Tarixin, taleyin, həyatın yeni səhifəsi
Tarix

Tarixin, taleyin, həyatın yeni səhifəsi

20 noyabr "Ağdam Şəhəri Günü"dür

Birinci Qarabağ müharibəsində Ağdam şəhəri Ermənistan tərəfindən ekosidə məruz qalıb, işğalçılar böyük və qədim bir şəhəri xarabalığa çeviriblər. Nə qədər canlı qüvvəsi, hərbi texnikaları olsa da, işğalçı Ermənistan ötən əsrin 80-ci illərində Qarabağın abad və ən varlı şəhərini ələ keçirə bilmirdi. Bu istiqamətdə şiddətli döyüşlər gedirdi, haylar nə qədər çalışsalar da, qədim türk dilində kiçik qala mənasını daşıyan Ağdamı sarsıda və qorxuda bilmirdilər. Ağdamın düşmən tərəfindən bombardman edilməsinin statistikası çox faciəlidir. Tək bir gecədə düşmən Ağdam şəhərinə 200-dən çox mərmi atmışdı, dinc insanlar həlak olsalar da, şəhər dağılsa da, heç kəs öz evini tərk etmirdi.

Ağdam bir ildən artıq bombalar altında yaşayan şəhərə çevrilmişdi. Ağdam Qarabağın açarı idi, ona görə də düşmən havadarları ilə birlikdə böyük bir xəyanətə əl atdı. Ağdam özünümüdafiə dəstələrinin komandirləri terror nəticəsində bir-bir aradan götürüldü, buna baxmayaraq, şəhərin müdafiəçiləri sonadək döyüşdülər. Nəhayət, Ağdam 1993-cü il iyulun 23-də işğal olundu.

Ağdam otuz ilə yaxın məcburi köçkünlük həyatı yaşayan insanların, Birinci və İkinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərərək həlak olan şəhidlərin yurdudur. Ağdam Qarabağ müharibəsində və dövlətçiliyimizin qorunmasında 5897 nəfər şəhid verib, 3531 nəfər əlil olub. Bu torpaqda şəhid qanı tökülüb, yüzlərlə insan əlil olub, ağdamlılar torpaqlarımızın erməni işğalçılarından müdafiə edilməsində və 44 günlük müharibədə qəhrəmanlıqla döyüşüblər.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsi dövründə Ağdamda iki Şəhidlər xiyabanı salınmışdı. Biri şəhərin yuxarı başında, digəri isə Uzun dərə adlanan ərazidə idi. Xocalı faciəsi qurbanlarının çoxu da burada dəfn edilmişdi. Ermənilər həmin xiyabanları qəddarlıq və vəhşiliklə dağıdıblar.

10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 2-ci bəndinə əsasən 20 noyabr 2020-ci ildə Ağdam rayonu işğaldan azad edilmişdir.

Artıq iyirmi yeddi illik həsrətə son qoyulub. Qəhrəman ordumuzun bölmələri Qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə elə böyük şücaət, misilsiz döyüş peşəkarlığı göstərdilər ki, nəinki Ermənistan, onun havadarları da təşvişə düşdülər. Anladılar ki, Azərbaycan ordusu XXI əsrin ordusudur, cəsur, qorxmaz, fədakar, qəhrəman, yenilməz ordudur. Ermənistan bütün havadarlarının köməyinə baxmayaraq, döyüş meydanında məğlub edildi. İşğalçının ideoloji və hərbi dayaqları dağıdıldı, düşmən diz çökdü, ağ bayraq qaldırdı. Üçtərəfli Bəyanatın şərtlərinə görə, 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Ermənistan ordusunun bölmələri tərəfindən boşaldıldı. Ordumuzun bölmələri heç bir itki, şəhid vermədən, bir güllə atılmadan, qan tökülmədən Ağdam rayonunun işğal altındakı hissəsinə daxil oldu.

İşğaldan azad ediləndən üç gün sonra, 2020-ci il noyabrın 23-də Prezidentimiz, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində oldular. Dövlətimizin başçısı Ağdamda Azərbaycanın üçrəngli bayrağını qaldırdı və indi bayrağımız orada qürurla dalğalanır. Qalib Ali Baş Komandan Ağdam Cümə məscidinin qarşısında çıxış etdi. Əlbəttə, ürəkdən gələn bu sözlərdən dövlətimizin başçısının hansı hisslər keçirdiyini hiss etmək o qədər də çətin deyildi, işğaldan qurtulmaq, ədalətsizliyə son qoymaq, işğalı dondurmağa cəhd edənlərə qarşı qətiyyətlə mübarizə aparmaq öz xalqına qələbə bəxş etmək inamını ifadə etdirdi.

