Görülən işlərin nəticəsində məcburi köçkünlərin cəmiyyətə inteqrasiyası təmin edilmiş, Azərbaycan dövlətinə inamı möhkəmlənmişdir
Sosial həyat

Görülən işlərin nəticəsində məcburi köçkünlərin cəmiyyətə inteqrasiyası təmin edilmiş, Azərbaycan dövlətinə inamı möhkəmlənmişdir

1988-ci ildə “Böyük Ermənistan” yaratmaq istəyini həyata keçirməyə başlayan ermənilər, ilk növbədə Qərbi Azərbaycanda yaşayan soydaşlarımızı əzəli torpaqlarımızdan zorla qovdular. Bir qismi öldürüldü, bir qismi Azərbaycana pənah gətirdi, müxtəlif bölgələrdə məskunlaşdılar. Bəzən taleyin sınağı çox acı olur, elə soyqırıma məruz qalmış, Qarabağ bölgəsində müvəqqəti məskunkaşan soydaşlarımız bu bölgənin 20 faizi düşmən tərəfindən zəbt edildikdən sonra həm də məcburi köçkün taleyi yaşamalı oldu. 30 ilə yaxın bir müddətdə Azərbaycan dövləti 1 milyonadək qaçqın və və məcburi köçkününün problemləri ilə üzbəüz qaldı, onları həll etmək üçün yollar axtardı, vətəndaşlarına sahib çıxdı. Nə qədər qayğı ilə əhatə olunsa da bu qəlbi yaralı insanlar bir gün o yerlərə dönəcəklərinə inamlarını, ümidlərini itirmədilər. Dövlət başçısı, Ali Baş Komandanın isə əzəli torpaqlarımıza qayıtmaqla bağlı vədləri bu ümidi daha da artırdı. İndi Böyük Qayıdış başlayıb...

Doğma ocaqlarından didərgin salınmış soydaşlarımızın çətinlikləri, problemləri elə ilk gündən dövlətimizin gündəlik qayğısına çevrilmişdi. Ümummilli lider Heydər Əliyevin ən böyük arzusu zəbt olunmuş torpaqlarımızın işğaldan azad edilməsi idi. O, bunun üçün var-qüvvəsi ilə çalışırdı. Ulu öndər çoxsaylı beynəlxalq və yerli qurumların tədbirlərində mütləq şəkildə bu məsələyə toxunur, onu ölkədə bir nömrəli problem adlandırırdı. Onun rəhbərliyi ilə 1993-2003-cü illərdə bu problemin siyasi yolla həlli istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirildi.

Xalqımızın ümummilli lideri Heydər Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar müxtəlif səviyyələrdə çoxsaylı görüşlər keçirdi, qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı beynəlxalq normalara uyğun tan hüquqi baza yaradıldı, fərman, qərar və sərəncamlar qəbul edildi: “İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir” –deyən xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan uğurlu neft strategiyası öz bəhrəsini verməyə başlayan vaxtdan əldə edilən ilk vəsait məhz qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldildi, çadır düşərgələrinin ləğvinə başlanıldı.

Ulu öndər Heydər Əliyevin siyasi kursuna uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi müntəzəm davam etdirilir.

Prezident İlham Əliyev 2003-cü il oktyabrın 1-də prezident seçkiləri ərəfəsində ilk görüşünü Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə keçirərkən ölkədə bir dənə də olsun çadır düşərgəsinin qalmayacağını bəyan etmişdi. Və Azərbaycanda mövcud olmuş 12 çadır düşərgəsi 2007-ci ilin sonunadək ləğv edildi.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası istiqamətində xeyli işlər görülmüşdür. Ölkə başçısı 2010-cu ildə Qəbələ rayonu ərazisində 155 məcburi köçkün ailəsi üçün tikilmiş iki beşmərtəbəli binanın, Yevlax rayonu ərazisində 612 məcburi köçkün ailəsi üçün tikilmiş çoxmərtəbəli binalardan ibarət məhəllənin, Ağdam rayonu ərazisində 689 məcburi köçkün ailəsi üçün Quzanlı qəsəbəsi yaxınlığında salınmış yeni qəsəbənin açılışında iştirak etmiş, digər bölgələrdə də məcburi köçkünlər üçün yaşayış binaları, fərdi evlər tikilmişdir. Ümumilkidə, 2010-cu ildə 7047 nəfərdən ibarət 1566 məcburi köçkün ailəsi yeni tikilmiş qəsəbələrdə və hündürmərtəbəli binalarda olan mənzillərə köçürülməklə mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır.

