Horadiz-Ağbənd dəmir yolu xəttinin reallaşması iqtisadi inkişafa təkan verəcək
Digər xəbərlər

Horadiz-Ağbənd dəmir yolu xəttinin reallaşması iqtisadi inkişafa təkan verəcək

Silahlı Qüvvələrimiz 30 ilə yaxın bir dövr ərzində işğal altında olan torpaqlarımızı azad etdikdən sonra bu ərazilərdə mühüm infrastruktur layihələrinin icrasına start verildi. Belə layihələrdən biri Horadiz-Ağbənd dəmir yolu xəttinin yenidən qurulmasıdır.

Belə ki, Horadiz-Ağbənd dəmir yolu xətti Ermənistan silahlı birləşmələri tərəfindən torpaqlarımızın işğal edilməsindən sonra dağıdılmış və fəaliyyətini dayandırmışdı. 27 ildir ki, qatarların son dayanacağı Füzuli rayonunun Horadiz stansiyasıdır. Hazırda Horadizdən başlayaraq Zəngilan rayonunun Ağbənd qəsəbəsinədək uzanan dəmir yolu xətti yenidən tikilir.

Təməli 2021-ci il fevralın 14-də qoyulan Horadiz-Ağbənd dəmir yolu xəttinin ox üzrə uzunluğu 110,4 kilometrə bərabərdir. Birxətli dəmir yolu 8 stansiyadan ibarət olacaq. Həmçinin layihə çərçivəsində ümumilikdə 300-dən artıq süni mühəndis qurğusunun tikintisi planlaşdırılır. Horadiz stansiyası ilə yanaşı, digər yeddi stansiya - Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Mincivan, Bartaz və Ağbənd stansiyaları tamamilə yenidən tikiləcək.

2024-cü ildə yekunlaşdırılması nəzərdə tutulan, uzunluğu 140,6 km olan Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilməsi işləri 78 faiz yerinə yetirilib, tikinti işlərinin isə 38 faizi icra edilib.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (ADY) bu il yanvar ayının 16-na olan məlumatına görə Horadiz-Ağbənd dəmir yolu xəttinin Həkəri çayı üzərindən keçən hissəsində 13 aşırımlı və uzunluğu 418 metr olan dəmiryol körpüsünün tikintisi üzrə işlərin 85%-i tamamlanıb. Azərbaycanın ən uzun dəmir yolu körpüsü qonşu ölkələr arasında yükdaşımaların artırılmasına imkan yaradacaq.

Əli SADIQOV,

"Respublika".