Hər günü bir tarix idi...
Tarix

Hər günü bir tarix idi...

Vətən müharibəsinin 19 və 20-ci günləri

27 sentyabr 2020-ci ildə Azərbaycan xalqı və ordusu tək yumruq şəklində birləşərək 30 ilə yaxın düşmən tapdağında olan Vətən torpaqlarının azad edilməsi uğrunda müqəddəs savaşa başladı. 44 gün davam edən bu müharibə ordumuzun şanlı qələbəsi, düşmənin kapitulyasiyası ilə başa çatdı, minlərlə igid əsgər və zabitimizin canı, qanı hesabına torpaqlar işğaldan azad olundu. Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər günü bir tarixdir.

15 oktyabr

  • Vətən müharibəsinin 19-cu günündə Azərbaycan Silahlı Qüvvələri uğurlu döyüş əməliyyatlarını davam etdirib.
  • m Prezident İlham Əliyev Füzuli, Cəbrayıl və Xocavəndin bir neçə kəndinin işğaldan azad edilməsi ilə bağlı "twitter"də paylaşım edib: "Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!".
  • Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Türkiyənin NTV televiziyasına müsahibə verib. Dövlət başçısı müsahibəsində bildirib ki, bu yeni reallığı biz təşkil etdik və bu məsələ həll olur… Ona görə bir daha demək istəyirəm ki, bu məsələnin həlli hərbi-siyasi yollarla mümkündür. Hərbi yol hazırda baş verir. Biz istəyirik ki, nə qədər tez olursa-olsun bitsin. Ondan sonra siyasi mərhələ başlansın və baza prinsipləri də əsas olsun. Məsələnin həll edilməməsi ilk növbədə beynəlxalq təşkilatların öz qərarlarına hörmətsiz yanaşmasıdır. Çünki BMT Təhlükəsizlik Şurası 1993-cü ildə 4 qətnamə qəbul etmişdi. Orada göstərilir ki, erməni silahlı qüvvələri işğal etdiyi torpaqlardan qeyd-şərtsiz çıxmalıdır.
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci il oktyabrın 15-də Rusiyanın Ria Novosti agentliyi üçün "Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi" media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibə verib: "Bizim mövqeyimiz həmişə çox konstruktiv, ardıcıl olub. Bu mövqe həm də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi, Ermənistan qüvvələrinin bizim ərazilərdən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamənin yerinə yetirilməsi baxımından beynəlxalq hüququn normalarına əsaslanıb. Bizim mövqeyimiz həmişə praqmatik yanaşmaya əsaslanıb. Düşünürəm ki, danışıqlar masası üzərində olan variantlar bunu aşkar göstərir".
  • Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər şəhər qəbiristanlığının dəfn mərasimi zamanı qəsdən ağır artilleriyadan intensiv atəşə tutulması nəticəsində üç nəfər həlak olub, beş nəfər xəsarət alıb. Beləliklə, düşmənin mülki əhalini atəşə tutması nəticəsində həlak olanların sayı 46-ya, xəsarət alanların sayı 223-ə çatıb.
  • Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram hesabında Ermənistan ordusunun Tərtər qəbiristanlığını dəfn mərasimi zamanı qəsdən atəşə tutması ilə bağlı paylaşım edib. Mehriban Əliyeva dünya ictimaiyyətini Ermənistanın müharibə cinayətlərini qınamağa çağırıb, həlak olanların ailələrinə və doğmalarına başsağlığı verib.
  • Azərbaycan Ordusu cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsini, 2 ədəd T-72 tankını, 1 ədəd "Tor-M2KM" zenit raket kompleksini, 4 ədəd BM-21 "Qrad" YARS qurğusunu, 1 ədəd D-20, 1 ədəd D-30 və 2 ədəd "D-1" haubitsa topunu, bir neçə PUA-sını və avtomobil texnikasını məhv edib. Ermənistan silahlı qüvvələrinin müvəqqəti işğal etdiyi ərazilərdəki qüvvə və ehtiyatlarına ağır zərbə vurulub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

16 oktyabr

  • Vətən müharibəsinin 20-ci günündə Azərbaycan Silahlı Qüvvələri uğurlu döyüş əməliyyatlarını davam etdirib.
  • Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri Azərbaycanın Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazilərini intensiv atəşə məruz qoymuşdur. Atəş günortadan sonra davam etmişdir.
  • Müdafiə Nazirliyi bir gün əvvəl Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunan Qubadlı rayonu ərazisindən Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisinə raket zərbəsi endirildiyini, lakin xoşbəxtlikdən sakinlərə və mülki obyektlərə zərər dəymədiyini bildirib.
  • "Rəşadətli Azərbaycan Ordusu tərəfindən Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!". Prezident İlham Əliyev Azərbaycan Ordusunun Xocavənd rayonunun daha üç kəndini işğaldan azad etməsi ilə bağlı paylaşım edib.
  • Müdafiə Nazirliyi Xocavəndin işğaldan azad olan kəndlərinin videogörüntüsünü yayıb. Ermənistanın artilleriya batareyası məhv edilib. Gecə düşmənin məhv edilən hərbi texnikasının siyahısı açıqlanıb.
  • Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 1 ədəd BM-21 "Qrad" YARS qurğusu, 5 ədəd D-30 haubitsa topu, 2 ədəd ZSU-23-4 "Şilka" özüyeriyən zenit qurğusu və döyüş sursatı ilə yüklənmiş 8 avtomobil texnikası məhv edilib. Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə zolağında hərbi qulluqçular və ehtiyatdan çağırılmış hərbi vəzifəlilər arasında kütləvi şəkildə fərarilik halı qeydə alınıb. Ermənistan ordusunun 5-ci dağatıcı alayının müdafiə zolağında mövqe tutan şəxsi heyət arasında xeyli sayda ölən və yaralanan olub. Geri çəkilən düşmən xeyli sayda avtomobil və zirehli texnikanı mövqedə ataraq qaçıb. Bundan başqa, 9-cu motoatıcı alayın müdafiə zolağında artilleriya batareyası məhv edilib.
  • Prezident İlham Əliyev Türkiyənin "A Haber" televiziya kanalına müsahibə verib: "İşğal edilmiş torpaqların hər bir qarışı, hər bir şəhər bizim üçün doğmadır, əzizdir. Mənim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar". Prezident İlham Əliyev bu fikirləri Türkiyənin "A Haber" televiziya kanalına müsahibəsində müxbirin Şuşa ilə bağlı sualına cavabında səsləndirib.
  • Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində sentyabrın 27-dən oktyabrın 16-sı saat 11:00-dək 47 mülki şəxs həlak olub, 222 nəfər xəsarət alıb, 1669 ev, 84 çoxmənzilli yaşayış binası və 301 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.
  • Düşmənin atdığı raket və mərmilərin mülki obyektlərimizə vurduğu ziyanın aradan qaldırılması üzrə tədbirlərin icrasına başlanıb.
  • 27 ildən sonra azad edilmiş Cəbrayıl rayonunun Çaxırlı və Mahmudlu sərhəd zastavalarında Dövlət Sərhəd Xidmətinin Qoşunları tərəfindən xidməti-döyüş fəaliyyətinə başlanılıb. Müdafiə Nazirliyi işğaldan azad olunan Hadrut qəsəbəsindən yeni videogörüntülər yayıb.

"Respublika".