2011-ci ildə də bu istiqamətdə işlər davam etdirilmişdir. Belə ki, həmin il dekabrın 24-də Ağcabədi rayonunun Taxtakörpü adlanan ərazisində Laçın rayonundan olan 552 məcburi köçkün ailəsi üçün yeni salınmış qəsəbədə 10 ədəd beşmərtəbəli bina, Bakının Ramanı qəsəbəsində 1 ədəd 80 mənzilli beşmərtəbəli bina, Qazax rayonunda 24 mərtəbəli bina tikilib istifadəyə verilmiş, bir çox bölgələrdə yeni yaşayış binalarının tikintisi üçün torpaq sahələri ayrılmışdır. İl ərzində 2123 ailə, 10615 nəfər məcburi köçkün mənzillə təmin olunmuşdur.

2012-ci ildə Goranboy rayonu ərazisində 525 məcburi köçkün ailəsi üçün 9 ədəd beşmərtəbəli yaşayış binasından ibarət yeni salınmış məhəllənin, Şəki rayonu ərazisində 423 məcburi köçkün ailəsi üçün salınmış qəsəbənin, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsinin ərazisində 1440 məcburi köçkün ailəsi üçün yeni salınmış məhəllənin açılışı olmuşdur. Ümumilikdə il ərzində isə 296 min kvadratmetr sahəsi olan 6 yeni yaşayış kompleksi salınmış, 22.765 nəfərdən ibarət 4.553 məcburi köçkün ailəsi yeni evlərə köçürülmüş, 3300 şagird yerlik 6 məktəb binası inşa edilmişdir.

2013-cü ildə 5.741 ailə və ya 28.700 nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır ki, bu da 2012-ci ilə nisbətən 1.188 ailə və ya 5.935 nəfər çoxdur. İl ərzində 292 min kvadratmetr sahəsi olan 6 yeni yaşayış kompleksi salınmışdır. 2014-cü ilin yanvarında Gəncə şəhərində 1500 məcburi köçkün ailəsi üçün bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə salınmış 25 ədəd beşmərtəbəli yaşayış binasından ibarət yaşayış kompleksinin, avqust ayında Ağdam rayonu ərazisində 632 məcburi köçkün ailəsi üçün yeni salınmış qəsəbənin, noyabr ayında isə Göygöl rayonu ərazisində 600 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbənin açılışı olmuşdur. İl ərzində ümumiyyətlə, 270 min kvadratmetr sahəsi olan 7 yeni yaşayış kompleksi salınmış, 4450 ailə və ya 22 min məcburi köçkün mənzillə təmin edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2015-ci il fevralın 24-də Mingəçevir şəhərində 594 məcburi köçkün ailəsi üçün inşa edilmiş 11 ədəd 9 mərtəbəli və martın 12-də Bərdə rayonu ərazisində 588 məcburi köçkün ailəsi üçün inşa edilmiş 14 ədəd 7 mərtəbəli yeni yaşayış kompleksinin açılışında iştirak edib. 2015-ci ildə məcburi köçkünlər üçün 5 yeni yaşayış kompleksi, qəsəbə və məhəllə salınıb.

Ümumiyyətlə, 2015-ci ildə 2788 məcburi köçkün ailəsinin yeni salınmış yaşayış komplekslərinə, qəsəbə və məhəllələrə köçürülməsi təmin edilmiş və bununla da 15 min nəfər məcburi köçkünün mənzil problemi həll olunmuşdur. 2001-2015-ci illər ərzində qaçqın və məcburi köçkünlər üçün respublikanın 30-dan artıq şəhər və rayonunda Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 2,9 milyon kvadratmetr sahəsi olan 94 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksi salınmışdır.

