Gizlədilmiş niyyətlər, həqiqətlər
Siyasət

Gizlədilmiş niyyətlər, həqiqətlər

Ermənilər tarixi saxtalaşdırmaq, başqalarının mədəniyyətini, musiqisini, məişət ənənələrini, mətbəxini oğurlamaqda xüsusi "istedada" malikdirlər. İki yüz il bundan əvvəl Azərbaycana köçürülən ermənilər odlar yurdunda məskunlaşan kimi Vətən qurmaq sevdasına düşdülər, ürəyi təmiz, qonaqpərvər azərbaycanlıların səmimiyyətindən və mərdliyindən sui-istifadə edərək hiyləgərliklə alçaq və xəbis niyyətlərini gizli şəkildə həyata keçirməyə başladılar. Torpağında yaşadıqları, çörəyini yedikləri azərbaycanlılara qarşı etdikləri xəyanəti, deportasiyanı, soyqırımını və işğalı pərdələyən yalanları yayaraq dünyada məzlum xalq obrazı yaratdılar və apardıqları siyasətdə erməni "əxlaq"ını başa keçirdilər.

Tarixi mənbələrdə yazılıb ki, Qərbi Azərbaycanın Rusiyanın əlinə keçməsindən sonra ermənilərin bu bölgəyə köçürülməsinə başlanılıb. 1828-1829-cu il Türkmənçay və Ədirnə müqavilələrindən sonra ermənilərin Azərbaycana aid torpaqlara köçürülməsi daha da sürətləndi. Türkmənçay müqaviləsindən sonra Cənubi Azərbaycandan, Marağadan 200 erməni ailəsi Qarabağa köçürülüb. Bu barədə 1978-ci ildə Tərtər rayonunun Marquşavan kəndində ermənilər Azərbaycana ilk köçürülmələrinin 150 illiyi ilə əlaqədar obelisk ucaltmışdılar. Həmin obelisk 1991-ci ildə ermənilər tərəfindən dağıdılsa da onun qalıqları hələ də qalır. Ermənilər çox həqiqətləri gizlədib, xəyanətlərini, soyqırımlarını, işğallarını, azərbaycanlıların tarixi torpaqlarından deportasiyasını pərdələyən yalanları dünyaya yayıb, bəzən o yalanları qəbul etdirməyə nail olublar. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev 2007-ci il martın 9-da Bakı şəhərində keçirilən Azərbaycan və türk diaspor təşkilat rəhbərlərinin birinci forumundakı çıxışında deyib: "Bir çox hallarda xarici ölkələrin onlar (ermənilər) tərəfindən pulla, rüşvətlə ələ alınmış riyakar siyasətçiləri onların səsinə səs verirlər. Bu, ədalətsizliyin zirvəsidir. Bu, mənəviyyatsızlığın zirvəsidir". Azərbaycan torpaqlarında təbii sərvətlərin ermənilər tərəfindən talan edilməsinə qarşı başlanan etiraz aksiyasına "blokada", "humanitar fəlakət" donu geyindirməyə cəhd edən Fransa, İran və digərləri ermənilərin əlində oyuncağa çevrildiklərinin fərqində deyillər.

1948-1953-cü illərdə azərbaycanlıların Ermənistandan deportasiyası miqyasına və erməni vəhşiliyinə görə çox böyük bir faciədir. Daha doğrusu, başqa ad altında gizlədilmiş həqiqətlərdir. 1947-ci il dekabr ayının 23-də SSRİ Nazirlər Soveti "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" qərar çıxarır. Kağız üzərində belə yazılsa da bu, əslində, ermənilərin yerli azərbaycanlılara qarşı törətdiyi deportasiyadır, zorla, işgəncə ilə onların köçürülməsidir. İlk mərhələdə ermənilərin xüsusilə diqqət mərkəzində saxladıqları məsələ iqtisadi, sosial və mənəvi cəhətdən güclü, strateji əhəmiyyətli azərbaycanlı yaşayış məntəqələrinin boşaldılması idi. Bu səbəbdən İrəvan şəhəri yaxınlığındakı yaşayış məntəqələri azərbaycanlılardan təmizləndi, sonra isə rayon mərkəzləri, ətraf kənd və qəsəbələrin əhalisi zorla, təzyiq altında köçürüldü. Ən ağrılısı isə deportasiyaya məruz qalan əhalinin bir hissəsinin Ermənistanın dağ rayonlarında yaşadığı üçün Kür-Araz ovalığındakı iqlim şəraitinə çətin alışması idi. Bu səbəbdən də Kür-Araz ovalığına köçürülmüş on minlərlə azərbaycanlı arasında kütləvi ölüm halları qeydə alındı. Bütün cəhdlərə baxmayaraq, Ermənistandan deportasiya edilən azərbaycanlı ailələri keçmiş Dağlıq Qarabağın ərazisinə buraxılmayıb, əksinə, daxili köçürmə adı altında 1949-cu ildə oradan 132 ailə keçmiş Xanlar rayonuna köçürülüb. Səssiz işğalı davam etdirən ermənilər azərbaycanlıların 1988-1989-cu illərdə Ermənistandan deportasiyası zamanı ən ağır cinayətlər törədiblər, dinc insanları əzab və işgəncə ilə öldürüblər.

