Hərb tariximizin şanlı səhifəsi: HORADİZ ƏMƏLİYYATI
Tarix

Hərb tariximizin şanlı səhifəsi: HORADİZ ƏMƏLİYYATI

6 yanvar 1994-cü il. Horadiz əməliyyatından 29 il ötür. 1993-cü ilin dekabrından başlamış 1994-cü ilin 6 yanvar tarixinə kimi davam edən, Füzuli rayonunun Horadiz qəsəbəsində Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan silahlı qüvvələrinə qarşı apardığı döyüşlər Qarabağ müharibəsinin şanlı səhifələrindən biridir.

Horadiz əməliyyatı Azərbaycan Ordusunun 1994-cü ilin əvvəlində keçirdiyi ən uğurlu əməliyyat olub. Nəticədə Horadiz qəsəbəsi, Füzuli rayonunun 20 kəndi (Araz Zərgər, Araz Dilağarda, Birinci Mahmudlu, İkinci Mahmudlu, Əhmədbəyli, Murtuzalılar, Aşağı Kürdmahmudlu, Yuxarı Kürdmahmudlu, Alxanlı, Bala Bəhmənli, Böyük Bəhmənli, Aşağı Yağlıvənd, Kərimbəyli, Şükürbəyli, Babı, Arayatılı, Mollaməhərrəmli, Əhmədalılar, Qazaxlar, Mirzənağılı) və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi Azərbaycanın nəzarətinə keçib.

Ordumuzun həyata keçirdiyi əməliyyat Azərbaycanın hərb tarixinə qürurverici qələbə olaraq qızıl hərflərlə yazılıb. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ordumuzda və xalqımızda qələbəyə qəti inam yaranıb. Dahi şəxsiyyətin çağırışı ilə genişmiqyaslı səfərbərlik keçirilib, hərbi hissələr tam komplektləşdirilib. Silahlı Qüvvələrimiz bu uğura ulu öndər Heydər Əliyevin qətiyyəti, böyük sərkərdəlik məharəti, döyüş bölgəsində hərbçilərlə görüşərək onlarda ruh yüksəkliyi yaratması sayəsində nail olub. Ordumuz bu döyüşlərdə düşmənə öz gücünü göstərib.

Həmin vaxt Serj Sarkisyanın əmri ilə dekabrda ermənilər Beyləqana hücum ediblər. Hücumun qarşısını kəsmiş milli ordumuz əks-hücuma keçib və qısa müddətdə Füzuli rayonunun böyük hissəsini azad edib. Döyüşlər Füzuli və Cəbrayılın şəhər mərkəzlərində davam edib, ordumuzun bölmələri Xudafərin körpüsünə kimi irəliləyib. 1994-cü il yanvarın 5-də Azərbaycan Ordusunun əsgərləri Horadizə daxil olaraq Azərbaycan bayrağını ucaldıblar. Horadiz əməliyyatı zamanı düşmənin çoxlu sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib, onlarla döyüş texnikası, xeyli sayda silah-sursat qənimət kimi ələ keçirilib. Ağır itkilər verən düşmən atəşkəs müqaviləsini imzalamağa məcbur olub. Hücum əməliyyatımızın nəticəsində 17 şəhid, 43 yaralı vermişik. Əməliyyatda misilsiz qəhrəmanlıq nümunələri göstərdiklərinə görə 8 nəfər "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Qarabağ müharibəsi tarixində Horadiz əməliyyatının xüsusi yeri var. Məhz Horadiz əməliyyatı ilə Azərbaycan Ordusunun qələbə əzmi özünə qayıdıb. Horadiz əməliyyatı Azərbaycan Ordusunun qələbələrinin başlanğıcı olub. Bu uğurların davamı olaraq, 2016-cı ildə Aprel döyüşləri nəticəsində yüksək strateji əhəmiyyətə malik Lələtəpə və Talış yüksəklikləri düşməndən azad edildi. Bu qələbə sayəsində Böyük Qayıdış prosesinə start verilib. Cocuq Mərcanlı kəndində ən müasir qəsəbə salınıb. Naxçıvanda 11 min hektara yaxın ərazini və Şərur rayonunun Günnüt kəndini işğaldan azad edən ordumuz daha əlverişli mövqelərə yiyələndi. "Xunut" dağı və "Ağbulaq" yüksəkliyi, "Qızılqaya" dağı və "Mehridağ" işğaldan azad edildi, Dərələyəz mahalının Arpa kəndi nəzarətə alındı. "Qızılqaya" yüksəkliyinin azad olunması ordumuza İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etmək imkanı yaratdı.

Ulu öndər Heydər Əliyevin göstərişi ilə Horadizdə və işğaldan azad olunmuş digər yaşayış məntəqələrində infrastrukturun bərpasına başlanılıb. Ötən dövrdə təhsil, səhiyyə və mədəniyyət müəssisələri, yollar, körpülər, elektrik və suvarma sistemləri tikilib və bərpa olunub. İşğaldan azad edilmiş həmin yaşayış məntəqələrində hazırda 60 mindən artıq əhali yaşayır.

Mustafa KAMAL,

"Respublika".