Göyçay Peşə Liseyinin direktor müavininin qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanıb
Digər xəbərlər

Göyçay Peşə Liseyinin direktor müavininin qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanıb

Göyçay Peşə Liseyində baş vermiş qanunsuzluqlarla bağlı Göyçay Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılıb.

Göyçay Rayon Prokurorluğundan AZƏRTAC-a bildiriblər ki, aparılmış ibtidai istintaqla 2000-2021-ci illərdə liseydə inzibati təsərrüfat işləri üzrə direktor müavini işləmiş Fazil Qədirovun 2020-ci ilin yay aylarında onunla Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi arasında bağlanmış əmək müqaviləsinə əsasən, tədris müəssisəsinin əmlakının uçotunu və inventarlaşdırılmasını təşkil etmək, qiymətli malların və materialların qorunub saxlanmasını təmin etmək səlahiyyətlərinə malik tam maddi məsul şəxs olmaqla, liseyin balansında olan ümumilikdə 5600 manat dəyərində əmlakı qulluq mövqeyindən istifadə etməklə mənimsədiyi müəyyən olunub.

İş üzrə toplanmış sübutlar əsasında Fazil Qədirova Cinayət Məcəlləsinin 179.2.3-cü və 179.2.4-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda özgə əmlakını mənimsəmə) maddələri ilə ittiham elan edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

AZƏRTAC