Tarixi faktlar sübut edir ki, etnik təmizləmə nəticəsində Ermənistanın azərbaycanlılar yaşayan 185 yaşayış məntəqəsi boşaldılıb, 250 mindən artıq azərbaycanlı və 18 min kürd öz ev-eşiyindən zorla qovulub, 217 azərbaycanlı ermənilər tərəfindən vəhşiliklə qətlə yetirilib.

Ötən ilin axırında Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə xalqımızın üzləşdiyi deportasiya və faciələr haqqında deyib: "Nəhayət 1980-ci illərin sonlarında sovet hökuməti xalqımıza qarşı növbəti cinayət törətdi. Bu dəfə Ulu Öndər Heydər Əliyevin hakimiyyətdən getməsindən istifadə edən həm erməni millətçiləri, həm onların sovet hökumətindəki havadarları dərhal hərəkətə keçdilər. Heydər Əliyev 1987-ci ilin noyabrında bütün vəzifələrdən uzaqlaşdırılandan iki həftə sonra erməni millətçiləri baş qaldırdılar. Sovet hökuməti onlara dəstək oldu və həm Qarabağda, həm ovaxtkı Ermənistan Respublikasında xalqımıza qarşı növbəti cinayət başlandı. Azərbaycanlılar tarixi diyarı olan Qərbi Azərbaycandan deportasiya edildi və biz bu tarixi yaxşı bilirik, xatırlayırıq və azərbaycanlıların yaşadıqları o məntəqələrin sayını da yaxşı bilirik - 170-dən çox kənddə ancaq azərbaycanlılar yaşayırdılar. Mən ovaxtkı Ermənistanı nəzərdə tuturam, Ermənistan Respublikasını nəzərdə tuturam, 90-a yaxın kənddə azərbaycanlılar əksəriyyət təşkil edirdilər və bütövlükdə 300-dən çox şəhər və kənddə azərbaycanlılar yaşamışlar. Onların hamısı 3 il ərzində Ermənistandan zorla çıxarıldı, qovuldu, bir çoxları öldürüldü, onlara işgəncələr verildi. Bütün bu cinayətlər sovet hökumətinin gözünün önündə baş vermişdi. Sonuncu kəndimiz Nüvədi 1991-ci ilin avqustunda deportasiyaya məruz qaldı. O da azmış kimi, Qarabağda da xalqımıza qarşı cinayət törədildi".

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi Ermənistanın işğalına son qoydu, torpaqlarımız qəsbkarlardan azad edildi, bütün dünyanın gözü qarşısında əsgər və zabitlərimiz mümkün olmayanı mümkün etdi, qədim qalamız Şuşaya üçrəngli bayrağımızı sancdılar, düşmən ordusunu məhv etdilər. Ermənistan məğlub edildikdən sonra Rusiyanın vasitəçiliyi ilə üçtərəfli Bəyanat imzalandı. Ermənistan həmin Bəyanatı yerinə yetirməkdən yayınsa da dövlətimizin başçısı İlham Əliyev Yeni il müraciətində yenidən qəti mövqeyini bildirdi ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün bütün şərtlər təmin edildi və Azərbaycan tərəfindən təklif olunmuş məlum beş prinsip əsasında sülh müqaviləsi imzalana bilər. Başqa bir məqam həmin müraciətdə Zəngəzur dəhlizi ilə bağlıdır və daha aydın şəkildə vurğulanır ki, Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəsə də, istəməsə də. Biz ortaya güclü iradə qoymuşuq, bütün işlər plan üzrə gedir. Bizim tələbimiz əsaslıdır və ədalətlidir. Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə bizim bağlantımız olmalıdır və olacaqdır.

Salman ALIOĞLU,

"Respublika".