Vətənpərvərlik və mükəmməl idarəçilik örnəyi
Siyasət

Vətənpərvərlik və mükəmməl idarəçilik örnəyi

Azərbaycanın uğurlu inkişafı və gələcəyi etibarlı əllərdədir

Cənubi Qafqaz kimi əsrlər boyu hərbi-siyasi qaynar nöqtə hesab edilən regionda Azərbaycanın lider statusu daşıması hər bir soydaşımızın qürur mənbəyidir. Bu uğur yolu 1990-cı illərdə  müstəqilliyini bərpa etmiş, siyasi hərc-mərclik içində boğulan dövlətin sonrakı illər ərzində inkişafını bariz şəkildə göstərir. Çevriliş cəhdlərindən, xarici qüvvələrin ərazilərimizdəki hegemonluğundan və ən əsası erməni təcavüzündən xilas olmağın yeganə yolu isə qətiyyətli və uğurlu idarəçilikdən keçirdi.

Neft və qaz  amili önəmli enerji mənbəyi olmaqla yanaşı, dünyada baş vermiş qanlı hadisələrin əsas səbəblərindəndir. Qlobal oyunçuların bu gücü əldə etmək üçün törətdikləri cinayətlər günümüzdə də davam etməkdədir.  Neft və təbii qaz amili xüsusilə XIX əsrin sonlarından etibarən ölkələr arasında rəqabətə, müharibə və qarşıdurmalara səbəb olmuşdur. XIX əsrin sonu, XX əsrin əvvəllərində çar Rusiyası ilə Britaniya imperiyası arasında gedən geosiyasi mübarizədə Mərkəzi Asiya nefti də həlledici rol oynayırdı. Osmanlı imperiyasının da qismən qoşulduğu bu rəqabət ingilis yazıçı və şairi Redyard Kiplinqin 1901-ci ildə qələmə aldığı "Kim" romanında "Böyük oyun" kimi təsvir edilmişdi. Bununla yanaşı, Livan və Əfqanıstan da neft və qazla zəngindir. Bəs onlar bu "güc"ü öz xeyirlərinə istifadə edə bilmişdirlərmi? Xeyr. Onlar kimi digər enerji resursları ilə zəngin dövlətlər də var ki, yad qüvvələr onların sərvətlərini talayırlar. Buna "dur" demək iqtidarında olmayan sözügedən dövlətlər öz taleləri ilə barışmışlar.

Bu gün Azərbaycan Cənubi Qafqazda öz ərazi bütövlüyünü bərpa etmiş suveren dövlətdirsə, bu, ölkə başçımızın sayəsində mümkün olmuşdur. Prosesləri nəzər alaraq qeyd etməliyik ki, zəngin potensialın olması güclü dövləti formalaşdırıb onu ərsəyə gətirə bilməz. Potensial bir vasitədir. Bu vasitəni isə yalnız güclü və müdrik liderlər doğru amala kökləyə və öz xalqının rifahı üçün istifadə edə bilərlər. 

"Əsrin müqaviləsi"nin imzalanması çiçəklənən Azərbaycanın iqtisadi azadlığını formalaşdırmışdır. Azərbaycan enerjisinin dünyaya nəqlinin qazandıracağı nailiyyətlər illər keçdikcə daha aydın oldu. Lakin qüdrətli Azərbaycan dövlətinin bugünkü uğurlarını bütövlüklə enerjidən əldə edilən dividendlərin hesabına yazmaq gerçəklikdən bir xeyli uzaqdır. Xüsusilə, Prezident İlham Əliyevin 20 ildə Azərbaycanın qeyri-neft sektoruna göstərdiyi diqqət və qayğı bunu deməyə əsas verir ki, inkşafın və uğurun qapısı təkcə enerji sektoru deyil. Bu, beynəlxalq zəmində tətbiq edilən bir sistemdir ki, enerjidən əldə edilən gəlir digər sektorlara yatırılsın, ölkədəki bütün vacib strukturlar inkişaf etdirilsin. Məhz Azərbaycanın bu model əsasında inkişafı ölkə başçımızın zərgər dəqiqliyi ilə düşünülmüş xarici və daxili siyasətinin nəticəsidir. Qeyd edək ki, respublikamızda müxtəlif təyinatlı infrastruktur obyektləri bir qayda olaraq, dövlət əsaslı vəsait qoyuluşu hesabına reallaşdırılır. İnvestorlar böyük həcmlərdə maliyyə vəsaiti hesabına ərsəyə gələn bu yüksək səviyyəli infrastrukturdan bəhrələnərək müxtəlif istiqamətlərə investisiyalar yönəldirlər.