Ermənistanın hərbi təcavüzü nəticəsində Ağdam bölgədəki ənənəvi çoxmədəniyyətli şəhərlərdən biri kimi tarixin səhifəsindən silinib. Dünyada mövcud olan 10 ruhlar şəhərindən birinə çevrilib.

Vaxtilə bu şəhərdə 40 min nəfərə yaxın insan - rus, erməni, gürcü, ukrayn, Belarus və digər xalqların nümayəndələri azərbaycanlılarla birlikdə mehriban şəraitdə yaşayıblar. Ağdam Qarabağın mərkəzi şəhəri, muğam mərkəziydi, burada ən qədim tariximiz daşların, türbələrin, fiqurların dili ilə nəql edilirdi, virtioz sənətkarların beşiyi, ziyalılar yurdu, mərd və qoçaq insanların məskəniydi. O ilahi andan, tarixi qələbədən sonra ağdamlılar keçən hər günü şükranlıqla, minnətdarlıqla, sevgiylə qarşılayır və həsrətimizə, kədərimizə, ayrılığımıza, sinəmizdəki dərd yarasına, göz yaşlarımıza son qoyulduğu üçün xoşbəxtlərin xoşbəxtiyik deyirlər. Deyirlər ki, düz 27 il 4 aydan sonra həyatımıza yenidən günəş doğub, müzəffər sərkərdə, Qalib Ali Baş Komandan İlham Əliyevin Ağdam rayonunun erməni işğalından azad edilməsi xəbərini verən andan bu günə qədər qəlbimiz qürurla, ürəyimiz həyəcanla, sevinclə çırpınır. Uzun illər boyu gözlədiyimiz şad xəbəri eşidəndən sonra həyəcanımız artıb, doğma yurd yerlərinə qayıdacağımız günü səbirsizliklə gözləyirik.

Ağdamda qocaman tarixin şahidi və torpağın dərinliyindən baş qaldıran daş salnaməsi olan çox sayda memarlıq abidəsi var idi. Xaçındərbənd kəndində 1314-cü ilə aid olan Kutlu Musaoğlu günbəzi, Salahlı Kəngərli kəndində on dördüncü əsrə aid türbə və daş abidələr, Papravənd kəndində on yeddinci əsrə aid Xanoğlu türbəsi, on səkkizinci əsrə aid türbələr və məscid, Pənahəli xan və onun nəslinin Ağdamdakı imarəti, Şahbulaq qalası və çox sayda digər maddi-mədəni sərvətləri bu yurdun qədim Azərbaycan torpağı olduğunu təsdiq edir. Qafqaz Albaniyasını yaradan 26 tayfadan biri olan Qarqarlar Ağdam ərazisindəki Qarqar çayı boyunca yaşayıblar. 1958-ci ildə Sofulu kəndində Xaçınçayının orta axarında aparılan arxeoloji qazıntı zamanı Govurqala adlanan şəhər tipli yaşayış məskəni aşkarlanıb. Arxeoloqlar hesab edirlər ki, "Govurqala" elə Aboin, Ağdamın özüdü. Aboin tarix səhnəsində 11-ci əsrə qədər mövcud olub. Sonralar Ağdam adlandırıb və 1828-ci ildə ona şəhər statusu verilib.

Təcavüzkar Ermənistan üzərində qələbədən üç il keçir və bu qısa zaman kəsiyində azad edilən ərazilərdə iri infrastruktur layihələri həyata keçirilir, ərazilər düşmənin basdırdığı çoxsaylı minalardan təmizlənir, "ağıllı şəhər" və "ağıllı kənd"lərin təməli qoyulur. Yeni və müasir yollar çəkilir, hava limanları inşa edilir, dayanıqlı enerji təsərrüfatı yaradılır, keçmiş məcburi köçkünlər göz yaşları ilə tərk etdikləri ata-baba yurdlarına indi sevinclə, qürurla qayıdırlar. Bu sadaladığımız işlərin həyata keçirilməsi üçün təbii ki, külli miqdarda vəsait tələb olunur. Sevindirici fakt odur ki, üç ildir ki, Azərbaycan öz vəsaiti ilə işğaldan azad edilən bölgələrin yenidən qurulmasına başlayıb və bu nəhəng quruculuq işləri sürətlə davam etdirilir. Heç bir kredit üçün dünya banklarına müraciət olunmayıb, çünki Azərbaycanın kifayət qədər valyuta ehtiyatları var. Bilavasitə, dövlət başçısı İlham Əliyevin nəzarəti ilə həmin vəsaitlərdən çox ehtiyatla və səmərəli istifadə olunur, israfçılığa, lazım olmayan xərclərə yol verilmir.

