İgidliyin və şərəfin ucalığı
Sosial həyat

İgidliyin və şərəfin ucalığı

Ötən ilin payızında 44 gün davam edən Vətən müharibəsi hərb tariximizin şanlı bir səhifəsi kimi əsrlər boyu yaşayacaq, gələcək nəsillərə bələdçilik edəcək. Müzəffər Azərbaycan ordusu Ali Baş Komandan tərəfindən qarşıya qoyulan vəzifəni qısa müddət ərzində şərəflə yerinə yetirib. İgid oğulların şücaəti sayəsində təcavüzkar Ermənistan 30 ilə yaxın işğalda saxladığı torpaqlardan qovulub, düşmənin ordusu darmadağın edilib. Ermənistanın təslim olmaqdan başqa çarəsi qalmadı. Vətən müharibəsində igidlik göstərən oğullardan biri də Bəhruz İbrahimovdur.

Bəhruz 1983-cü il iyun ayının 22-də Füzuli rayonunun Gövşadlı kəndində anadan olub. Ermənistanın hərbi təcavüzü nəticəsində on yaşı olanda ailəsi ilə birlikdə doğma kəndindən didərgin düşüb. Məcburi köçkünlük həyatı Bəhruzun doğma yurd həsrətini daha da gücləndirib. Şəhidin qardaşı Mübariz İbrahimov bildirir ki, uşaq yaşlarında erməni vəhşiliyinin şahidi olan qardaşı qarşısına məqsəd qoyur ki, mütləq hərbiçi olacaq.

Gün gəlir, Bəhruz həqiqi hərbi xidmətə çağrılır. Nümunəvi xidməti ilə seçilir, komandirlərin tapşırığını yüksək səviyyədə yerinə yetirir. Tank bölüyündə peşəkarlığını artıran Bəhruz öz sevimli tankından ayrılmayacağına qərar verir. Müddətdən artıq hərbi xidmətini davam etdirir. Ömrünün 14 ilini ürəkdən sevdiyi Vətəninə xidmətə həsr edir. Peşəkar tankçı kimi qüsursuz xidmətinə görə sağlığında Fəxri fərmanlarla, döyüş hazırlığında əldə etdiyi nailiyyətlərə görə medallarla təltif olunub. 2016-cı ilin aprel ayında Bəhruz Lələtəpə uğrunda gedən döyüşlərdə qəhrəmanlıq nümayiş etdirib.

Vətən müharibəsində isə tankçı kimi döyüşlərə atılıb, düşmənin Füzuli istiqamətində qurduğu maneələrin yarılmasında böyük şücaət göstərib, kəndlərin azad edilməsində erməni faşistlərinə aman verməyib, onlara sarsıdıcı zərbələr vurub. Taleyin qismətinə baxın. Bəhruz 10 yaşında tərk etdiyi kəndlərinə, eləcə də Füzuli torpağına 37 yaşında tankla qayıdıb. Füzulinin azad edilməsində Bəhruz qorxmaz və cəsur döyüşçü kimi fərqlənib.

İgid tankçı “dəmir atı” ilə sonra Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib. Sərrast atəşlə düşmənin xeyli texnika və canlı qüvvəsini məhv edib. Döyüşlərin ən qızğın çağında Bəhruz yaralı əsgərləri xilas edərkən düşmən snayperi ilə vurulub. Canından artıq sevdiyi Vətən torpağı uğrunda şəhid olub. Vətən müharibəsində göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Bəhruz ailəli idi. Şəhidin həyat yoldaşı Aygün Fərhadova bu ağır itki ilə barışa bilmir. Bəhruzun üç övlad yadigarını atalarının adına layiq böyütməyi özünə şərəf bilən şəhidin həyat yoldaşı onun ad gününü də övladları və qohumları ilə birlikdə qeyd edib. İyunun 22-də şəhid Bəhruz İbrahimovun ad günü onsuz keçirilib.

Şəhidlər torpaq uğrunda canlarını fəda etdilər. Şəhid qanı tökülən torpaqlarımız indi azaddır. Qürurumuz və şərəfimiz Qalib Ali Baş Komandan İlham Əliyevin fədakarlığı ilə 30 ildən sonra bərpa edilib. Və bir də igidliyin, şərəfin, qələbənin ucalığına yüksələn şəhidlərin hesabına Qarabağ düşmən tapdağından azad edilib.

Salman ALIOĞLU,

“Respublika”.