Gələcəyin astanasında
Region

Gələcəyin astanasında

Şirvan Şəhər İcra Hakimiyyətinin akt zalında 2020-2021-ci tədris ilində 600-dən yuxarı bal toplayıb tələbə adını qazanan məzunlarla görüş keçirilib.

Tədbir iştirakçıları ilk olaraq mərkəzi meydanda yerləşən ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyub, ulu öndərin xatirəsini ehtiramla yad etdilər.

Görüşdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov ötən tədris ilini uğurla başa vurub, tələbə adını qazanan məzunları, onların müəllimlərini və valideynlərini təbrik etdi. Təhsil alacaqları ali məktəbləri də yüksək nəticələrlə bitirib, müstəqil dövlətimizə ləyaqətlə xidmət etmələrini arzuladı. Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun 44 günlük Vətən Müharibəsində qələbəni təmin edən, qəhrəman şəhidlərin yetişməkdə olan gənc nəslə nümunə olduğunu vurğuladı.

Vətən Müharibəsində həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ruhlarına dualar oxundu.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov ulu öndər Heydər Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğının möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini, təhsilin ölkəmizdə prioritet sahə olduğunu qeyd etdi. Bildirdi ki, son illər ölkəmizdə 3500-dən çox məktəb yenidən tikilib və ya əsaslı təmir edilib. Şirvan şəhərində də 3, 5 və 21 nömrəli məktəblərin yeni binaları inşa edilib, 4, 9,10, 11, 16 nömrəli məktəblər əsaslı təmir edilib, yeni uşaq bağçası istifadəyə verilib. Təhsilin maddi-texniki bazası möhkəmləndirilib. Görülən işlər, həyata keçirilən tədbirlər nəticəsində müəllimlərin iş şəraiti yaxşılaşıb, şagirdlərin hazırlıq səviyyəsi yüksəlib.

Milli Məclisin üzvü İltizam Yusifov gənclərə öz tövsiyəsini verdi. Şirvan Şəhər Təhsil Şöbəsinin müdiri Rövşən Allahverdiyev 2020-2021-ci tədris ilində şəhər üzrə qazanılan uğurlar və qarşıda duran vəzifələr barədə geniş məlumat verdi. Vətən Müharibəsində iştirak edən təhsil işçilərindən, istedadlı şagirdlərin üzə çıxarılmasından, həyata keçirilən layihələrdən  danışıb, əldə olunan uğurların bundan sonra da davam etdiriləcəyini bildirdi. 16 nömrəli tam orta məktəbin müəllimi Aygün Səmədova, valideyn İlhamə Ağakişiyeva, 1 nömrəli tam orta məktəbi gümüş medalla bitirən Samirə Quliyeva ölkəmizdə, o cümlədən Şirvan şəhərində təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham  Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildirdilər.

Sonda Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 2020-2021-ci tədris ilində yüksək nəticələr əldə etdiklərinə görə bir qrup müəllimə şəhər İcra Hakimiyyəti başçısının Fəxri fərmanını təqdim etdi. 600-dən yuxarı bal toplayıb, tələbə adını qazanan 25 nəfər məzuna, Respublika Fənn Olimpiadasının, fənn müsabiqələrinin qaliblərinə mükafatlar və qiymətli hədiyyələr təqdim edildi.

T.YADULLAOĞLU,

“Respublika”.