qeydiyyatdan keçib. Onlardan "R-Pharm" MMC və "Diamed Co" MMC artıq fəaliyyətə başlayıb. Rezidentlər tərəfindən 36,6 milyon manatdan çox investisiya yatırılıb, 130-dan çox iş yeri yaradılıb. Növbəti mərhələdə 30 milyon manat investisiyanın qoyulması və daha 250-dən artıq iş yerinin yaradılması nəzərdə tutulur. Bu sənaye parkının rezidentləri tərəfindən indiyədək 37 milyon manatlıq məhsul istehsal olunub. Prezident İlham Əliyevin işə saldığı dərman zavodunda hazırlanan məhsullar yerli tələbatı ödəməklə yanaşı, Rusiya, Gürcüstan və Orta Asiya ölkələrinə ixracı da planlaşdırılıb. Həmçinin belə sənaye müəssisələrinin yaradılması yeni iş yerlərinin açılmasına da səbəb olur. Bu baxımdan, "Diamed" dərman zavodunda 100 iş yeri yaradılıb.

  • 16 avqust - Qax rayonunun Qax-Qaşqaçay-Armudlu (11 km)-Aşağı Malax-Qaşqaçay-Armudlu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalanıb.
  • Kəlbəcərdə erməni diversant qrupunun üzvü saxlanılıb.
  • Azərbaycandakı diplomatik korpusun üzvləri Ağdama səfər edib.
  • Laçının daha 65 sakini doğma yurda qayıdıb.
  • BMT Təhlükəsizlik Şurası ermənilərin yaşadığı Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın-Xankəndi yolunun guya "bağlanmasından" sonra yaranmış "humanitar böhran"ın müzakirəsi üçün təcili iclas keçirib.

 

Siyasi manipulyasiya, yoxsa reinteqrasiya...

"Humanitar böhran" şousu, "soyqırımı" böhtanı məhz fikri yayındırma cəhdləridir ki, onlar vaxt qazansın. İndi Ermənistan hakimiyyəti dünyaya car çəkir ki, guya biz Qarabağı blokada vəziyyətində saxlamışıq, ermənilərə qarşı təzyiq göstəririk.

Xankəndidəki xunta rejimi və mövcud Ermənistan hakimiyyəti yaxşı bilir ki, reinteqrasiya prosesi baş tutarsa, onların "humanitar böhran", "soyqırımı" kimi böhtanları qüvvədən düşəcək. Nəticədə beynəlxalq ictimai nəzəri aldatmaq üçün əldə heç bir bəhanə qalmayacaq. Digər tərəfdən, reinteqrasiya prosesinin baş tutmasının ardınca Qərbi azərbaycanlıların da doğma yurdlarına qayıtması üçün qapılar açılmış olacaq.

Avqustun 16-da BMT Təhlükəsizlik Şurası ermənilərin yaşadığı Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın-Xankəndi yolunun guya "bağlanmasından" sonra yaranmış "humanitar böhran"ın müzakirəsi üçün təcili iclas keçirdi. Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev iclasda çıxış edərək Ermənistanın davamlı dezinformasiyasından, beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq üçün apardığı kampaniyadan danışaraq hayların yalanlarını bir-bir ifşa etdi. Azərbaycan dövlətinin bu məsələ ilə bağlı mövqeyi barədə əsaslı fikir formalaşdırıldı.

Ermənistanın "hay-həşiri" təcili iclasın keçirilməsinə səbəb olsa da, masada əyləşmiş ikili standartların təmsilçiləri hər vəchlə ölkəmizə qarşı təsir mexanizmlərini işə salmaq niyyəti güdsə də, iclas Azərbaycan diplomatiyasının növbəti qələbəsi ilə başa çatdı. Bu məqamda qardaş ölkənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın səsləndirdiyi bir məsəli qeyd etmək yerinə düşərdi: İşaəstəndi, koftəndi, bərhaəstəndi (Oturdular, danışdılar, dağıldılar).

  • 17 avqust - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalanıb.
  • Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qabon Respublikasının Prezidenti Zati-aliləri cənab Ali Bonqo Ondimbaya və İndoneziya Respublikasının Prezidenti Zati-aliləri cənab Coko Vidodoya təbrik məktubu ünvanlayıb.   
  • 18 avqust - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Kolumbiyanın, Tacikistanın, Koreya Xalq Demokratik Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul edib.
  • Moskvada Xəzər regionunda əməkdaşlıq məsələləri müzakirə edilib.
  • Füzuli şəhərinə köç başlayıb.

 

Böyük Qayıdış proqramı uğurla icra edilir

Doğma torpaqlarımız düşmənin zəhərli pəncələrindən artıq üç ilə yaxındır ki, qurtulub. Vətəndaşlarımız yavaş-yavaş 30 il əvvəl gözüyaşlı çıxdıqları dədə-baba torpaqlarına sevinc hissilə qayıdır.

Qarabağda, sözün əsl mənasında, həyat yenidən canlanıb. Qarabağ bölgəsində həyata keçirilən bərpa-quruculuq işləri dövlət-özəl tərəfdaşlığına, habelə regionda sabitliyin və inkişafın qorunmasına mühüm zəmin yaradır. Yeni sağlamlıq mərkəzləri, təhsil ocaqları, sosial təminat müəssisələri inşa edilir. Görülən işlərlə Prezident İlham Əliyev yaxından maraqlanır. Təkcə 2021-ci ildə Qarabağ bölgəsinə ölkə başçımızın 32 səfəri olub. Bütün səfərlərində "Qarabağda cənnət yaradacağıq" deyən ölkə başçımız bu günə qədər verdiyi bütün vədləri, sözləri yerinə yetirib. İlk gündən yenidənqurma məsələsi prioritet olub. Cənnətməkan guşələrimizdən biri də Füzulidir. Ölkə başçımızın xüsusi diqqəti nəticəsində Füzuli şəhəri sürətlə inkişaf edir, çiçəklənir. Ən son texnologiya və təchizatlarla yenidən qurulan şəhərə Prezident İlham Əliyev dəfələrlə səfər edib, görülən işlərlə tanış olub.

Füzuli şəhərinə ilk köç baş tutub. İlk olaraq 90 nəfərdən ibarət olan 23 ailə doğma şəhərinə qayıdıb. Qeyd edək ki, birinci mərhələdə Füzuli şəhərinə ümumilikdə, 144 ailənin köçürülməsi nəzərdə tutulur.

Avqustun 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Füzuli şəhərinə köçürüləcək ailələr arasında püşkatma keçirib. Püşkatmada 144 ailə (509 nəfər) iştirak edib. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıb. Bu gün Füzulidə, Ağdamda, Cəbrayılda, Zəngilanda və Laçında quruculuq işləri geniş vüsət alır.

  • 19 avqust - "Təmiz ölkəm" təmizlik aksiyası çərçivəsində Xəzərin Hövsan sahili tullantılardan təmizlənib.
  • Azərbaycan dənizçiləri Panamadakı dənizçilik şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi barədə danışıqlar aparıb.
  • Şamaxıda növbəti toxum sərgi-satış yarmarkası keçirilib.

"Respublika".