Xatırladaq ki, dövlətimizin başçısının "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in təsdiq edilməsi ilə bağlı 2021-ci il fevralın 2-də müvafiq sərəncam imzalaması deyilənlərin təsdiqidir. Belə ki, bu addımla - iqtisadi inkişafda keyfiyyətcə yeni bir mərhələnin əsası qoyuldu və həmin vaxtdan qeyri-neft  sektorunun yeni inkişafın yol xəritəsi cızıldı. Milli prioritetlərdə davamlı və yüksək iqtisadi artıma nail olunması, həmçinin bu məsələdə daxili və xarici təsirlərin azaldılması qarşıya mühüm vəzifə kimi qoyulub.

Dövlət başçısı "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın təsdiq edilməsi haqqında 22 iyul 2022-ci il tarixli sərəncamı da nəzərdə tutulan Milli prioritetlərin gerçəkləşdirilməsini təmin etmək məqsədilə imzalayıb. Ölkə rəhbəri mühüm önəm daşıyan və 5 illik bir dövrü əhatə edən bu sənədlə planlaşdırılan müəyyən layihələrin əlaqələndirilməsini, reallaşdırılmasına nəzarəti və hesabatlılığını həyata keçirməyi qarşıya mühüm vəzifə kimi qoyub. Qeyd etmək yerinə düşər ki, Beynəlxalq Valyuta Fondunun 2021-ci il üzrə "Dünyanın iqtisadi məzənnəsi" adlı hesabatında göstərilib ki, 2022-ci ildə ÜDM 2021-ci ilə nisbətən 4,6 faiz artaraq 133 milyard 825,8 milyon manat, qeyri-neft-qaz sektorunda isə 9,1 faiz artaraq 69 milyard 826 milyon manat təşkil edib. Dünya Bankının 2023-cü il üçün "Qlobal İqtisadi Perspektivlər" hesabatına əsasən, Azərbaycan üzrə verilən proqnozlarda real ÜDM-in artım tempi müsbət olaraq qalır. 2023-cü ildə Azərbaycan iqtisadiyyatında artım dünya ilə müqayisədə 1.1 faiz, ECA (Avropa və Mərkəzi Asiya)  regionu ilə müqayisədə isə 2.7 faiz daha yüksək olacaq. Bütün bunlar artıq Azərbaycanın orta yüksək gəlirli statuslu ölkələr sırasında olmasından xəbər verir. Bununla yanaşı, göstəricilərə əsasən Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə 2,2 faiz, il ərzində isə 29,7 faiz artıb.

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının qurultayında ifadə etdiyi fikirlər Azərbaycanın inkişafı strategiyasının ana xəttini müəyyənləşdirir: "Bu gün Azərbaycan həm iqtisadi, həm də siyasi cəhətdən, sözün əsl mənasında, müstəqil dövlətdir. Biz öz müstəqilliyimizi möhkəmləndirməliyik. Bizim amalımız qüdrətli Azərbaycandır, müasirlikdir, inkişafdır, sosial rifahdır... Demokratiyanın inkişafı bizim üçün əsas vəzifədir. Bu gün Azərbaycan demokratiyanın inkişafına görə heç kimdən geri qalmır...".

Azərbaycanın uğurlu inkişafı və parlaq gələcəyi etibarlı əllərdədir.  Xalqın öz liderinə sonsuz inamı bu amili hər keçən gün daha da gücləndirir.

Nurlan ABDALOV,

"Respublika".