“Heydər Əliyev məhkəmə-hüquq islahatlarının banisidir” mövzusunda elmi-praktik konfrans
Digər xəbərlər

“Heydər Əliyev məhkəmə-hüquq islahatlarının banisidir” mövzusunda elmi-praktik konfrans

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin təşkilatçılığı ilə “Heydər Əliyev məhkəmə-hüquq islahatlarının banisidir” mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfransı giriş nitqi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi açaraq xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri olan dahi öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunan tədbirin qayəsindən bəhs edib. Bildirib ki, hər bir xalqı dünya miqyasında tanıdan, milli inkişaf yolunu müəyyən edən vacib meyarlar sırasında şəxsiyyət amili xüsusi yer tutur. Bəşəriyyətin tarixi təkamül prosesi təsdiqləyir ki, yalnız ədalət, müdriklik, humanizm kimi ali dəyərləri şəxsiyyətində bir araya gətirməklə kamillik zirvəsinə yüksəlmiş liderlər qanuna söykənən cəmiyyət yaratmaq idealı ilə yaşamış və fəaliyyət göstərmişlər. XX əsrdə xalqımızın dünya siyasətinə bəxş etdiyi qeyri-adi və fenomen şəxsiyyət – ümummilli lider Heydər Əliyev də özünün təkmil dövlətçilik konsepsiyasında ədalət, qanunçuluq və hüquq qaydalarının təminatını demokratik inkişafın başlıca leytmotivi saymışdır.  Ümummilli liderlik zirvəsinə ucalmış böyük strateq Heydər Əliyevin milli müstəqilliyin qazanılması, qanunçuluğun bərpası, demokratik-hüquqi və sosial-iqtisadi islahatların reallaşdırılması sahəsindəki misilsiz xidmətləri qədirbilən xalqımız tərəfindən daim yüksək dəyərləndirilir. Prezident İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli "Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında" Sərəncamına əsasən, bu il anadan olmasının 100-cü ildönümü böyük təntənə ilə qeyd edilən ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının həm də hüquqi dövlətdə yaşamaq arzusunu reallaşdırmış fenomenal şəxsiyyətdir. Böyük strateq Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində ədalət, düzgünlük və humanizm prinsiplərinə tapınaraq, bu mənəvi-əxlaqi meyarların ictimai şüurda möhkəmlənməsinə çalışmışdır.

Naxçıvan Muxtar Respublikası ədliyyə naziri Daşqın Rəhimov çıxışında bildirib ki, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi ümummilli lider Heydər Əliyev öz işıqlı əməlləri ilə xalqımızı tarixi müstəqilliyinə qovuşdurmuş, dövlətçiliyimizin qorunub saxlanmasında mühüm xidmətləri olmuş nadir şəxsiyyətlərdən, parlaq zəka sahiblərindəndir. Azərbaycan üçün demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçmiş ümummilli liderimizin həyata keçirdiyi hüquqi islahatlar çərçivəsində ədliyyə sahəsində köklü dəyişikliklər baş vermiş, onun cəmiyyətdə rolu və əhəmiyyəti artmışdır.

Naxçıvan Muxtar Respublikası prokurorunun müavini Sənan Paşayev qeyd edib ki, dahi öndərin 100 illik yubileyi istər ölkə daxilində, istərsə də sərhədlərimizdən kənarda silsilə tədbirlərlə qeyd olunur.  Bu konfransın özünəməxsusluğu isə ondadır ki, məhz ulu öndərin doğulub boya-başa çatdığı məkanda həyata keçirilir. Ulu öndərin əsasını qoyduğu, Azərbaycan Respublikasnın Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyi hüquq islahatları prokurorluq orqanlarından da yan keçməmiş, bu istiqamətdə köklü islahatlar aparılmış və hazırda da bu islahatlar davam edir. Bu isə öz növbəsində hüquq-mühafizə və məhkəmə orqanlarının üzərinə yeni öhdəliklər, vacib vəzifələr qoyur.

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva  çıxışında bildirib ki, Azərbaycanın müasir tarixinin 35 ili ulu öndər Heydər Əliyevin genişmiqyaslı fəaliyyəti ilə bilavasitə bağlı olmuş və həmin illər ərzində ölkəmiz demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük uğurlar qazanmışdır. Ümummilli liderin hakimiyyətə qayıdışından sonra insan hüquq və azadlıqlarının təmini məqsədilə həyata keçirilən hüquqi islahatlar əfvetmə institutunun formalaşması istiqamətində atılan real addımlar, insan hüquqları üzrə səlahiyyətli müvəkkil təsisatının yaradılması dövlət və vətəndaş münasibətlərində yeni başlanğıcın əasını qoymuşdur.

Naxçıvan Muxtar Respublikası daxili işlər naziri Süleyman Neymətov qeyd edib ki, çoxəsrlik dövlətçilik ənənələrinə malik olan xalqımızın tarixində ümummilli liderimiz Heydər Əliyev şəxsiyyəti, onun siyasi və idarəçilik fəaliyyəti əvəzolunmaz yer tutur. Azərbaycan polisinin əsl inkişafı və milliləşməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Həyata keçirilən davamlı islahatlar, cinayətkarlığa qarşı mübarizə üzrə normativ-hüquqi aktların və Qanunların qəbul edilməsi polisin fəaliyyətinin tənzimlənməsi baxımından böyük əhəmiyyətə malik olmuşdur.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bildirib ki, ulu öndərin 100 illik yubileyi həm azərbaycanlılar, həm də Azərbaycan sevənlər tərəfindən böyük qürurla qeyd edilir. Zaman bizi ömrünü xalqının qurtuluşuna, onun müstəqilliyinə və inkişafına həsr etmiş ulu öndərdən ayırdıqca onun xalqımızın taleyindəki mühüm rolu, dövlətimizin inkişafına istiqamətlənmiş fəaliyyətinin uğurlu nəticələri daha aydın görünür.

Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının sədri vəzifəsini müvəqqəti icra edən Vüsal Həsənov qeyd edib ki, ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında xidmətləri misilsizdir. Ölkəmizin məhkəmə-hüquq sisteminin demokratik prinsiplər əsasında bərqərar olması, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi və eləcə də müstəqil vəkillik institutunun formalaşdırılması ümummilli liderin adı ilə bağlıdır.

Sonda Naxçıvan Mediasiya Təşkilatının sədri Yusif Həsənov çıxış edərək  müasir Azərbaycan dövlətçiliyinin banisi ulu öndər Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələlərinin  xalqına sıx bağlılığın, milli dövlətçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olduğunu vurğulayıb.

Çıxışlardan sonra qarşılıqlı müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Mehparə ƏLİYEVA,

“Respublika”.