Keçmiş sovet dönəmində Ağdam iri kənd təsərrüfatı rayonu ilə yanaşı, həm də sənaye mərkəzi kimi inkişaf edərək Sovet İttifaqı miqyasında tanınıb. Şəhərdə 17 sənaye, 12 nəqliyyat müəssisəsi var idi. Respublikamızda iqtisadi rayonların yeni bölgüsü haqqında Prezident İlham Əliiyevin Fərmanı böyük tarixi əhəmiyyət daşıyır və eyni zamanda, yeni məqsədlərin həyata keçirilməsinə geniş imkanlar açır. Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Qeyd edilən ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etmək qarşıda dayanan ən ümdə məsələdir. Özünəməxsus zəngin tarixi-mədəni irsə, əsrarəngiz təbiətə malik Qarabağ iqtisadi rayonuna daxil olan Ağdamın bərpası və sürətli inkişafı doğrudan da qürurvericidir, bu hər şeydən əvvəl dövlətimizin gücünü göstərir. Hazırda Ağdam keçmiş ənənələr və müasir şəhərsalma üslubunda sıfırdan qurulur. Yeni Ağdam mühüm nəqliyyat qovşağına çevrilir, Qarabağa və Şərqi Zəngəzura gedən yollar burada birləşir, 2021-ci ilin may ayının 28-də Azərbaycan Prezidenti tərəfindən təməli qoyulan Ağdam Sənaye Parkında işlər sürətlə aparılır. Sənaye zonasında fabrik və zavodlar yaxın zamanda fəaliyyətə başlayacaq.

Şəhərin xarabalıqları içərisində nisbətən salamat qalmış yeganə tikili - Cümə məscididir. 27 illik həsrətdən sonra Ağdama gələnlər ilk olaraq bu müqəddəs məkana üz tuturlar. Digər tarixi abidələrimiz kimi, XIX əsrin yadigarı olan Ağdam məscidi də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra talan edilib, yandırılıb, dağıntılara məruz qalıb. Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və ordumuzun zəfər yürüşü nəticəsində Ağdam şəhəri işğaldan azad edildikdən sonra Cümə məscidində 27 ildən sonra ilk dəfə azan verilib. Dünyada bəlkə ikinci elə yer yoxdur ki, Ağdam şəhərindəki vandalizm, nifrət və düşmənçilik bu qədər geniş miqyas almış olsun. Bu, hərbi cinayətdir, Ermənistanın hərbi və siyasi rəhbərləri olmuş Serjik Sarkisyan, Robert Koçaryan buna görə beynəlxalq tribunalda cavab verməlidirlər.

İşğaldan azad edilmiş ərazilərdə aparılacaq quruculuq işləri çərçivəsində tarixi, mədəni və dini irsimizin də bərpası həyata keçirilir. Hazırda İmarət kompleksində restavrasiya işlərinə başlanılıb və məqsəd İmarətin əvvəlki tarixi görkəmini bərpa etməkdir. Bu işlərə həm yerli, həm də əcnəbi memarlar cəlb olunub. Plana əsasən İmarət kompleksində Pənahəli xanın sarayı, karvansaray, hamam, türbələr, tribuna bərpa ediləcək. Atlar üçün cıdır, axur və suvarma yeri yaradılacaq, əraziyə çinar və meyvə ağacları əkiləcək. Ağdam Cümə məscidi həm tarixi, həm də mənəvi baxımdan xüsusi əhəmiyyət daşıyır. Artıq Heydər Əliyev Fondu tərəfindən məsciddə təmir-bərpa işləri aparılır. İmarət kompleksi, Ağdam Cümə məscidi, Qiyaslı məscidi, Şahbulaq qalası və digər abidələr bölgəni həm də turizm baxımından tanıdacaq. Heydər Əliyev Fondu tərəfindən xan nəslindən olan Xurşidbanu Natəvanın Ağdamda qəbirüstü abidəsi ucaldılıb. Şairin qəbirüstü abidəsi özünün ilkin görkəmi əsasında heykəltaraş Kənan Əliyev tərəfindən 350 santimetr hündürlükdə boz qranit materialdan hazırlanıb və əvvəlki yerində quraşdırılıb. Ağdamda 1982-ci ildə ucaldılmış və Elcan Şamilovun müəllifi olduğu qəbirüstü abidənin daş yonulması işlərini görmüş Rəfi Zeynalov 40 il sonra da eyni abidənin hazırlanması üçün daş yonub.

