Sevincli günlərimiz bir-birini əvəz edir
Region

Sevincli günlərimiz bir-birini əvəz edir

Bu, Zəngilan rayonunun Ağalı kəndində yaşayan xanımların ürək sözləridir

Ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə dövlətin hərtərəfli qayğısını hiss etmişik və bu gün Ümummilli Liderin siyasi kursunun uğurla davam etdirilməsi bizi sevindirir.

Ermənistan silahlı qüvvələri tərəfindən torpaqlarımızın 20 faizi, o cümlədən Zəngilan rayonu da işğal olunanda harada və necə yaşayacağımızı bilmirdik. Bir müddət Bakıda tələbə yataqxanalarında sığınacaq tapdıq. Sonra isə qaçqınlara göstərilən dövlət qayğısı yaşamaq eşqimizi artırdı və  "Qobu Park" yaşayış kompleksində tikilən evlərdən bizə mənzil verildi. Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə formalaşan güclü ordumuz "Dəmir yumruq" sayəsində əzəli düşmənimizə gücünü göstərərək onun qanunsuz ordusunu məhv edib bizləri sevindirdi. Beləliklə, 44 günlük İkinci Qarabağ müharibəsi qələbəmizlə yekunlaşmaqla torpaqlarımızı bizə qaytardı. Həmin gün dünyanın ən xoşbəxt qadını oldum. 30 il düşmən əsarətində darmadağın edilən yurdumuzda dərhal quruculuq işlərinə başlanılması sevinc hissimizi daha da artırdı. Kəndimizin "ağıllı kənd" layihəsi çərçivəsində tikintisinin təməli qoyulanda sevincimin həddi-hüdudu olmadı. Quruculuq işləri ilə bağlı hər yeni xəbər hərbi qələbəmiz kimi sevincimizi yüksəltdi.

Prezident İlham Əliyevin kəndimizdə gedən tikinti işləri ilə yerində tanışlığını televiziya kanallarında izləyəndə keçirdiyim sevinc hissini sözlə ifadə etmək mümkün deyil. Çünki bir qadın kimi bu hissi ancaq yaşayanlar bilər.

Böyük Qayıdışın Zəngilan rayonunun Ağalı kəndindən başlanmasını biləndə hamı kimi, mən də qol qaldırıb oynamaq istədim. Çünki kəndimizin daşı, yolu, cığırı, çayı, ağacları, suyu kimi, havası da mənə doğma idi. İnana bilməzdim ki, 1993-cü ildən xəyallarımda yaşatdığım və yuxularda gördüyüm yurdumuza bir də qayıda bilərəm.

Yaşayış şəraitinə görə dünyada tanınan kəndimizə qayıdanda 30 il əvvəl ağlaya-ağlaya getdiyim yollara indi qürur hissi ilə baxırdım.  Kəndimizin havasını udanda düşmənin aramsız hərbi təcavüzlərinə məruz qaldığı, işğal edildiyi və qaçqınlıq dövründə yaşadığım bütün ağrıları unutdum. Sevincdən göz yaşlarımızı saxlaya bilmirdim. Bir anlığa ətrafıma göz gəzdirdim, bütün qadınlar sevinc göz yaşları içindəydi.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə kəndimizdə görüşümüz isə mənə daha bir sevinc bəxş etdi. Son dərəcə səmimi şəraitdə keçən görüşü ömrü boyu unutmayacağam.

Yurda qayıdan andan hər günümüz toy-bayramla qeyd olunur. Növbədənkənar prezident seçkiləri də bizi sevindirdi. Seçki günü səsvermə başlayan andan seçki məntəqələrində növbəyə dayananları görmək bizlərə ayrı bir sevinc hissi yaşatdı. 

Kəndimizdə çalınan ilk toy da sevincimizə sevinc qatdı. Toyun sədaları respublikamızın bütün əraziləri kimi, xarici ölkələrə də yayıldı. 

Zəngilan rayonunun Ağalı kəndində yaşayan hər bir qadın dövlətimizin qayğısını hiss edir, yaşadığı sevincli günlərin əbədi olacağının əminliyini bildirir və quruculuq işlərində fəal iştirak edir.

Minayə MAHMUDOVA,

Şərqi Zəngəzur 1 saylı bərpa-tikinti

idarəsinin baş mütəxəssisi,

Zəngilan rayonu, Ağalı kəndi.