Dünya Bankı ilə 2016-cı ildə məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, gəlir imkanlarının dəstəklənməsi komponentlərini özündə əks etdirən yeni saziş imzalanmışdır.

Azərbaycan Respublikası Prezidentinin “Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası haqqında” 2017-ci il 24 yanvar tarixli sərəncamına əsasən burada geniş bərpa-quruculuq işləri başlanılmış, 2017-ci il iyulun 3-də birinci mərhələdə 50, ikinci mərhələdə 100 fərdi yaşayış evi tikilib istifadəyə verilmişdir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı əsasında Bakı, Sumqayıt şəhərlərində qəzalı binalarda müvəqqəti məskunlaşmış 4 min məcburi köçkün ailəsinin köçürülməsinə start verilmiş, Qaradağ rayonunda 1026 məcburi köçkün ailəsi üçün inşa edilən “Ümid Yaşayış Kompleksi”nin təməli qoyulmuş, həmçinin, Abşeron rayonunun Masazır və Mehdiabad qəsəbələrində Heydər Əliyev Fondu tərəfindən alınmış 210 mənzili məcburi köçkün ailələrinə təqdim etmişdir. Eyni zamanda, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Sabunçu rayonunun Ramanı və Abşeron rayonunun Masazır qəsəbələrində yeni inşa olunmuş 260 mənzilli 4 binada mənzillərin təqdim edilməsi mərasimində də iştirak etmişdir. Beləliklə, 2017-ci ildə 2378 ailə və ya 12 min məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır.

2018-ci il mayın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış 1.026 ailəlik müasir tipli “Qobu Park” yaşayış kompleksinin açılışında şəxsən iştirak etmişlər.

2018-ci il dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Abşeron rayonu ərazisində məcburi köçkünlər üçün ilk inşa edilmiş 1.001 mənzilli, zəruri infrastrukrturlarla təmin edilmiş hündürmərtəbəli binalardan ibarət yaşayış kompleksinin açılışında da olublar. Ümumiyyətlə, 2018-ci ildə 5.923 məcburi köçkün ailəsi yeni mənzillərlə təmin edilib.

2019-cu ilin aprel ayından başlayaraq Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində 180 mənzilli, Pirallahı rayonu, Pirallahı qəsəbəsində 306 mənzilli, Qaradağ rayonu, Lökbatan qəsəbəsində 1300 mənzilli bina, 146 fərdi yaşayış evi, Şirvan şəhərində 685 mənzilli, Göyçay rayonu ərazisində 80 mənzilli, Kürdəmir rayonu ərazisində 564 mənzilli, Ucar rayonu ərazisində 250 mənzilli, Göygöl rayonu ərazisində isə 130 mənzilli bina inşa edilib.

2020-ci ilin ilk aylarında, Ağcabədi rayonu Taxtakörpü qəsəbəsində 645, Füzuli rayonu ərazisində 95 fərdi yaşayış evindən ibarət yeni qəsəbə də məcburi köçkünlərin istifadəsinə verilmişdir.

Ötən illər ərzində məcburi köçkün vətəndaşlarımızın rifah halının yaxşılaşdırılması və üzləşdikləri problemlərin aradan qaldırılması istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son 17 il ərzində böyük işlər görülmüş, rahat yaşayış kompleksləri, qəsəbələr salınmış, irimiqyaslı müasir tələblərə cavab verən layihələr icra olunmuşdur. Görülən işlərin nəticəsində məcburi köçkün soydaşlarımızın cəmiyyətə inteqrasiyası təmin edilmiş, onların Azərbaycan dövlətinə və Azərbaycan hökumətinə inamı möhkəmlənmişdir.

Ölkə başçısı daha bir vədini yerinə yetirdi. Torpaqlarımız işğaldan azad edildi. İndi qarşımızda o torpaqlarda əvvəlki həyatı bərpa etmək kimi vəzifə durur. Yurd-yuvasından didərgin düşmüş soydaşlarımızın doğma yerlərə qayıdacağı günə isə az qalır!..

Zümrüd QURBANQIZI,

“Respublika”.