Dövlətimizin başçısı İlham Əliyevin Ağdam şəhərinə üçüncü səfəri zamanı "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq "Ağdam-1" və "Ağdam-2" elektrik yarımstansiyalarının, "Qarabağ" Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılış mərasimi keçirilib. Sonra Prezident İlham Əliyev Ağdam Sənaye Parkında fəaliyyət göstərəcək alternativ və bərpaolunan enerji mənbələri ilə qidalanan işıq dirəklərinin, digər qurğuların və xalça istehsalı müəssisələrinin, "Park Forest Otel Ağdam" mehmanxanasının və 209 mənzildən ibarət yeni yaşayış kompleksinin təməllərini qoyub. Artıq şəhərin baş planına uyğun olaraq ötən müddət ərzində Ağdamda infrastrukturun yaradılması üçün xeyli iş görülüb, yaşayış və ictimai binaların tikintisinə başlanılıb. Bərdə-Ağdam avtomobil yolunun tikintisi başa çatır. "Tarixi hüdudlarından başqa" daha 8 kənd də Ağdama birləşdirilib. Ağdamda 1750 fərdi ev və 23 min mənzilin inşası aparılır. Göründüyü kimi, şəhər sakinlərinin üçdəbiri fərdi evlərdə yaşayacaq. Baş plana əsasən Ağdam şəhərinin ərazisi 1750 hektar, şəhərətrafı bağlar 2450 hektar olacaq. Burada "ağıllı" və dayanıqlı sosial infrastruktur yaradılacaq. Həmçinin şəhərdə 15 ədəd məktəb və uşaq bağçasının inşası nəzərdə tutulub. Məktəb və uşaq bağçalarının əhatə dairəsi 500 metr təşkil edir. Bu gün Ağdamda avtomobil yolları, rabitə-kommunikasiya, internet, kabel tv kimi ən müxtəlif layihələr icra edilir. Dağıdılmış Ağdam şəhəri erməni vəhşiliyinin, erməni nifrətinin, qəddarlığın bir nümunəsidir. Ağdamın xarabalıqları üstündə müasir bir şəhərin inşası aparılır.

İşğaldan azad edilən qədim yurd yerinə, Qarabağ xanlarının dəfn edildiyi İmarətə, külli Qarabağın musiqi beşiyinə, görkəmli şəxsiyyətlərin, alimlərin, ziyalıların, dünyanın musiqi sənətinə töhfələr verən görkəmli incəsənət xadimlərinin, ədəbiyyatımızın korifeylərinin, bir sözlə, qəhrəman oğulların beşiyi Ağdam şəhəri düşmənin vəhşiliklə törətdiyi xarabalıqlar arasından başqa bir görkəmdə boylanır.

Qafqazın Xirosiması kimi tanınan Ağdam Azərbaycan Prezidenti İlham Əliyevin təməlini qoyduğu, şəhərsalmanın yeni modelinin tətbiq edildiyi qədim yurd yerimiz regionun ən gözəl şəhərlərindən birinə çevriləcək. Bu amal uğrunda Ağdamda çox böyük və zərgər dəqiqliyi ilə yeni və müasir infrastruktur qurulur, yaşayış binaları inşa olunur, məktəblər, xəstəxanalar və digər xidmət obyektləri tikilir, özü də sürətlə, doğma yurda məhəbbətlə. Düşmənin viran qoyduğu, altını üstünə çevirdiyi Ağdam dünyaya yenidən doğulur. Şəhərin simvollarından biri hesab edilən Ağdam Dram Teatrının binasının qalıqları açıq səma altında muzeydə saxlanılacaq. Binanın qarşısındakı Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasındakı Fərhadın heykəli zamanı gələndə öz yerinə qaytarılacaq. Şəhərin mərkəzində xarabalıqlar arasında Zəfər muzeyi və açıq hava altında İşğal muzeyi yaradılacaq.

Prezidentin sərəncamı ilə hər il noyabrın 20-də Ağdam şəhər günü təntənə ilə qeyd olunacaq. Kiminlə həmsöhbət olduqsa, hər kəsin fikri, düşüncəsi, arzusu, ürək sözü bir nöqtədə, minnətdarlıq duyğusunda birləşdi. Ağdamlılar söylədilər ki, qırx dörd gün davam edən müharibə dövlətimizin gücünü, Silahlı Qüvvələrimizin rəşadətini, xalqımızın birliyini göstərdi. Biz Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirdik, xain düşməni torpağımızdan qovduq. Qırx dörd günün hər bir günü qəhrəmanlıq dastanıdır, hər bir günü bizim üçün əzizdir, doğmadır. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda həlak olan bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə cansağlığı arzulayırıq. Sevinirik ki, yeni bir Ağdam görəcəyik, nəvə-nəticələrimiz müasir bir şəhərdə yaşayacaq. Bundan böyük xoşbəxtlik ola bilməz, möhtərəm Prezidentimizə daha böyük qələbələr arzulayırıq, bizi Vətənə qaytardığınız üçün çox sağ olun, cənab Prezident! Yeni şəhərin üfüqləri artıq uzaqdan baxanda aydın görünür. Ağdamlılar isə doğma şəhərə qayıdacaqları günləri səbirsizliklə, ümidlə, inamla gözləyirlər...

Salman ALIOĞLU,

"Respublika".