Geniş çöllərdən eşidilən bərəkət nəğməsi
Region

Geniş çöllərdən eşidilən bərəkət nəğməsi

İlin altı ayından sonra həmişə baş tutan ənənəvi görüşümüz bu dəfə yubanırdı.  Buna səbəb müsahibim, Cəbrayıl Rayon Aqrar İnkişaf Mərkəzinin direktoru Şahin Şirinovun tez-tez işğaldan azad olunan torpaqlarımızda mütəxəssislərlə birlikdə keçirdiyi görüşlər idi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharəti, şanlı Ordumuzun yüksək döyüş qabiliyyəti sayəsində işğaldan azad olunmuş torpaqlarımızda aparılan monitorinqlər, torpaqların aqrar inkişaf parametrlərini müəyyən etmək üçün keçirilən məsləhətləşmələr indi günün ən aktual məsələsidir. Təbii ki, bu tədbirlərdə uzun illər həmin ərazilərdə işləmiş, doğma yurd yerlərinin,  torpaqların bütün incəliklərinə bələd olan mütəxəssislərin cəlb olunması daha effektlidir. Şahin Şirinov aqrar sahənin bilicisi, Cəbrayıl rayonunda yetişmiş kadr kimi indi bu tədbirlərə tez-tez dəvət alan daha böyük məsuliyyət sahibidir. Gec baş tutan görüşümüzdə özü də işin çoxluğundan danışdı. Amma yorğunluq müşahidə olunan əhvalında öz sevinc hissini də büruzə verirdi; “kabinetdə otura bilmirəm, elə bil adamı o torpaqlar səsləyib çağırır. Doğma çöllərdən sanki adam səs eşidir, musiqiyə, nəğməyə bənzəyən səs”. . .

Müvəqqəti olaraq Biləsuvar ərazisində məskunlaşan Cəbrayıl sakinləri Şahin müəllimin dediyi kimi hazırda doğma torpaqlara qayıdacaqları günün həsrəti ilə yaşayırlar.  Bu ilin ötən aylarında aqrar sahədə əldə etdikləri nailiyyətləri də o xoşbəxt qayıdış günlərinin yaratdığı sevinc hisslərinin nəticəsi kimi qiymətləndirmək olar. Şahin Şirinov deyir:

“Cəbrayıl Dövlət Aqrar İnkişaf Mərkəzi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və birbaşa dəstəyi nəticəsində ölkənin aqrar sektorunda dayanıqlı və dinamik inkişafı təmin edilmiş,  rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunun formalaşması üçün əlverişli mühit yaradılmışdır.  Məhz belə dəstəyin nəticəsidir ki,  cari ildə ölkədə aqrar sektorda nəzərəçarpacaq inkişafa nail olunmuş,  kənd təsərrüfatı məhsullarının ixracı xeyli artmış,  ölkədə etibarlı ərzaq təhlükəsizliyinin dayanıqlılığı təmin edilmiş,  ümumdaxili məhsul buraxılışında aqrar sektorun payı xeyli yüksəlmişdir.  

Respublikamızın əldə etdiyi belə nailiyyətlərdə Cəbrayıl rayonunun da  payı vardır.  Belə ki,  1993-cü ilin 23 avqustunda rayon ərazisi erməni hərbi birləşmələri tərəfindən işğal edildiyindən əhali  respublikamızın 50-dən çox şəhər və rayonunun ərazisində məskunlaşmaq məcburiyyətində qalmışdır. Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və məşğulluğunun təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 may 2002-ci il tarixli 700 nömrəli Fərmanına və 01 iyul 2004-cü il tarixli 298 nömrəli sərəncamı ilə təsdiq edilmiş Dövlət Proqramına əsasən Biləsuvar rayonu ərazisində məskunlaşmış 2598 ailənin hər birinə  bərabər qaydada olmaqla müvəqqəti istifadə üçün 0, 59 hektar,  1858 ailənin hər birinə isə 0, 40 hektar əkin üçün torpaq sahəsi verilmişdir.  Bununla yanaşı məcburi köçkünlərin şəxsi vəsaitləri hesabına ətraf ərazilərdəki torpaqların əkinəyararlı hala salınması,  uzunmüddətli icarəyə götürülmüş torpaqlar,  eləcə də rayonun işğaldan azad edilmiş ərazilərində aparılmış əkinlər hesabına əkin sahələri xeyli genişləndirilmiş,  həmin torpaqlarda  cari ilin məhsulu üçün 5590 hektar payızlıq taxıl,  126, 0  hektar  müxtəlif yazlıq bitkilər,  1371  hektar yem bitkiləri  (o cümlədən yonca),  100, 2 hektar təkrar Cari ildə qarğıdalı əkilmişdir.

Cari ildə rayon üzrə bütün əkin sahələrində aqrotexniki tədbirlər uğurla həyata keçirilmiş,  fermerlərə DAİM-in mütəxəssisləri və Nazirliyin rayon tabeli qurumları tərəfindən vaxtaşırı maarifləndirici seminarlar vasitəsilə dəstək göstərilmişdir.  Aparılmış tədbirlərin nəticəsidir ki,  bu il sahələrdən  16373 ton taxıl,  550 ton kartof,  288, 0  ton tərəvəz yığılmışdır.  Taxılın məhsuldarlığı 29, 3 sentner,  kartofda 171, 9 sentner olmuşdur.  Hazırda tərəvəz yığımı davam edir.

Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2017-ci il tarixli 3406 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üzrə Dövlət Proqramının icrası istiqamətində də işlər davam etdirilmişdir. Bu məqsədlə 2016-2020-ci illərdə rayona Çin Xalq Respublikasından 67,5 min ədəd,  daxili istehsaldan isə 79, 4 min ədəd olmaqla ümumilikdə 146, 9  min ədəd tut tingi verilmiş və 200 nəfərdən çox  istehsalçı arasında paylanılaraq becərilməsi davam etdirilmişdir.  Hazırda   yeni tut tinglərinin əkini hesabına tut bağlarının sahəsi 27 hektara çatdırılmışdır.  Cari ildə rayon üzrə 86 baramaçı tərəfindən 5610 kiloqram barama istehsal edilmiş, proqnoz 112,2 faiz icra olunmuşdur.  Ümumilikdə, istehsalçıların ailə büdcələrinə 1 ay ərzində bu sahədən 50, 5 min manat vəsait daxil olmuşdur.  

Cari ildə kənd təsərrüfatı məhsullarının artırılmasında mineral gübrələrin üstünlükləri barədə fermerlərlə maarifləndirici söhbətlər daha da genişləndirilmiş,  gübrələrdən istifadənin təşviqi istiqamətində qabaqcıl fermerlərin nəticələri barədə əsaslandırılmış işgüzar görüşlərin sayı artırılmışdır.  Artıq fermerlərdə bu sahəyə maraq xeyli gücləndirilmişdir. Cari ildə payızlıq taxıl sahələrinə əsas şum altına verilən gübrələr də nəzərə alınmaqla fermerlər tərəfindən mineral gübrələrdən istifadə xeyli artırılmışdır.

Əhalinin heyvandarlıq məhsullarına tələbatının daxili istehsal hesabına ödənilməsini daha da yaxşılaşdırmaq,  bu məhsullar üzrə ehtiyacların idxaldan asılılığını minimuma endirmək istiqamətində də  işlər davam etdirilmişdir.  Cari ildə  rayonda iribuynuzlu heyvanların sayı 10987 baş,  xırdabuynuzluların sayı 110, 4 min baş olmuşdur.  Bu ilin ötən aylarında  rayon üzrə süd istehsalı 4428 ton,  ət istehsalı diri çəkidə 1036 ton,  kəsilmiş çəkidə 549 ton,  yumurta istehsalı  2845 min ədəd,  yun istehsalı 168 ton olmuşdur.  Ümumilikdə, ötən ilin müvafiq dövrü ilə müqayisədə süd istehsalında 1,9 faiz,  ət istehsalında 2,2  faiz,  yumurta istehsalında 4, 0 faiz,  yun istehsalında 2, 4 faiz artm olmuşdur.

İribuynuzlu heyvanların cins tərkibini yaxşılaşdırmaq və məhsuldarlıq göstəricilərini daha da yüksəltmək məqsədilə cari ilin 6 ayında 583 baş inək və düyədə süni mayalanma aparılmış. Süni mayalanma nəticəsində 297 baş buzov alınmışdır.  Bu sahənin stimullaşdırılması məqsədi ilə Nazirlər Kabinetinin 2015-ci il 24 dekabr tarixli qərarına əsasən süni mayalanma yolu ilə alınmış hər buzova görə istehsalçılara  100 manat subsidiya verilməsi təmin edilir.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” 5 mart 2018-ci il tarixli 3747 nömrəli sərəncamının icrası məqsədilə Nazirlər Kabinetinin 18 sentyabr 2018-ci il tarixli qərarına əsasən rayon üzrə arıçılıqla məşğul olan ailələrlə ətraflı maarifləndirici tədbirlər davam etdirilmiş,  rayon üzrə 2021-ci ilin 6 ayında 105 nəfər  tərəfindən 1391  arı ailəsinin saxlanıldığı müəyyənləşdirilmiş və Nazirlər Kabinetinin 05 avqust 2009-cu il tarixli Qərarına uyğun olaraq arı ailələrinin uçota alınması başa çatdırılmışdır. Arı ailələri üçün subsidiyanın verilməsinə başlanılmışdır.

Cari ilin müvafiq dövründə rayon üzrə kənd təsərrüfatı sahəsində ümumdaxili məhsul buraxılışının həcmi 15, 6 milyon manat olmuşdur. Rayon üzrə ümumdaxili məhsul buraxılışında aqrar sektorun payı 62 faizdən çox olmuşdur”.

Şahin Şirinov 2016-cı ildə işğaldan azad olunmuş Cocuq Mərcanlıda fermerlərin əldə etdiyi nailiyyətlərdən danışır, İkinci Vətən müharibəsində düşmən tapdağından xilas edilmiş ərazilərdə torpaqların yaxın gələcəkdə əkinəyararlı hala gətirilməsi istiqamətində genişmiqyaslı tədbirlərin həyata keçirilməsindən söz açır. Mən isə sadalanan bu rəqəmlərdən, görülən işlərin siyahısından sonra Cəbrayıl torpağından gələn səsin ünvanını tapıram; “Geniş çöllərdən eşidilən bərəkət nəğməsi”. . .

                              Tofiq HÜSEYN,

                             “Respublika”.